Ağac
Bu yazıda second brain (ikinci beyin) və digital garden(virtual bağça) ideyalarından başa düşdüklərimi sintezləyib bir yazı halına salıram…
Bu yazıda second brain (ikinci beyin) və digital garden(virtual bağça) ideyalarından başa düşdüklərimi sintezləyib bir yazı halına salıram. Ciddi fərqləri olduğunu görsəm düzəliş edəcəm sonra.
Rəqəmsal Bağ, bağça (digital garden)
Bizim beynimiz bir bağ kimidir, yeni öyrəndiyimiz bir fikir, məlumat körpə bir ağac kimi bağçamıza düşür, və biz zamanla hansı ağaca yaxşı baxırıqsa, üzərində düşünürüksə həmin ağaclar böyüyür. Bir bağban bağında olan fidanlarını daim nəzarətdə saxlayır, vaxtında suyunu verir və böyüdükcə həmişə nəzarətdə saxlayır. Biz də öz beynimizin bağbanıyıq, amma beynimizi əl ilə idarə edə bilmirik.
Deməli digital garden-çılar deyirlər ki, biz bildiklərimizi və yeni öyrəndiyimiz hər şeyi virtual olaraq bir sistemə köçürək (yazaq), beləcə beynimiz (bağçamız) gözümüzün qabağında olsun. Bu hər hansı bir qeyd götürmə proqramı, saytı ola bilər, məsələn Notion. Əgər biz hər şeyi gözümüzlə görüb idarə edə biliriksə, artıq hansı ağaca (ideya, fikir, məlumat) nə vaxt, necə baxmaq lazımdı biləcəyik.
Virtual bağçamızda olan ağacların kökləri bəzən bir-birinə bağlı ola bilir, çünki öyrəndiyimiz, oxudğumuz məlumatlar bir-biri ilə əlaqəli ola bilir. İşlətdiyimiz proqramda bu səhifələr arasında keçid linki (backlink) qoyaraq əlaqə yarada bilərik.
Bloq yazmaqla, virtual bağça arasındakı fərqi isə belədir, bloqda adətən yazıları bir dəfə yazırsan və mövzu bağlanır, amma virtual bağçada bir səhifə heç vaxt tam olaraq bağlı qalmır, həmin mövzuya dair öyrəndiyin yenilikləri gəlib ora əlavə edirsən, səhv bildiklərini dəyişirsən, düzəliş edirsən. Yəni aktiv olaraq öz bağçanın üzərində işləyirsən.
İkinci beyin ideyası da bu fikirlə eynidir, mən fərqi belə görürəm ki, adətən insanlar hamıya açıq formada paylaşa bildiklərini, izlədiyi videoları, podcastları, bloqları, kitabları, qeydlərivə s. bu cür məlumatları virtual bağ formasında saxlayırlar və başqa insanlarla bölüşürlər.
Ikinci beyin olaraq götürdüyümüz qeydləri isə sadəcə biz görür və üzərində işləyirik. Burdakı mövzular isə daha şəxsi olur, yəni sadəcə məlumat, bilik, ideya yox gündəlik həyatda enerji sərf etdiyimiz işlər.
Məsələn həyatınızda toksik(zərərli) bir insan var, onunla bağlı beyninizdə çoxlu qarışıq fikir var, bir səhifə açıb hamısını ora köçürürsünüz, və ya öz fiziki sağlamlığınızla bağlı yadda saxlamağa çalışdığınız məlumatları, necə hiss etdiyinizi, gələcəyə dair arzu və xəyallarınız, qısaca ağlınıza gələn, beyninizdə olan hər şeyi yazılı olaraq bir yerə köçürürsünüz.
Bu ideyanı Getting things done kitabında da görmüşdüm. Müəllif deyirdi ki, bizim beynimiz yaddaş kitabçası deyil, hər şeyi yadda saxlamağa çalışsaq, düşünməyə vaxt,yer qalmır. Yadda saxlamaq istədiyimiz hər şeyi başqa bir qeyd dəftərinə köçürsək, beynimiz rahatlanır və aktiv olaraq gördüyümüz işlərə, düşüncələrə rahat formada fokuslana bilirik.
Bu ideyalar haqqında olan bir iki linki yazının sonuna əlavə edirəm, maraqlı olsa oxuyub və ya google-da axtarıb daha yaxşı başa düşüb, tətbiq etmək olar.
Mən Notiondan istifadə edirəm bir neçə ildir, artıq bağçam böyüyüb olub bağ. Bunun yaxşı bir tərəfi də odur ki, kənardan beynimə, öyrəndiklərimə, vaxt sərf etdiklərimə baxanda ayırd edə bilirəm hansılar mənə faydalıdı, hansılar isə lazımsızdır. Hətta bəzi insanlar, hadisələr üçün də səhifələrim var. Lazımsız olduğunu gördüyüm ağacları ya kəsib atıram ya da arxivləyib bir də ona vaxt sərf etmirəm.
Bu ideyadan yola çıxaraq çoxdandı istifadə etdiyim telegram kanalımın adını dəyişib ağac etdim və hamı ilə paylaşdım. Artıq öyrəndiyim, oxuduğum, faydalı olduğunu düşündüyüm məlumatları orda paylaşıram.
Qoşulmaq üçün: https://t.me/virtual_agac
Mövzu ilə bağlı keçid linkləri.
https://fortelabs.com/blog/basboverview/
https://nesslabs.com/digital-garden-set-up