Balaca qara balığın qayıdışı
Köhnə yazı (26 Mart 2020 - kitabla.com bloqunda vaxtilə yazmışdım).
Köhnə yazı (26 Mart 2020 - kitabla.com bloqunda vaxtilə yazmışdım).
Düşünürəm ki, bütün rəsm əsərlərində rəssamın bizə çatdırmaq istədiyi hansısa bir hiss, duyğu var, hansı ki, rəssam onu hiss edib və həmin hissi izah edə bilmədiyi üçün rəsm çəkmək yoluna əl atıb.
Bu əsərdə rəssam bizə bağışlama, mərhəmət, peşmançılıq və qəzəb duyğularını eyni anda çatdırır. Bəzən sadəcə rəsmin gözəlliyinə baxmaq kifayət etmir, onun hekayəsini bilmək o əsəri anlamağımıza kömək edir.
Sərsəri oğulun qayıdışı adlı bu əsərin hekayəsi belədir ki,Zəngin bir atanın iki oğlu var. Kiçik oğlu ailəsi ilə birlikdə yaşamaqdan bezir və dünyanı gəzib tanımaq, əylənmək qərarı alır. Atası hələ sağ ikən mirasdan öz payını tələb edir və götürdüyü pul ilə evdən ayrılır. Uzun illər başqa diyarlar gəzib,əylənən oğul sonda bütün pulu bitdiyi üçün peşman halda evə qayıdır. Bu illər ərzində böyük qardaş isə atasının yanında qalıb,çalışıb əlindən gələni edir. Evə qayıtdığı zama rədd ediləcəyini düşünən kiçik oğul bayram abu havasında qəbul edilir və qurban kəsilir, qonaqlıq təşkil edilir. Evə qayıdan kimi atasının önündə diz çöküb əfv diləyən oğulu atası həmin an bağışlayır və bu anı rəssam bu əsərdə təsvir edir.
Rəsmdə oturacaqda oturan yaşlı bir adam və önündə dizi üstə dayanan bir kişi görünür. Diz çökən başını qocanın sinəsinə söykəyib.Yaşlı olan isə öz əllərini onun çiyninə qoyub. Sağ tərəfdə ayaq üstə dayanıb əsaya söykənən bir kişi və arxada nisbətən bulanıq çəkilmiş üç insan var. Oğlunun kürəyindəki əllərdən biri zərifdir bu ana şəfqətini,digər kobud və əzələli əl isə ata simvoludur. Sağ tərfdəki kişi isə böyük oğuldur, atası ilə eyni geyinib və ataya nisbətən qatı tonda rənglənib. Arxa fonakı qadının isə ana ola biləcəy təxmin edilir. Rəssam iki əsas fiquru fərqləndirdiyi üçün hadisənin ata və oğullar arasında olduğunu, digər insanların isə mövzudan kənar olduğunu təsvir edib. Iki əlini birləşdirib əsaya söykənən böyük oğulun üzündəki ifadədən belə tez bağışlanmadan razı qalmadığı görünür. Heçbir qaydanı pozmayıb atasının yanında qalıb, indi isə bütün qaydaları pozan kiçik qardaşı bağışlamaq istəmir. Rəvayətə görə atası ona belə deyir:
Oğul sən həmişə yanımda idin,qardaşın isə ölü idi indi o yenidən həyata qayıtdı.itmişdi tapıldı.
Bu rəvayəti bir çox rəssam çəkib ancaq Rembrandtın çəkdiyi necə deyərlər “Masterpiece” (şedevr) sayılır. Hətta Tarkovski də Solaris filminin son səhnəsində bu rəsmdəki ata və oğulu təsvir edib. Rəssam bu əsəri öz oğluna ithaf edib. Hekayə incildən götürülüb və tanrının insanları həmişə bağışlayacağı mesajını verir.
Bu rəsm mənə balaca qara balıq hekayəsini xatırladır. Bizim balaca qara balığımız öz yaşadığı yerdən çıxıb başqa dünyalar tanımaq istəyir. Anası və ətrafdakılar isə ona deyir ki, burdan başqa dünya yoxdur,bizimlə qal. Balaca balıq isə düşünür ki, bu çayda yaşayan balıqlar yeməkdən, yatmaqdan və eyni sıxıcı günlərə davam etməkdən başqa bir iş görmürlər. Və beləcə bizim balaca qara balıq yola düşür, azadlığa, fərqliliyə, yeniliyə doğru… Hekayənin sonu yaxşı bitir və bizim balaca qara balığımız dənizə qovuşur. Sərsəri oğulun sonu isə peşmanlıqla bitir və peşman olaraq geri qayıtmalı olur.
Rəsmdəki oğullardan hansı sizi təsvir edir? İçinizdəki oğul hansıdır?
Bütün qaydaları pozub, risk edib xəyallarınızın arxası ilə getmək yoxsa həmişə qaydalara əməl edib başqaları tərəfindən təsdiqlənmək və qəbul olunmaq?
Öz xəyallarınızın arxası ilə getmək risk etməkdir, sonunuz balaca balıq kimi də bitə bilər, sərsəri oğul kimi də. Olduğunuz yerdə qalıb daim xoşbəxt, eyni və hamı kimi yaşamaq da olar.Mən hər halda balaca qara balığı seçirəm, sonluq pis olsa belə öz istədiyim yol ilə getməyi seçirəm.
Bəlkə də bu yolu seçsəm mənim hekayəmin adı “Balaca qara balığın qayıdışı” olardı…
Telegramda izlə: https://t.me/virtual_agac