Burax gedim ay işığı
Ay işığına yazılan tərif üzərinə tərif…
Bu gecə ay işığına çarmıxlanıb qalan mənəm…
Tənha və qaranlıq bir gecədə gözüm ilişdi ona. Heç olmadığı qədər gözəl və parlaq idi. Ayrıla bilmədim ondan, gözlərimdən ruhuma axırdı sanki. Getməyə çalışdıqca daha möhkəm tutub saxlayırdı. Məkanı və zamanı unutdum, elə bildim min illərdi ona baxıram. Məni özünə çəkdi, bu parlaq şüalarla ona tərəf axdım. Sonda ona qovuşdum, çevrilib işıq oldum…
Ay işığı düşdü göydən,
Canımdan – qanımdan keçdi.
Gözümün içindən keçdi,
Özümün içindən keçdi.
Keçdi,dabanımdan keçdi,
Az qaldı ki,
İki yerə bölə məni,
Başımdan göyə mıxladı,
Dabanımdan yerə məni.
Ha istədim…
Addım ata bilmədim…
Məncə hər kəsin öz ay işığı var. Onu tapdınsa ona tutulub qalırsan. Ay işığı metaforasını günəşdən daha çox sevirəm. Çünki ömrümüzün qaranlıq vaxtlarında hadisələr, düşüncələr, insanlar ay kimi işıq saçıb yolu tapmağımıza kömək edirlər. Öz ay işığını tapa bilməyənlər isə ya yollarını azırlar, ya da hələ axtarışdadırlar.
Bu şeirdəki ay işığı bir şair olmağın, mübarizənin, sevginin və ya hansısa insanın simvolu ola bilər. Gözəlliyi də məhz burdadır. Oxuyanlar öz ay işıqlarını təsəvvür edirlər.
Yanımdan adamlar keçir,
Ay işığı nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.
Bu nə işdi, Ay işığı,
Niyə yolun məndən keçdi?