Kitablardan qeydlər və bəzi əlavələr…
Bu yazıda Byung-Chul Hanın 3 kitabından götürdüyüm qeydləri sizinlə bölüşürəm. Kitablar konkret bir süjet üzrə getmək əvəzinə fərqli fəlsəfi esselerdən ibarət idi. Bu esseleri başa düşmək, onlar arasında əlaqə qurmaq mənim üçün çətin bir proses oldu. Oxuduqlarımın sadəcə yarısını başa düşdm deyə bilərəm. Daha sonra internetdə bu kitablar və müəllifin digər mövzularda bildirdiyi fikirlər ilə tanış oldum. Sonda öz fikirlərimi və qeydlərimi bir araya toplaya bildim. Yazını oxuyanda siz də paraqraflar arsında fərqliliklər və bənzərliklər görəcəksiniz. Bu qeydlər, fikirlər sizə maraqlı olsa kitabları oxumağa cəhd edə bilərsiniz. Səhifə baxımından kiçik kitablar idilər.
Erosun ızdırabı
Yorgunluk toplumu
Şeffaflık toplumu
Mən kitablar üzrə yox, mövzular üzrə qruplaşdırmağa çalışdım çünki bəzən eyni mövzu haqqında digər kitablarda da bəhs edirdi.
Uğur, performans və ya yorğunluq toplumu
Əvvəllər çöldən bizə gələn malı, məli cümlələri bizi nə isə etməyə məcbur edirdi. Hansısa məcburiyyətlər, şəxslər, xarici bir güc bizə nələri etməli olduğumuzu deyirdi. Dövrümüzdə bu proses tərsinə çevrilib, artıq insanlar özləri özlərini nəyəsə məcbur edir. Sən hər şeyi bacararsan, seçimlərində, xəyallarında azadsan. Özünə bir hədəf seç, xəyal qur və buna çatmaq üçün əlindən gələni et. Hədəfsiz, xəyalsız insan olma! Yerində durma, hərəkətə keç, çalış, addım-addım öz xəyalına yaxınlaş! Bacararam, edə bilərəm düşüncəsində olan insan istismara meyilli bir sistemdə daha məhsuldardır. Artıq bu sistemin çarxını çevirən güc çöldən gəlməli deyil. Hər çarx uğura inanaraq özü özünü fırladır. Əgər kifayət qədər çalışsan öz azadlığına çatacaqsan. Öz azadlığı üçün çalışan insan özünü öz azadlıq arzusuna həbs etmiş olur.
Bu cür düşüncə ilə doldurulmuş adamlar narsist olmağa məcburdur. Bu insan hər şeyi bacaracağına inanır, sərhədsiz gücü olduğuna inanır. Müəllif narsizmə də tərif verir: narsizim özünü sevmək deyil, özünü sevmək üçün gərək özünü biləsən, özünün harda bitdiyini, başqalarının harda başladığını bilməlisən. Narsist adam isə bu sərhəddi itirən adamdır. Özünü bilməyən, başqaları ilə olan sərhəddi bilməyən adamdır. Beləcə hər şey onun üçün var və ya hər şey onun kölgəsindədir.
İnsan öz həyatına, özünə bir layihə kimi yanaşır. Öyrənmək bir yatırımdır, Sağlamlıq bir yatırımdır. Hər şey öz zehnini və bədənini optimallaşdırmaq üçün bir alətdir.
Neoliberalizm dövlətlərin şirkətlər üzərindəki nəzarəti mimuma endirərək onlara azadlıq verməsi idi. Nəticədə özəl şirkətlər öz biznes strategiyalarını seçərək daha sürətli böyüyə biləcəkdi. Sürətlə böyüyən şirkətlər yeni iş yerləri deməkdir, pulun işçilərə axması deməkdir. O insanlar da xərclədikləri hər şeyə görə dövlətə vergi verir. Beləcə şirkətlərə azadlıq verərək dövlət gəlirini artırmaq, həm də işsizliyin azaldılması idi.
Uğur toplumu da neoliberalizmin insanlar üzərinə tətbiq olunmasından yaranıb. Artıq fərdlərə heç kim nəzarət etmir, hər kəs öz inkişafından, tapacağı işdən, alacağı evdən məsuldur. Beləcə insanlar daha çox işləyərək daha çox qazanacaqlarına inanırlar.
Artıq M. Fukonun dediyi kimi xəstəxana, həbsxana, fabrika kimi qurumların idarə etdiyi disiplin toplumu yoxdur. Bu əsrin insanları Alış-veriş mərkəzlərinə, fitness salonlarına, gözəllik salonlarına, göydələnlərə özlərini həbs etmiş performans toplumudur. Disiplin toplumu neqtivliyin, qorxu və təzyiqin nəticəsi idisə, performans toplumu pozitivliyin, motivasiyanın, istək və arzuların nəticəsidir. Disiplin toplumunda canilər, dəlilər var idisə, performans toplumunda depresivlər, məğlublar (luzerlər) var.
Məsələnin digər tərəfi isə günahkarın təyin olunmasıdr. Uğursuz oldunsa, xəyalına, hədəfinə çata bilmədinsə bu sənin öz günahındır, öz bacarıqsızlığındır. Hər şeyə çata bilmə imkanın var ikən sən uğursuz oldun. Beləcə sistem və ya bu sistemdən faydalananlar günahkar olmur, əksinə fərdlər, sistemin işləyən çarxları günahkar sayılır. Beləcə uğurszluq, bacarıqsızlıq depressiyası başlayır. Uğur toplumunun uğursuz qurbanları. Uğusuz olmaq mənəvi zəiflik, acizlik kimi görünür. Uğur toplumunda luzer(uduzan) olmaq ən çətin işdir, baxmayaraq ki, bu toplumdakı uğur bir illuziyadır.
Uğur toplumunun ən böyük xəstəliyi depressiyadır. Depressiya sərhədləri bilməməyin nəticəsidir. Performans subyekti olan insan arzularının, hədəflərinin, xəyallarının sərhəddini itirir. Bütün bunların əlçatmazlığı qarşısında depressiyaya düşür. Hər şeyin mümkün olduğunu, başqalarının xəyallarına çatdığını, amma özünün gücsüz, zəif olduğunu düşünür. Öz gözündə böyütüyü “mən”-in altında əzilir. Özünü, xəyallarını gerçəkləşdirə bilməməyin gətirdiyi çöküşü yaşayır. Öz içində olan mübarizədə məğlub olmaq.
Eşqin məhvi üzərinə
Sərhədsiz seçim bolluğu, hamının özünü, münasibətini, görünüşünü, fikirlərini başqaları ilə müqayisə edərək, ortaq bir ideala bənzətməyə çalışması, hamını eyniləşdirir. Eşq isə başqası(bizdən fərqli olan) deməkdir. Bu eynilik cəhənnəmində eşqin varlığı mümkünsüzdür. Müəllif deyir ki, insanlar bir-birini öz ehtiyaclarına uyğun olaraq istismar edirlər. Öz ehtiyaclarını, arzularını(emosional və ya fiziki) bəhanə gətirərək öz partnerlərini bu arzulara çatmaq üçün bir alət olaraq görürlər. Hətta “eşq”-lərini istismar edənlər də az deyil. Sosial mediada öz münasibətlərinin hər halını, hər addımını, problemlərini, sevinclərini və kədərlərini bölüşərək bundan pul qazanmağa çalışanlar bunlara nümunədir.
Eşq başqası (fərqli, yeni) deməkdir, eynilikdə eşq yaranmır. Müasir dövrdə başqaya duyulan arzu eyninin komfortuna boyun əyir. Məntiqli, rahat olan, çətinlikdən təmizlənmiş münasibət çətin, qarışıq, hətta mümkünsüz olan eşqə qalib gəlir. Buna eşqin əhlilləşdirilməsi deyilir. Halbuki eşq yabani bir donuzun Adonisi öldürməsi qədər vəhşi, sərhədsiz və idarə olunmazdır.
Eşq bulaşıcı xəstəliklərin ən pisidir, insanı özündən çıxarır və yadlaşdırır, əvəzində isə bizə yad birini gətirir. Eşq özünə aid olan şüurdan keçib, başqasında özünü unutmaqdır. Eşqin yolu ölümdən keçir, aşiq başqasında ölür, daha sonra başqadan özünə geri dönüş yaşayır. Beləliklə, eşq başqasının yeni səni sənə hədiyyə etməsidir.
Təcrübə başqası ilə qarşılaşmaqdır. Biz isə hər yerdə özümüz kimi olanlarla qarşılaşırıq Hər şeyin eyni olduğu dünyada fərqliliyə ehtiyac qalmayıb. Bizim kimi düşünməyənlərə, bizi təsdiqləməyənlərə həyatımızda yer qalmayı. İndi aşiq olmaq artıq çox çətindir. Hər şey ortada aşikardır. Sirli, gizli heçnə yoxdur. Hər kəs hər şeyi ilə ortadadır, heçnəyi gizlətmir və biz insanlara heyran ola bilmiik, ideallaşdıra bilmirik, çünki onlar eyniləşirlər. Hər kəs eyniləşməyə başlayır, eyni yerləri gəzir, eyni kitabı oxuyur, eyni musiqini dinləyir, eyni şeyə kədərlənib, eyni şeyə sevinirlər, eyni şeyləri düşünürlər. Aşiq olmaq başqasıdır, fərqlilikdir. Eyni olana aşiq olmaq çətindir.
Kapitalizm hər şeyi satıla bilən hala gətirərək eşqi də öldürür, onu satın alına bilən, pula çevrilə bilər digər hər şey ilə eyniləşdirir. Hər şeyin pozitiv olduğu, mənfi olan hər şeydən qurtulub özümüzü ancaq yaxşı hiss etməyə çalışdığımız bir dönəmdə eşq zəiflik olaraq görünür. Artıq hər şey planlı bir layihə halına gəlib. Eşq isə plansızdır, anidən gəlir və bizi incidir, narahat edir, mövcud olan balansı dağıdır. Həyatımızda bu narahatlığa yer qalmayıb. Hər şeyin mümkün olduğu bir dünyada plansız, mümkünsüz olan eşqə ehtiyacımız yoxdur. İnsanlar əzab-əziyyət çəkmədən aşiq olmaq istəyirlər. Rahat, poizitiv, comfort bir eşq yaşamaq.
Pozitivliyin şiddəti
Saf pozitiv olan şey cansızdır. Ölüm neqativdir və insanı canlı edən şey öz sonunda var olan bu neqativlikdir. Pozitivlik öz varlığını neqativliyə borcludur. Müasir insan həyatında neqtivliyə yer qalmayıb. hər şeyin pozitiv olması fikrinə öyrədilib, manipulyasiya edilib və ya özü özünü inandırıb.
Müəllif bunu “pozitivliyin şiddəti” adlandırır. Şiddət yalnız neqativlikdən yox həm də pozitivlikdən yarana bilir. Fərqlilikdən yox, həm də eynilikdən yarana bilir. İndi isə bu dəyişib, pozitivliyin bu aşırılığı bizi məhv edir.
Bir insan qarşı tərəfə söz ilə nəsə çatdıranda onun ifadə etdiyi ilə anlayan tərəfin başa düşdüyü tam eyni olmur. Beləcə hər bir anlamada həm də anlaşmazlıq yaranır. Hər bir razılaşma özündə həm də gizli bir qarşıdurma saxlayır. Pozitiv olan hər şey özündə həm də neqativlik ehtiva edir.
Facebook və digər sosial media platformalarında dislike düyməsinin olmaması, pozitiv toplumun ən böyük göstəricilərindəndir. Biz ancaq bəyənilmək istəyirik, ətrafımızda ancaq müsbət şeylər görmək istəyirik. Bəyənmirsə oxumasın, baxmasın, izləməsin və s.
Şəffaflıq toplumu
Belə bir inanc var ki, şəffaflıq insanlar arasında güvən yaradır. Şirkətlər, dövlətlər, sistemlər şəffaflıq siyasətləri ilə əslində nəzarət toplumu yaradır. Mütləq şəffaflıq illuziyadır, sadəcə maşınlar şəffafdır, insan özü üçün belə tam şəffaf ola bilmir. Tamamilə şəffaf olan ölü olandır, tam şəffaflıq iki insan arasında mümkün deyil, şəffaflıq artdıqca bir-birinə olan maraq da azalır. Artıq insanlar öz varlığını maraq istehsal etməyə borcludurlar. Maraqlı nəyinsə yoxdursa deməli sən də yoxsan. Şəffaflıq həqiqət demək deyil. Hər şey xaricə yönəlib, ifşa edilib, çılpaqlaşdırılıb. İnsanların içində gizli, sirli, özünəməxsus heçnə qalmayıb. Artıq insanlar qaranlıqda, bilinməzlikdə itmir, əksinə hər şey aşırı parlaqlıqda itir, aydınlıqda itir. Bu şəffaflıqda ortada o qədər insan var ki, bu aşkarlıqda itmək çox asandır. İnsanlar fitnessə gedərək, qidalanması, bədən quruluşu, xarici gözəlliyi ilə, müxtəlif filtirlər ilə öz bədənlərini sərgiləyəcək bir obyekt halına salırlar, istismar edirlər. Bu bədən artıq , ortaq kulturanın yaratıdığı, eyniləşdirdiyi şəffaf bir sərgi obyektidir, like obyektidir. Şəffaflıq mənadan yoxsuldur. Müqəddəs olanlar heç vaxt şəffaf olmur, çünki gizli bir parlaqlıq onu cazibədar edir.
Pornoqrafiyanın cinsəlliyi öldürməsi
Cinsəlliyi öldürən şey əxlaq qaydaları yox, pornoqrafiya oldu. Erotizim gizlilik, qapalılıq, bilinməyənin cazibəsi idi. Porno isə açıq aşkar hər şeyin şəffaf formada ortaya qoyulmasıdır. Bütün sirlərdən, gizlilikdən, emosiyalardan təmizlənmiş saf çılpaqlıq. Özünü sərgiləmə profesionalları erotizmi bu cür öldürdü. Porno sadəcə virtual və ya xəyali bir aləmda qalmadı. Artıq insanlar real həyatda olan cinsəlliyi də pornoya çeviriblər. Eşq rituallarından təmizləndikcə pornoya çevrildi.
Şəffaflıq xəyal gücünü də ortadan qaldırır, artıq xəyal edəcək heçnə qalmır ortada. Şəffaflıq həzzi də öldürür, gizli örtünmə, maskalar və s. həzzi artırarkən, şəffaflıq bunu ortadan qaldırır.
Erotizim gizli, yavaş və zərifliklə iç-içədir. Pornoda isə zəriflik yoxdur, birbaşa kobudluq, şiddət mövcuddur. Erotizmdə bir-birinə olan istək varsa, pornoda bir-birini istismar var.
Seks uğur kimi görünür, eşqin zirvəsi, o adama çatmaq və onu əldə etmək. Əslində isə bədən olaraq bir-birinə ən yaxın olanlar, düşüncə, mənəviyyat olaraq tamam uzaq ola bilirlər. Emosionallıq, anlayışın bir kənarda qaldığı, qısa zamanda eşq yaşayıb növbəti adamma keçmək dayazlığa gətirib çıxarır, dərinlik isə zaman, səbr və anlayış tələb edir. Kapitalizm hər şeyi metalaşdııb pul qarşılığında izləyici qarşısına çıxarır, hər şeyi açıq, aşikar ortaya qoyaraq pornoqrafikləşdirir. Arzularımız və duyğularımız kapitalizm məhsulları tərəfindən təyin olunur. Bunlar artıq arzu yox istehlak planıdır. Öz partnerini seçərkən düstur hazırlayanlar, plan quranlar eşq axtarmır, istismar edə biləcəkləri bir insan axtarırlar.
Teleqramda izləmək üçün: https://t.me/virtual_agac
Qısa qeydlər
Düşünmək təkcə hesablamaqdan ibarət deyil.
Hər impulsun(istəyin) arxasınca getmək xəstəlik, çöküş, taqətsizlik simptomudur.
Nə qədər aktiv olsan o qədər azadsan inancı.
Komputerlər axmaqdır çünki tərəddüd edə bilmir, çox dəqiq və əmindir.
Hərə öz yorğunluğunda boğulur, şəxsi yorğunluqlar cəhənnəmindəyik
Facebook bir ibadətxanaya çevrilib, ibadət edən insan bağışlanlımaq istəyirdisə, facebooka girən adam da diqqət, qayğı (like) gözləyir.
Müasir kölə sağlamlığı azadlığa dəyişir. Sağlam və rahat olum, amma azad olmasam da olar.
Muzeylər məbədlərin sekulyarlaşmış formasıdır, turistlər də din səyyahlarının analoqudur.