Öz səsindən asılıb,cavan-qoca çığırır. Ağıllısı-dəlisi, toxu-acı çığırır.
Hamımız qışqırırıq sözün əsl mənasında da, məcazi mənasında da. Ünsiyyət qurmaq o qədər çətin hala gəlib ki, qarşı tərəfə fikrimizi çatdırmaq əvəzinə yeridirik, qışqıraraq özümüzü haqlı çıxarırıq. Doğru söyləyən yox, səsi çox çıxan haqlıdır. Bu vərdişimizi hər yerdə nümayiş elətdiririk, elə hey hardasa hansısa statusun altında kimlərsə qışqıra-qışqıra insanlara həqiqəti çatdırmağa çalışır, qarşı tərəfi susdurmağa çalışır. Bəlkə də ehtiyacımız olan tək şey susmaqdır, susub ətrafı dinləmək, insanların nə dediklərinə diqqətlə qulaq asmaq. Bəlkə də mən haqlı deyiləm, bəlkə də qışqıraraq elə özümü də inandırımışam ki, haqlıyam? Özümlə də qışqıra-qışqıra danışıram, özüm-özümdən qorxduğum üçün həmişə özümü haqlı çıxarıram. İçim də çölüm də səs-küydü, bəlkə özümlə danışarkən qışqırmamağı öyrənsəm başqaları ilə də sakit danışa bilərəm.
Birdən bu dolaşıq səs düyünündən adam öz səsini ayıra bilməz.
Mən artıq öz səsimi itirmişəm, bəlkə də bu qışqırıq mənim deyil, sahibsiz yoldan keçən bir qışıqırığı tutub saxlamışam, elə bilirəm özümə aiddi, axı bütün çığırtılar bir-birinə oxşuyur, necə çıxım bu səs küydən, öz səsimi necə tapım? Hər yerdə üstümə qışqırırlarsa mənim qışqırmaqdan başqa yolum varmı?
Bəlkə də insanlardan, daha doğrusu çığırtılardan həmişəlik uzaqlaşıb təbiətə qoşulmalıyam.
Çöldə kin bilməyən,acıq bilməyən, quşların səsinə qatım səsimi.
Biraz əllərimlə üzümü örtüm, nəfəsim ovucumda isinsin biraz,
Dodaqlarımdan çıxan pıçıltı nəfəsimdə isinsin.
Pıçıltım və mən təbiətdə o qədər vaxt keçirim ki, hamının çığırmaqdan səsi batanda, yer üzündə sakitlik höküm sürəndə, öz isti pıçıltımı da götürüb geri qayıdım. Köz parçası kimi çatıranda pıçıltımı insanlara hamı öz səsini o közdən alovlandırsın, bəlkə onda hamı pıçıltıyla danışdı…
Ramiz Rövşənin Çığırtı şeirinə dair…