Çoxluqda itmək
Toy və ya bayram şənliklərində, mənə aidiyyəti olmayan bu xüsusi gündə, uzun müddətdir görmədiyim və ya hamısını eyni anda bir arada…
Toy və ya bayram şənliklərində, mənə aidiyyəti olmayan bu xüsusi gündə, uzun müddətdir görmədiyim və ya hamısını eyni anda bir arada görmədiyim adamların əhatəsində olanda, suda həll olan duz kimi, mən də o çoxluğun içində öz bərkliyimi, özümə olan diqqətimi itirirəm. Hansısa iş görülməlidirsə görürəm, zarafatlara gülünməlidirsə hamıdan çox gülürəm, əsəbi olanları, küsənləri başa düşmək lazımdırsa başa düşürəm, kiçik toplumuzu ayaqüstdə saxlamaq üçün əlimdən gələni edirəm. Bu yarı şüurlu formada olur. Bu günün müvəqqəti olduğunu, bitdikdən sonra özümlə yenə tək qalacağımı bildiyim üçün çoxluqda itmək məni narahat etmir. Digər tərəfdən eyni anda müxtəlif insanları görəndə həm mənə maraqlı gəlir, həm də görürəm ki, burda heçkim özünü düşünmür, hamılıqla bu kollektiv hadisənin bir parçası oluruq. Məsuliyyət də hamıya bölündüyü üçün heçkim çox stress yaşamır, narahat olmur. Tutalım hansısa əşya, plan pozulursa, mütləq kimsə hardansa tanış bir adam tapacaq və problem həll olacaq və beləliklə bu xüsusi gün qısa ömrünü davam etdirəcək. Çoxlu halda olmağın gətirdiyi qəribə bir rahatlıq var, elə bilirəm belə günlərdə birlikdə aşa bilməyəcəyimiz çətinlik yoxdur.
Axşam evə qayıdanda çox yorulduğumu görürəm, həm də özüm üçün darıxdığımı başa düşürəm. Ətrafda nə qədər çox adam olarsa o qədər hissəyə bölünürəm sanki, sonda özümə qalan çox kiçik bir parçam olur.
Uzun illərdi Facebook və oxşar platformalarda vaxt keçirərkən yaşadıqlarım mənə bu hissləri xatırlatdı. Facebookda hansısa pis bir hadisə olanda toplu formada hamımız məyus olur, günahkarların tapılmasını tələb edir və öz həll yollarımızı təqdim edirik. Kimsə işindən çıxanda, yaxınını itirəndə hamımız onun dərdinə şərik oluruq. Şad günlərində isə yenə toplu formada sevincini bölüşürük. Əlbəttə burdakı hisslər real həyatdakı kimi səmimi və dərin olmasa da biz bunları yaşayırıq. Bunun pis və ya yaxşı olduğunu bilmirəm.
Pis olan şey bu çoxluqda özümüzü itirməyimizdir, beynimiz reallığı və Facebookdakı çoxluğu bir-birindən elə də ayırd edə bilmir, diqqətimiz yenə hamıya bölünür, gülünməli zarafatlara gülür, tənqidi mövzularda fikir bildiririr, vaxtımızı, enerjimizi hamıya bölürük. Ən pis tərəfi isə odur ki, toy-bayram günü axşam evə tək qayıdıb özümüzə dincəlmək üçün fürsət verirdik. Facebook isə gecə yatanda da bizimlədir, biz yuxuya gedərkən də toplu formada yatırıq, yuxudan oyanan kimi yenə həmin qarışıqlıq davam edir.
Bu cür davam edən həyat bizə özümüzü unutdurur, gələcəyimizi, karyeramızı, çox yaxınımızda olan 3–5 nəfəri, hər şeyi unutdurur. Çünki hər an kiminsə həyatında xoş və ya bəd bir hadisə baş verir. Hər an ölkə daxili fikir bildirə biləcəyimiz hansısa hadisə baş verir.
Tələbə vaxtlarımda sosial medianı aktiv işlətməyən, gündəmi izləməyən, ölkədə baş verənlərdən xəbərdar olmayan insanlara əcaib varlıq kimi baxırdım. Öz-özümə deyirdim “Nə olsun ki, filan şeyi yaxşı bilir, filan şeydə yaxşıdır, amma ot kimi yaşayır, dünyadan xəbəri yoxdur”. Sanki mən gündəmi izləyərək, baş verən hadisələrə fikir bildirərək çox vacib bir iş görürdüm, amma özü ilə məşğul olan, öz həyatını sosial mediadan üstün tutan insanlar eqoist və cəmiyyətə faydasız idi.
Ən böyük təsəllim isə bu idi: hamı bunu edir, hamı facebookdadır, hamı mağazadan qovulan qadın haqqında danışır, hamı yerə yaxınlaşan asteroidə aid zarafat edir. Hamı bunu edirsə deməli hamı özünü unudub. Mən səhv etsəm də tək deyiləm. Hamı səhv edir, məsuliyyət bölünür, günahkar bir adam yoxdur. Mənim başıma da nəsə hadisə gəlsə bu topluluq mənə də dəstək olacaq, fikir bildirəcək.
Zaman keçdi və mən indi başa düşürəm ki, nə qədər vaxtımı, enrjimi indi heç birini xatırlamadığım hadisə və insanlara sərf etmişəm. Virtual olaraq hansısa topluluğun içində yolumu azıb, real həyatda özünü itirmiş bir fərd olmuşam.
Telegramda izlə: https://t.me/virtual_agac