Cızıq
Ağ vərəq üstündə gəzən qarışqanın önündə fərqli cızıqlar çəkərək ona yön verildiyi bir video var. Sonda kiçik bir çevrə çəkilir və qarışqa…
Ağ vərəq üstündə gəzən qarışqanın önündə fərqli cızıqlar çəkərək ona yön verildiyi bir video var. Sonda kiçik bir çevrə çəkilir və qarışqa o çevrənin içində ilişib qalır. Kənardan baxanda qarışqa zəif və axmaq görünür. Əslində isə bizim o qarışqadan çox da fərqimiz yoxdur. Cızıqlara dəymədən, cızıqları aşmadan həyatda qalmağa çalışırıq. Bu şeiri oxuyanda həmin video yadıma düşdü.

Sorğulama
Cızığından çıxma! — deyir
Atam mənə haçandı.
Bəs çıxmasam, hardan bilim
Cızığım haracandı?!
Həyatımız ətrafımızda çəkilmiş cızıqlardan ibarətdir. Ya həyatımızı o cızıqların içində yaşayacağıq ya da hərdən o cızıqları aşıb digər tərəfinə baxacağıq. Çox vaxt cızıqlarımız ilə potensialımız üst-üstə düşmür. Sərhədini bilməklə limitini bilmək ayrı şeydir. Sərhədi başqası və ya özün qoya bilirsən, limit isə bacarıqlarının, imkanlarının göstəricisidir. Özünü çətinə salmasan, cızıqlarını aşmağa çalışmasan həqiqi cızığını tapa bilməyəcəksən və öz potensialının altında qalacaqsan. Əlbəttə burdakı nüans özünü necə hiss etməyindir, ola bilər ki, cızıqda qalmaq səni narahat etmir və həyatın normaldır. Bu zaman cızıqlarınla xoşbəxt yaşaya bilərsən.
Baş qaldırma
Sən ay mənə cızıq çəkən, tez ol, poz cızığını!
İstəyirəm özüm çəkəm daha öz cızığımı.
Sorğulamadan sonra gələn qarşıdurma, cızıqları pozma arzusu baş qaldırır. Elə ki, ətrafındakı cızıqları gördün, artıq bu səni narahat edir və buna üsyan edirsən. Narahatlıq başlayır, cızığın o tərəfini düşünürsən, bu cızığı çəkənlərə əsəbləşirsən. Özün öz cızığına sahib olmaq istəyirsən.
Hedonizm
İstəyirəm yekə çəkəm bu cızğı, yepyekə.
İçində atılıb-düşəm, ləzzət alam, kef çəkəm.
Cızıqdan çıxmaq çətinləşdikcə içindəki arzular, həyəcanlar səni daha da narahat edir. Cızıqları aşdıqdan sonra kef çəkməyin, zövq almağın, həyəcanların xəyalını qurursan. Elə təsəvvür edirsən ki, bütün problemlərin tək səbəbi bu cızıqdır. Səninlə o rəngli dünya arasında duran tək şeydir. İçində hardasa gizli bir yerdə bu səbəblərin absurdluğunu duyursan amma görməzdən gəlirsən, çünki bilirsən ki, arzuların, həzz acgözlüyünün sonu yoxdur.
Acı həqiqətlə barışma
Çölündə yox, içindədi mən çəkdiyim o cızıq
Artıq özünü dərk mərhələsi başlayır. Görürsən ki, bu cızıqla o qədər yaşamısan ki, artıq bu cızğı mənimsəmisən. Özününküləşdirmisən, bu cızıq artıq sənin bir parçandır, sən özün öz cızığınsan. Çöldəki hər şeyə və hərkəsə baş qaldırsan da özünlə toqquşma yaşamaq sənə çətin gəlir. Cızıqdan çıxmaq özündən çıxmaqdır bəlkə də.
Bəlkə də cızıqsızlıq daha pisdir, səhrada azmış çölçü kimi hara gedəcəyini bilmirsən. Yorulanda, qorxanda sığınacaq bir künc tapmırsan. Cızıqsızlıq yolunu azmaqdır, itməkdir bəlkə də. Özünü axtarışın sonu bəlkə də əlində olanları da itirməkdir.
Bəs sən cızıq çəkənlərədənsən yoxsa cızıqda qalanlardan? Kimin çəkdiyi cızıqlara həbs olmusan?