Yüz il qoşa atılsaq da qoşa düşmərik…
Markes yüz ilin tənhalığı kitabında maraqlı bir üsula əl atmışdı. Yüz il boyunca eyni nəsildən gələn bir ailənin bütün üzvləri sonda eyni tale ilə barışmalı olurdu, tənhalıq. Ata, oğul, nəvə, nəticə hamısının adı da eyni idi, fərqli həyatlar, fərqli hekəyələr yaşasalarda necəsə hamısının taleyi birbirinə bağlı idi, sanki bir ağacın kökləri kimi, hər biri fərqli istiqamətdə getsə də hamısı eyni ağaca bağlıdı. Tam xatırlamıram amma, belə bir hissə var idi, deyəsən bezdikləri üçün ailənin ən yaşlı qadınını həyətdəki böyük ağaca bağlamışdılar, o ağac və qadın bəlkə də eyni mənaya gəlirdi.
Dark serialında da bu yanaşma ilə qarşılaşırıq, hər 33 ildə hər şey təkrarlanır. İnsanlar öz taleyindən qaça bilmir, eyni faciələri yaşayan insanların uşaqları da eyni taleyi bölüşürlər.
Bugünlərdə gündəmə gəlmiş mahnı hamımızın dilinə düşüb, dünya sənin dünya mənim. Fərqli formada, eyni mahnını ifa ediblər. Təsadüfə bax ki, bu mahnı da ilk dəfə təxminən 36 il bundan əvvəl çıxıb və bu mahnı təzə çıxan vaxtlarda da bizim valideynlərimizin dilində əzbər idi. Deyəsən bu dövrü qırmaq olmur, nə qədər fərqli olduğumuzu düşünsək də, hamımız eyni adamlarıq, eyni taleyə, eyni duyğulara sahibik. Bu sözü daha çox müharibə ərzində də eşidirdim. Hər nəsil müharibədə öz sevdiklərini itirib, hər nəsil o qorxuları yaşayıb. Hətta valideynlərimizin valideynləri də uşaqlığı ikinci dünya mühribəsini görüb, onların valideynləri isə hər iki dünya müharibəsini, belə davam edir. Fərqli müharibələr, fərqli insanlar, fərqli mahnılar amma eyni adamlar, eyni duyğular, eyni talelər…