Etiraf etməliyəm ki, həmişə fəlsəfə öyrənmək arzusunda olmuşam, hətta müxtəlif fəlsəfə kitabları oxuyaraq cəhd də etmişəm, amma həmişə uğursuzluqla nəticələnib. Mənim etdiyim səhvi sizin etməməyiniz üçün bunu qayda halına saldım.
Qayda 1: Yeni başlayanlar heç vaxt birbaşa filosofların əsərlərini oxumasın; əvəzində sadələşdirilmiş, izah olunmuş kitablar oxumaq daha faydalı olacaq.
Kant, Fuko, Nitsşe, Dekart kimi filosofların kitablarını, ucuz olduğu üçün, alıb evə yığmışdım. Sıra ilə oxumağı planlayırdım, sonda fəlsəfəni başa düşəcəyimi ümid edirdim. Sonda bütün kitabları yarımçıq qoydum və oxuduqlarımdan da heç nə anlamadım. Yeni başlayan həvəskarların çoxu bu xətanı edirmiş.
Bu yazı sizə fəlsəfə öyrətməyəcək, sadəcə fəlsəfəyə yeni başlayanlar üçün ümumi baxışdır. Fəlsəfənin qollarını, hansı suallara cavab axtardığını və ən əsası, sistematik öyrənmə üsullarını görəcəyik. Burada təqdim etdiyim diaqramlar, təriflər və üsulları özüm hazırladığım üçün bəzi səhvlər ola bilər. Nəzərə alsaq ki, bu yazı həvəskarlar üçün nəzərdə tutulub, sizə faydalı olacağını ümid edirəm.
Fəlsəfə nədir ?
Fəlsəfə, sadə dildə desək, düşünməyə olan sevgidir. Fəlsəfənin bir dənə tərifini tapmaq mümkün deyil. Hər filosof fərqli izah verir, çünki hərəsi fərqli mövzulara, fərqli baxış tərzlərinə sahibdirlər. Çoxlu tərifləri gördükdən sonra ümumiləşdirilmiş formada izah verə bilərik: "Fəlsəfə insanın özünü və kainatı anlamaq cəhdidir.". Əgər siz heç olmasa bir dəfə yaxşı insan ilə pis insan arasındakı fərqi düşünmüsünüzsə, deməli fəlsəfə etmisiniz. Əgər siz heç olmasa bir dəfə gecə yarısı başınızı göy üzünə qaldırıb ulduzlu səmaya baxaraq kainatın yaranışı haqqında düşünmüsünüzsə, deməli siz də filosofluq etmisiniz. Fəlsəfə bu qədər sadədir, həm də biraz mürəkkəb. Verdiyiniz sualdan, o sualın gətirdiyi yeni suallardan asılı olaraq çətinliyi də artır. Sual vermək fəlsəfə öyrənən adamın vərdişi olmalıdır. Tapdığımız hər bir cavab özlüyündə yeni suallar da gətirir, bu sualları görmək və bunlara cavab axtarışına çıxmaq, məhz fəlsəfədir.
Fəlsəfə nə deyil ?
Fəlsəfə şəxsi inkişaf aləti deyil. Əgər siz özünüzü inkişaf etdirmək, yaxşı bir həyat yaşamaq ümidi ilə fəlsəfə oxumağa başlayırsınızsa, fəlsəfə ən yaxşı yol olmaya bilər. Siz fəlsəfə oxuyaraq "səhər saat 7-də oyan", "axşamlar su içib yat" kimi sadə təriflər tapmayacaqsınız. Əksinə, fəlsəfə insanın normal həyatını, dəyərlərini, dünyayı baxışını sarsıda bilər.Fəlsəfə oxuduqca siz özünüzü və ətrafınızdakı hər şeyi sorğulamağa başlayacaqsınız. İnandığınız dəyərlərdən şübhə etməyə başlayacaqsınız. Əgər kifayət qədər güclü psixologiyanız yoxdursa (deyəsən heç birimizdə yoxdur) və bəzi fəlsəfi axınların təsirinə qapılsanız, onda həyat sizin üçün əzaba çevrilə bilər.
Qayda 2: Fəlsəfədə öyrəndiklərinizi gündəlik həyatda istifadə etmək, tətbiq etmək yaxşı fikir olmaya bilər.
Məsələn, nihilizm sizə maraqlı, hətta məntiqli görünə bilər və bütün dəyərlərin mənasız olduğu qənaətinə gəlib sonra ailə üzvlərinizə bunu göstərməyə çalışsanız, onları incidə bilərsiniz, onların sizə qarşı olan sevgisini və hörmətini zədələyə bilərsiniz. Odur ki, yeni bir fəlsəfi termin öyrənərkən onu istifadə etməyə, mənimsəməyə çalışmayın. Əvvəlcə bir stulda oturun, bir stəkan su için və kitabı yerə qoyaraq sakitcə oradan uzaqlaşın.
Bir az qorxulu səslənə bilər, amma iş burasındadır ki, insan fəlsəfə oxuduqca təkcə öz düşüncələri və razılaşdıqları ilə deyil, ona zidd olan, inandıqlarını yalanlayan fikirlərlə də qarşılaşır, empatiya etməyə çalışır. Qısaca, dəyişməyə başlayır. Əvvəl düşüncələri, sonra davranışları və ən sonda özü də tamamilə dəyişmiş bir insan olur.
Hər kəs fəlsəfə öyrənməlidirmi ?
Fəlsəfənin hər kəs üçün uyğun olmadığını düşünürəm. Bəzi insanlar həyatlarını sorğuladıqca mövcud çətinlikləri, ziddiyətləri açıq şəkildə görürlər. Bununla belə, bu çətinlikləri dəyişdirmək üçün nə gücləri, nə də imkanları var. Beləliklə, yaşadıqları həyat ilə xəyal etdikləri həyat arasında bir uçurum yaranır. Bu ziddiyyət insan üçün əzaba çevrilə bilər. Həyatdan aldığı zövq azalır və sadə həyatın təbiiliyi yerini gərginliyə buraxır. Fəlsəfə, bu hallarda, insanı mənəvi, psixoloji narahatlığa sürükləyə bilər. Buna görə də, mənim fikrimcə, həyatını sorğulamağa hazır olmayan və ya buna ehtiyacı olmayan insanlar fəlsəfədən uzaq dursa yaxşıdır. Bu, sakit və xoşbəxt bir həyat üçün daha yaxşı seçim ola bilər.
Qayda 3: "Hər kəsi filosof etməyə çalışan" fəlsəfə peyğəmbəri roluna bürünməyin.
Fəlsəfənin faydası varmı?
Fəlsəfənin həm fərd olaraq oxuyanlara, həm də bəşəriyyətə bir çox töhfəsi olub. Qısa formada bir neçəsinə baxaq:
Bəşəriyyətə təsirləri: Kapitalizm, demokratiya, sosializm, insan hüquqları və digər anlayışlar fəlsəfənin verdiyi töhfələr sayəsində inkişaf edib və bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Fəlsəfəni boş sözlər yığını olaraq göstərməyə çalışanlar bu qədər vacib nüansları gözardı edir. Halbuki gündəlik həyatımızın hər anında bizə təsir edən şeyər üçün fəlsəfəyə və filosoflara borcluyuq.
Tənqidi düşüncə: Suallar verməyi, arqumentləri təhlil etməyi və fərqli fikirləri nəzərdən keçirməyi öyrənmək bizdə tənqidi düşüncəni inkişaf etdirir. Siz yeni öyrəndiyiniz hər bir bilgiyə, əxlaqi dəyərə tənqidi yanaşmağı öyrənirsiniz. Gözü bağlı formada heç nəyi qəbul etmirsiniz. Etdiyiniz seçimlər, verdiyiniz qərarlar şürlü və özünüzə məxsus olur.
Özünü dərk və ifadə etmə: Hər bir fikir, əxlaqi dəyər haqqında ətraflı düşündükcə özümüzü anlamaq və ifadə etmək asanlaşır. Düşüncə və hisslərimizi daha dəqiq və mənalı bir şəkildə ifadə etməyi öyrənirik.
Dünyanı və ətrafda baş verənləri anlamaq: Fəlsəfə bizə dünya, insan və həyat haqqında daha dərin düşünməyə, fərqli baxış bucaqları qazanmağa kömək edir. Beləliklə biz, həm özümüzü, həm ətrafımızda baş verənləri, həm də bizi əhatə edən şeylərlə münasibətimizi daha aydın başa düşürük.
Mənəvi və əxlaqi dəyərlərə yenidən baxış: Yaşadığımız cəmiyyətin, dostlarımızın və ya ailə üzvlərimizin bizə öyrətdiyi, yeritdiyi bütün əxlaqi dəyərləri yenidən sorğulayıb, öz seçimimzlə onları qəbul edirik və ya bəzilərini həyatımızdan çıxarırıq.
Hansı suallara cavab axtarır?
Fəlsəfə həm də axtarış deməkdir, cavab axtarışı. Sualları bilmədən nəyi axtaracağıq? Həyatımızın müəyyən dövrlərində özümüzə bəzi suallar veririk:
"Mən kiməm? Həyatın mənası nədir? Doğru və yanlış nədir? Ədalət nədir? Azadlıq nədir? "
Qəliz fəlsəfi terminlərə girməzdən əvvəl, gəlin, aşağıdakı diaqramda sualların qruplaşmasına nəzər yetirək. Əslində bu sualların hər biri hansısa fəlsəfə qolunu yaradır.
Fəlsəfənin qolları
Fəlsəfəyə yeni başlayanlar üçün faydalı ola biləcək formada fəlsəfəni qollara bölmək olar. Bu qollar arasında sərt bir iyerarxiya yoxdur, onlar ya bir-birini tamamlayır ya da kəsişirlər. Şəkildə gördüklərinizi rənglər üzrə qruplaşdırmışam: göy rəngdə olan mövzular mənim öyrənmə planımdakı başlanğıc nöqtəmdir.
Məntiq: Düzgün mühakimə və arqumentlərin prinsiplərini öyrənir. Məntiq fəlsəfi mühakimə üçün əsas alətdir.
Metafizika: Varlığın, reallığın və mövcudluğun fundamental təbiətini araşdırır. Məsələn, "Reallıq nədir?", "Varlıq nədir?", "Şüur necə yaranır?" kimi suallara cavab axtarır.
Epistemologiya: Bilik, onun mənbələri, təbiəti və sərhədləri ilə məşğul olur. "Bilik nədir?", "Biz nəyi bilə bilərik?", "Biliyimizi necə əsaslandıra bilərik?" kimi suallar epistemologiyanın əsas mövzularındandır.
Aksiologiya: Dəyərləri araşdırır və iki əsas sahəyə bölünür:
Etika: Əxlaqi dəyərləri, doğru və yanlış, yaxşı və pis anlayışlarını araşdırır.
Estetika: Gözəllik, sənət və estetik təcrübə ilə məşğul olur.
Bundan əlavə, fəlsəfənin digər mühüm qolları da var, məsələn, siyasi fəlsəfə, dil fəlsəfəsi, zehin fəlsəfəsi, elm fəlsəfəsi və din fəlsəfəsi. Bu qollar müxtəlif sahələrin fəlsəfi yönlərini araşdırır. Yeni başlayanlar üçün bu qolların hər birini ayrı-ayrılıqda öyrənmək faydalı ola bilər. Lakin, zamanla bu qollar arasında əlaqələrin olduğunu və onların bir-birini tamamladığını görəcəyik. Məntiq, fəlsəfi mühakimə üçün əsas vasitədir, epistemologiya biliyin təbiətini araşdırır, metafizika reallığın fundamental suallarına cavab axtarır, aksiologiya isə dəyərlərimizi və əxlaqi prinsiplərimizi nəzərdən keçirməyə imkan verir.
Doktrin nədir?
Fəlsəfədə doktrin, müəyyən prinsiplərə, inanc sisteminə və ya fəlsəfi nəzəriyyəyə əsaslanan bir təlimdir. Doktrinlər adətən müəyyən bir fəlsəfi məktəb, cərəyan və ya müəllif tərəfindən ortaya atılır. Doktrin, fəlsəfi suallara verilən sadə bir cavab deyil, daha çox həmin suallara əsaslanan bir baxışdır.
Məsələn:
Materializm: Reallığın fundamental təbiətinin maddi olduğunu iddia edən metafizik bir doktrindir. Materialistlərə görə, hər şey maddədən və onun qarşılıqlı təsirlərindən ibarətdir. Şüur da daxil olmaqla, bütün hadisələr fiziki proseslərlə izah edilə bilər.
Əxlaqi Nihilizm: Obyektiv əxlaqi dəyərlərin, prinsiplərin və ya biliklərin olmadığını iddia edən meta-etik bir doktrindir. Əxlaqi nihilistlərə görə, "doğru" və ya "yanlış" kimi əxlaqi mühakimələr sırf subyektiv fikirlərdir və ya emosional ifadələrdir.
Fəlsəfənin qolları və digər terminlərin sadə və detallı izahları üçün filosof.org portalına nəzər yetirə bilərsiniz (hələ ki, çox az məlumat var).
Öz-özünə Fəlsəfə öyrənmə üsulları
Mən 3 əsas yanaşma ilə tanış oldum və mənim üçün ikinci üsul daha uyğun göründü. Siz də aşağıdakı üsullardan birini seçərək öyrənməyə başlaya bilərsiniz.
1. Marağın ardınca getmək ən sadə üsul hesab edilə bilər. Sizi maraqlandıran bir sualdan və ya mövzudan başlayaraq həmin sahəni öyrənirsiniz. Məsələn, süni zəkanın fəlsəfəsi sizi cəlb edirsə, zehin fəlsəfəsi və əxlaq fəlsəfəsi başlanğıc nöqtəniz ola bilər. Haradan başlamağınızdan asılı olmayaraq, maraq və suallar sizi fəlsəfənin digər qolları ilə kəsişmə nöqtələrinə gətirəcək. Əsas məqam, marağınızı itirmədən öyrənməyə davam etməkdir.
2. Tematik Yanaşma Bu yanaşmada siz fəlsəfənin bir qolunu seçib həmin sahədəki sualları və mövzuları araşdırırsınız. Kifayət qədər məlumat əldə etdikdən sonra digər fəlsəfə qoluna keçərək öyrənməyə davam edirsiniz. Məsələn, əvvəlcə məntiq fəlsəfəsini və arqumentasiya üsullarını, sonra Metafizikanı, daha sonra isə Epistemologiyanı öyrənə bilərsiniz (mənim planım bu cürdür).
3. Xronoloji Yanaşma Bu üsul tarixi yanaşmadır, yəni siz ən qədim dövrdən bəri fəlsəfənin necə formalaşmasını, filosofların ortaya atdığı fikirləri tarixi ardıcıllıqla öyrənirsiniz.
Qədim dövr
Orta əsrlər
Modern dövr
Çağdaş dövr
Bu üsullar yeni başlayanlar üçün nisbətən asan görünən üsullardır. Bəlkə də bir qədər araşdırma apardıqdan sonra öz fəlsəfə öyrənmə üsulunuzu yaradacaqsınız.
Fəlsəfə Ağacı - layihəsi
Fəlsəfə haqqında öyrənmək istəyərkən, və ya hansısa termini axtararkən internetdə öz dilimizdə mənbə tapmaq çox çətindir. Vikipediada tapdıqlarımız isə uzun və mürəkkəb izah olur. Bu mətnləri başa düşmək üçün gərək biraz bazamız olsun, anlayışımız olsun. Həm də bütün bu məlumatlar başa düşülən formada tərtib olunmayıb və qarışıqdır. Bu xaos yeni başlayan maraqlı insanları çaşdırır və öyrənməkdən əl çəkir.
Buna görə də yeni bir layihə başlatmaq qərarına gəldim, mənim kimi fəlsəfə öyrənmək istəyənlər üçün bütün məlumatların olduğu, sadə izahların verildiyi yaxşı bir resurs, portal yaratmaq. Bu məqsədlə filosof.org saytını açdım. Öyrəndikcə, başa düşdükcə terminləri, fəlsəfi məlumatları bu portala əlavə edəcəyəm. İş burasındadır ki, mən özüm də yeni başlamışam və çox az məlumatım var. Əgər siz hansısa fəlsəfi mövzunu yaxşı bilirsinizsə və ya ümumiyyətlə fəlsəfəni öyrənərkən qeydlər götürür, yazılar yazırsınızsa bu layihəyə dəstək ola bilərsiniz. Öz yazılarınızı, qeydlərinizi telegram vasitəsilə mənə göndərə bilərsiniz. @agacv_bot
Layihəyə necə dəstək olmaq olar?
Fəlsəfəyə marağı olan insanlarla bu portalı bölüşərək.
Bir və ya bir neçə mövzuda öz hazırladığınız yazını portalda yayımlayaraq.
Portalda gördüyünüz hərf səhvi, durğu işarəsi səhvi, orfoqrafik, qrammatik və ya məntiq səhvini bizə bildirərək.
İstəyinizdən asılı olaraq sizin adınızı müəlliflər səhifəsində qeyd edəcəyik. Bu səhifədə həm də öz şəxsi bloqunuzun, sosial media hesabınızın, youtube kanalınızın linkini də yerləşdirə biləcəksiniz. Dəstək olduğunuz səhifələrin aşağı hissəsində sizin adınız görünəcək (istəyə bağlı olaraq).
Fəlsəfəyə ümumi xəritə formasında baxış.
Sizin üçün fəlsəfinin qolları və onların tərkibində olana, əlaqəli olan bütün doktrinləri bir xəritədə topladım. Etiraf etməliyəm ki, özüm də yeni başlayan olduğum üçün, bunları qruplaşdırmaq çətin idi. Üstəlik tamamilə doğru deyil. Bəzi düşüncə cərəyanları bir neçə fəlsəfə qoluna aid ola bilər, təsir edə bilər.
Hər halda, bu xəritə(lər) yeni başlayanlara ümumi bir baxış qazanması üçün faydalı olacaq.
Xəritə 1 : Metafizika
Xəritə 2: Məntiq və Epistomologiya
Xəritə 3: Etika
Xəritə 4: Siyasət və estetika
Ümumi xəritə
Xəritəni pdf olaraq yükləmək üçün: https://drive.google.com/file/d/1G4gpIQxLFVZVTYLPeFUXNVxB9V0rtlKz/view
Telegramda izləmək üçün: t.me/virtual_agac