Güzgü, mən və instagramgil…
Qeyd: ağlıma gələni yazıram, gələcəkdə səliqəyə salmağı ümid edirəm.
Qeyd: ağlıma gələni yazıram, gələcəkdə səliqəyə salmağı ümid edirəm.
Bugün aynanın qabağında saçımı darayarkən anidən özümdən xoşum gəldi və foto çəkib paylaşmaq istədim. Bəli inanmaq çətindi amma nadir hallarda olsa da saçımı darayıram. Özümdən xoşumun gəlməyi mənə eqoist olduğumu düşündürdü və özümü bəyəndiyim üçün günahkar hiss etdim. Bu hiss mənə instagramda yediyi yeməyin şəklini paylaşan insanları xatırlatdı. Etiraf etməliyəm ki, hər yediyini paylaşan insanları xoşlamıram. Səbəbini isə xatırlamıram, illər əvvəl hansısa ted çıxışında bir adam çox ağıllı və məntiqli danışaraq onları qınamışdı və mən də ona inanmışdım. Hələ də inanıram amma səbəbini unutmuşam. Bu da ayrı bir dərddi, doğru olduğuna inandığın şeyin niyəsini yaddan çıxarsan da inanmağa davam edirsən. Yemək şəkli paylaşanlar və özümdən xoşum gələn mən, deyəsən onları başa düşməyə başlayıram. Səbəbi axtararkən ağlıma gələn bir iki açar sözə fokuslanaq, eqo və dəyərsizlik. Bir insan niyə öz şəklini paylaşsın ki:
Səbəb 1: eqoist, özünü bəyənmiş bir insandı və paylaşır.
Səbəb 2: daxili boş olan insanlar xarici görünüşə əhəmiyət verir.
Bunun kimi çoxlu neqativ səbəb sadalamaq olar, əgər əksini düşünmürsənsə. Bugün mən əks tərəfdə idim, Kafka olsaydı mənim hekayəmə belə başlayardı:
Bir səhər qorxulu yuxulardan oyanan Samsa özünü instagramda yediyi yeməyin şəklini paylaşan bir insana çevrilimiş olaraq gördü.
Başa düşdüm ki, inandığım şey, saydığım səbəblər o qədər də obyektiv deyil. İnsanlar yaxşı bir yemək yediyi zaman özlərini yaxşı hiss edirlər və bunu dostları ilə paylaşmaq istəyirlər. (Əlbəttə mənim kimi bədniyətli dostları nəzərə almırlar) Bu isə çox təbiidir, xoşladığın bir şeyi paylaşmaq.
Normalda sözü uzatmağı sevmirəm, amma bugün kefim yaxşıdı görək hara qəər uzanıb gedəcək. Yediyi yeməyin şəklini paylaşanlara hücum edib aşağılamaq asan görünür, gəlin biraz çətin yol ilə gedək. Oxuduğu kitabın şəklini paylaşanlara (yəni özümə) söz ataq. Bir insan oxuduğu kitabın şəklini niyə paylaşa bilər:
Səbəb 1: Özünü ağıllı, intellektual və dünya görüşlü göstərmək
Səbəb 2: Kitabları sevdiyini göstərmək üçün (səbəb 1 aparmaq olar)
Səbəb 3: Başqalarına kitab oxumağı aşılamaq üçün və s.
Kitab şəkli paylaşanları niyə xoşladığımı düşünəndə ağlıma gələn ilk səbəb mənə oxşamaqlarıdır. Əlbəttə özümü ağıllı sayıram, ona görə də onların da ağıllı olduqlarını düşünürəm(mənim qədər olmasalar da :)).
Dostu tanışı şübhə altında qoymamaq üçün, hamını özümlə əvəz edirəm və bu qarşıdurmanı özümlə aparıram. Ortada iki cür mən var, xarici görünüşündən xoşu gələn və bunun şəklini çəkib paylaşmaq istəyən, daxilən özünü zəngin sayıb kitab şəkli paylaşan mən. Burda bir ziddiyət olduğunu düşünürəm, qərar verməliyəm instagramda hansını paylaşacam.
Öz şəklini paylaşan içiboş mən yoxsa kitab paylaşan içidolu mən? Əslində cavab sadədir, oxudğum kitabla selfi çəkib paylaşsam problem həll olacaq :) Öz içimdəki problem həll olduğuna görə keçək ümumbəşəri problemə.
Bu dəfə sualı biraz genişmiqyaslı götürək:
Niyə biz(və ya mən) bahalı əşyalarını, yeməklərini paylaşan insanları xoşlamırıq amma oxuduğu kitabı və ya gəzdiyi yerin şəklini paylaşanları xoşlayırıq?
Kitab oxumaq niyə dəbdən düşüb?
İnstagramda bahalı əşyaları ilə fəxr edən tipli insanlara təşəkkür etməliyik ki, dəyərli kitabları bizim üçün status xətrinə də olsa qoruyub saxlayıblar. Hərdən fikirləşirəm ki, kaş texnologiya bu qədər inkişaf etməsəydi və kitablar yeganə bilgi mənbəyi olaraq qalsaydı necə yaxşı olardı. Ətrafda əlində telefonla gəzən insanlar əvəzinə əlində kitab gəzən insanlar olardı hər yerdə, necədə romantik bir dünya :)
Əslində isə söhbət belədir ki, kitabların dövrümüzə qədər gəlib çıxması, dəbdə olması sırf zadəganların(zəngin, maddiyatçı) insanların hesabına olub. Əvvəllər kitablar bahalı əşyalar idi, üstəlik çox az idi, ona görə də hər yerindən duran kitab tapa bilmir və ya oxuya bilmirdi. Üstəlik kitab oxumaq üçün gərək boş vaxtın da olsun. Bütün gün işləyib, axşamlar isə yorğun düşüb yatan işçi sinifi heç vaxt kitablara lazımi dəyəri verə bilməzdi. Kitab oxumaq zəngin olmağın göstəricisi idi. Buna görə də onlar kitabları alıb saxlayır, yazıçıları dəstəkləyirdilər. Elə o günlərdən evində böyük kitab rəfləri olan, tapılmayan kitabları saxlayan insanlar “xüsusi” sayılır el arasında.
Sənaye inqilabından sonra hər şeydə olduğu kimi, kitabların da istehsalı asanlaşdı, və kitablar hamı üçün əl çatan oldu. Kütləviləşən bir şey isə heç vaxt status göstərici ola blməz. Ona görə də kitab oxumaq və ya yığıb saxlamaq dəbdən düşdü.