Hansısa işdə ustalaşmaq üçün, o işi təkrarlamaq ən yaxşı yoldur. Evlilik isə təkrarın demək olar ki, ən az mümkün olduğu bir şeydir. Ona görə də praktiki yox, nəzəri yanaşmanı optimallaşdırmaq ən yaxşı üsul kimi görünür. Bu yazıda sizinlə həyat yoldaşını seçərkən insanların etdikləri səhvlərdən və düzgün insanı tapmaq üçün bəzi üsullardan danışacağıq.
Bunu qəbul etmək lazımdır ki, düzgün insanı seçmək üçün əsas bizim hisslərimizdir, amma təkcə hisslərlə davranmaq bizi xoşbəxt sonluğa gətirməyə bilər. Bu yazı hisslərdən çox rasional yanaşma haqqındadır.
Həyatımız seçimlərdən ibarətdir. Etdiyimiz hər seçimə görə yerdə qalan onlarla seçimdən imtina edirik. Həyat yoldaşını seçmək də belədir, yerdə qalan onlarla ideal insandan itmina etməli olursan. Bəli, bu həyatda sizin üçün uyğun, həyat yoldaşınız ola biləcək onlarla insan var. Sadəcə bir nəfər sizin üçün yaranmayıb.
Evlilik həyatı qısa müddətli bal ayından (honeymoon) ibarət deyil. Gündəlik həyatda olduğu kimi, evlilikdə də sıxıcı günlərin sayı daha çoxdur. Birlikdə 3478-ci dəfə şam yeməyi yeyərkən, “günün necə keçdi?” sualına cavab verməkdir. Çox gənc evliliklə bağlı sadəcə yaxşı şeylərin xəyalını qurur. Çünki hisslərə qapılırlar. Çətinliklərin, ziddiyətlərin, davaların həlli isə rasionallıqda gizlidir.
Həyat yoldaşı seçimi təkcə eyni evdə yaşayacağın insanı seçmək deyil. Həm də səyahət, valideynlik, asudə vaxt, pul xərcləmə, xəstəlik və s. yoldaşı da seçməkdir. Həyatla bağlı ağlına gələn hər hadisədə, qərarda, təcrübədə yanında olacaq insanı da seçirsən. Odur ki, sistematik yanaşmaq, biraz təhlil etmək faydalı olacaq.
Bu tip adamlarla ehtiyatlı olun.
Qorxu ilə hərəkət edən: Yaş artdıqca subay olan adam özünü biraz gecikmiş kimi hiss edir. Bütün dostlarım evləndi, bir mən tək qaldım. Gecikirəm, qocalıram. Hamı arxamca danışır, məni öz qruplarına dəvət etmirlər. Dostlarım evləniblər və ancaq evli olan cütlüklərlə vaxt keçirirlər. Bütün qəşəng qızlar və ya oğlanlar evləndi qutardı, mən qaldım tək. Gec evlənsəm, gec valideyn olacağam. Uşaqlar böyüyəndə mən qoca olacağam qorxusu. Yaşım keçir, ana ola bilməyəcəm qorxusu. Qorxu ilə verilən qərarlar çox vaxt pis nəticəyə gətirir.
Başqalarının fikri ilə hərəkət edən adam. Onun öz fikri yoxdur. Xalası, bibisi, anası deyir evlən, o da evlənir. Anası deyir bu adamla evlən, o, da həmin adamla evlənir. Öz içindəki səsə heç vaxt qulaq asmır. Bu adamdan uzaq durun, başqalarının sözü ilə sizi seçirsə, o cür də tərk edə bilər.
Romantiklər: Bu adamlar üçün ən müqəddəs şey eşqdir! Evlənmək üçün eşq bəsdir. Hər şeyin səbəbi var, həyat bizi birləşdirdi, mütləq evlənməliyik. Gözü bağlı, sorğulamadan, düşünmədən evlənənlər. Sadəcə hisslərlə hərəkət edən gözü bağlı adamlardı.
Dayaz adamlar: Bu adamlara üçün vacib olan şeylər çox səthidir. Evlənəcəyi insanı puluna, qaşına, gözünə, boyuna, istedadına görə seçir. Qarşı tərəfi onun gözündə dəyərli (evlənməyə dəyər) edən şey dayaz, səthi səbəblərdir. Boyu 1.80 olsun, qaşı bu cür olsun, pulu bu qədər olsun, filan maşını olsun, yaxşı işi olsun. Bəziləri də istedadına görə seçir. Bu oğlan yaxşı şeir yazırsa, filan qız universitet birincisi olubsa, filankəs yaxşı rəsm çəkirsə, uğurlu kariyerası varsa onunla mütləq evlənmək lazımdır. Bu cür adamların yeri Şanxay evlilik marketidir. Bu marketdə adamlar bir-birini tərcümeyi halına görə seçib evlənirlər.
Narsist adamlar: Onlara maraqlı olan tək şey özləridir. Ya mənim dediyim olacaq, ya da çıx, get. Vacib olan mənəm, mən özüm hər şeyi düzgün seçirəm. Hər qərarı mən təsdiqləməliyəm. Başqa cür narsistlər də öz ehtiyaclarına görə insan seçir. Qabları yusun, yeməyi bişirsin, mənə qulluq etsin, bütün pulunu və vaxtını mənə sərf etsin və s.
Doğru insanı göstərən bəzi işarələr
Yaxşı dostdur: Dost olaraq birlikdə yaxşı vaxt keçirirsənsə, onun yanında digər yaxın dostlarınla olduğun kimisənsə. Bu yaxşı işarədir. Yaxşı dostun bəzi xüsusiyyətləri:
Düşüncə tərzinə hörmət. Bəzi mövzularda tamam fərqli düşünsəniz də sizi bu düşüncəyə, yanaşmaya görə alçaltmır. Dilə gətirməsədə öz içində sizə yuxarıdan aşağı baxmır.
Yumor hissiniz üst-üstə düşür. Eyni cür zarafatlara gülürsünüz. Heç kimin başa düşmədiyi, özünüzə aid bir üslubunuz var. Yumor həm də zəka göstəricisidir, hadisələrə yanaşmanızı göstərir.
İstirahət, əyləncə anlayışınız üst-üstə düşür. Birlikdə çətin anlarda belə, maraqlı nəsə tapa bilirsiniz.
Ortaq maraqlar, dostlar. Ortaq dostlarınız yoxdursa evlilikdən sonra tərəflərdən biri bütün dostlarından qopur, istəmədiyi, maraqlı olmayan bir insan çevrəsinə düşür.
Siyahını daha da uzatmaq olar, qısaca desək; evlənəcəyiniz insanı həm də dost olaraq qiymətləndirin.
Ev hissi: Qarşı tərəfin yanında özünüzü necə hiss etmək vacibdir. Onun yanında özünüzü süni yoxsa təbii olaraq aparırsınız? Bəzi şeyləri danışmaq sizə çətin gəlirmi? Bəzi göstəricilər:
Təhlükəsiz və etibarlıdır. Sizdən nələrisə gizlətmir. Sizi hər an atıb gedəcəkmiş kimi hiss etdirmir. Arxanızca nəsə edəcəyini düşünmürsünüz. Səhv etsəniz bunu dəfələrlə üzünüzə vurmur.
Təbii kimyanız örtüşür. Onunla vaxt keçirmək sizi yormur, əksinə, bütün gərginliyiniz onun yanında keçir. Bəzi adamlar var ki, istər-istəməz onun yanında narahat oluruq. Bu insan isə tamam əksidir. Onun yanında həmişə pozitiv, yaxşı hiss edirsiniz.
Qüsurlarınızı qəbul edir. Hər insanın qüsurları, xətaları var. Sizdən bunları düzəltməyinizi tələb etmək, sizi bu qüsurlara görə dəyişməyə çalışmaq əvəzinə, sizi olduğunuz kimi qəbul edir. Qüsurlarınız düzəlməsə də bunları göz ardı edə bilir. Əlbəttə bu qüsurlar münasibətiniz üçün ciddi təhlükə yaratmırsa, qarşı tərəfin şəxsiyyətinə toxunmursa.
Qətiyyət: Münasibətləri başlatmaq və bitirmək asandır. Davam etdirmək ən çətin işdir. Evlənəcəyiniz insan evliliyə qarşı məsuliyyətli və qətiyyətli olmalıdır. Çıxan hər problemdə boşanaq sözünü işlətməməli, çətinliklərdən qaçmaq əvəzinə birlikdə həll etməyə çalışmalıdır. Bəzi göstəricilər:
Ünsiyyət tərəfdarıdır. Küsmək və düşüncələrini bölüşməmək, problemləri danışaraq həll etmək əvəzinə, araya məsafə qoymaq işi çətinləşdirir. Qətiyyətli insan ən çətin problemlərdə belə öz hisslərini, düşüncələrini sizinlə bölüşür, sizin nə hiss etdiyinizi öyrənməyə çalışır.
Bərabərliyi qoruyur. Sadəcə bir nəfərin əhvalı, hissləri, düşüncələri münasibətə yön vermir. Bir tərəfin kefi yaxşı olanda hər şey yaxşıdır, deyilsə hər şey pis. Balansı qorumaq və hisslərdə, qərarlarda, seçimlərdə qarşı tərəfə ədalətli davranır.
Dava zamanı özünü itirmir. Əsəbiləşdiyi üçün qarşı tərəfi incitmir, təhqir etmir, qarşı tərəfi qorxutmağa çalışmır. Evlilikdə davalar həmişə olur, əsas odur ki, dava edəndə də qarşı tərəfə olan hörməti saxlayasanız. Dava bitəcək, amma dediyiniz acı sözlərin təsiri qalacaq.
Telegramda izlə: https://t.me/virtual_agac
Bəzi əlavələr:
Evlənmək insanı xoşbəxt etmir, doğru insanı tapmaq edir.
Romantik ol, ürəyinin səsini dinlə, amma ağılla qərar ver.
30 yaşda subay olub pis hiss etmək, evli olub (uşaqlı) pis hiss etməkdən yaxşıdır.
35 yaşda evlənmək, 35 yaşda boşanmaqdan daha asandır.
Evlənim düzələr yalanına özünü inandırma. Evlənəndən sonra heç kim düzəlmir, əksinə daha çətinləşir. Mən onu dəyişərəm demə, dəyişə bilmərsən.
Cəmiyyətlə mübarizə aparmağı öyrən. Öz istəklərini topluluğa uymaq üçün qurban vermə. Həyatının hər seçimində onlarla mübarizə aparmalı olacaqsan deyəsən. Seçimlərini özün et, səhv olsa da. Başqasının səhvini yaşamaqdansa öz səhvlərinlə yaşamaq daha rahat (dözülə bilən) olar.
Bu adam mənim bəxtimə, taleyimə yazılıb desən, daha sonra da taleyim belə imiş - çarəsizliyinə qapılacaqsan.
Qeyd: bu yazını waitbutwhy bloqundan tərcümə edərək, öz əlavələrimi etmişəm.
Yazının orijinalını oxumaq üçün: https://waitbutwhy.com/2014/02/pick-life-partner.html