İlk yardım
Başdan qeyd edim ki, kitabda təklif olunan bəzi üsulları təhrif edə bilər və ya səhv başa düşmüş ola bilərəm. Əgər bu yazını oxuyaraq…
Başdan qeyd edim ki, kitabda təklif olunan bəzi üsulları təhrif edə bilər və ya səhv başa düşmüş ola bilərəm. Əgər bu yazını oxuyaraq özünüzü sağaltmaq istəyirsinizsə günah məndən getdi. Mən sadəcə kitab haqqında qeydlərimi bölüşürəm.
Kitab: Emosional ilk yardım
Müəllif: Dr. Guy Winch
Əlimizi bıçaq kəsdikdə tez yaranı təmizləyib ilk yardım edirik, çünki bilirik ki, qanı saxlamasaq, yaranı təmizləməsək, iltahablana bilər, yara böyüyə bilər və daha ciddi bir problemə çevrilə bilər. Bəs psixoloji olaraq aldığımız yaralara ilk dəfə necə müdaxilə etməliyik?
Bilirəm ki, həll yolları qeyd edildiyi qədər asan deyil, çox vaxt duyğularımız bizi elə bir hala salır ki, məntiqli düşünmək çox çətin olur. Bu kitab zəlzələyə qabaqcadan hazırlaşmaq kimidir, əvvəlcədən həmin anda nələr edəcəyini düşünmək, planlamaq faydalı ola bilər. Olmaya da bilər, qabaqcadan nə qədər hazırlaşsan da zəlzələ anında panikaya düşüb özünü pəncərədən aşağı ata da bilərsən. Buna görə də bir mütəxəssisdən yardım almaq daha faydalı olar( həmişə).
Müəllif hisslərimizi bədənimizə oxşadır və aldığımız hər bir yara üçün ilk yardım olaraq müdaxilə etməyi tövsiyyə edir. Çox vaxt hisslərimizdə yaranan yaraları görməzdən gəlir və öz özünə sağalacağını düşünürük. Hisslərimizdə yaranan balaca bir yaraya vaxtında müdaxilə edib təmizləməsək zamanla o yara böyüyüb bizi tamamilə əlinə ala bilər. Bu baxımdan müəllif 7 başlıq altında hadisələr qarşısında necə davrana biləcəyimiz üçün ilk yardım üsulları təqdim edir.
Rədd edilmə
İlk dəfə uşaq olanda tanış oluruq bu hiss ilə, hansısa oyuna bizi çağırmayanda, ya da uşaqlar komandasına bizi almayanda. Bu hiss bizə uşaqlıqdan tanış olsa da həmin an necə davranacağımızı bilmirik. Hanısa insan münasibət təklifimizi rədd edəndə, işə müraciət edib rədd cavabı alanda, dostumuzla görüşmək istəyib alınmayanda və s.
Əgər rədd olunma hissinə vaxtında müdaxilə etməsək zamanla yığılıb, o yara böyüyüb çoxlu psixoloji problemlərə (əsəbilik, öz güvən çatışmazlığı, aidiyyət hissinin çatışmazlığı və s.) səbəb ola bilər.
Birinci addım niyə rədd edildiyinizin səbəbini tapmaqdır, qarşı tərəf səbəb verməyibsə mülayim formaa səbəbini soruşmaq olar. Kimsə bizə yox deyəndə adətən məsələni şəxsiləşdiririk, məndən xoşu gəlmədi, mən çox zəifəm, əhəmiyyətsiz adamam və s. kimi avtomatik düşüncələr gəlir ağlımıza. Əslində isə dostunuz həmin gün hansısa qohum ziyarətinə getməyi əvvəlcədən planalyıb və ya başqa bir işi ola bilər. Qarşı tərəfin sizə verdiyi cavabı məntiqli olaraq analiz edib olduğu kimi başa düşmək lazımdır. Məsələni şəxsiləşdirib özümüzü durduq yerə pis hiss etməməliyik. Həmin vaxt indiyə qədər bacardığınız, uğurlu olduğunuz işləri, sizi sevən və ya sevdiyiniz digər insanları düşünün. Siz bacarıqsız olsaydınız indiyə qədər etdikləriniz hamısı rədd olunmalı idi, lazımsız adam olsaydınız ətrafda sizi heç kim sevməzdi. Yaxında olan ailə üzvləriniz, dostlarınızla danışın, yada salın, və ya uzaqdasınızsa şəkillərə baxaraq, xoş xatirələri xatırlayar sizi sevən insanlar üçün necə dəyərli olduğunuzu özünüzə xatırladın.Yalnızlıq
Yalnızlıq çox sürətlə böyüyən və getdikcə daha da pisləşən bir yaradır. Yalnız hiss etdikcə insanlardan uzaqlaşırsan və daha da yalnızlaşırsan, bu çarxı sındırmaq öz əlindədir. Əgər hərəkətə keçib nəsə etməsən öz-özünə düzələn deyil. Nisbətən asan üsulla başlamaq olar, keçmişdə aranız yaxşı, ünsiyyət qurduğunuz insanlarla əlaqə saxlayıb ünsiyyət qurmağa çalışmaq olar, beləcə yavaş-yavaş ünsiyyət bacarıqları geri qayıdacaq. İnsanlara qarşı düşüncəni də dəyişmək lazım gələcək, insanlara qarşı mənfi düşüncələr də yalnızlığa gətirib çıxarır, yeni insanlar tanıyarkən ola biləcək fəlakətlər əvəzinə müsbət nəticələrə fokuslanmaq lazımdır. Ətrafında olan, tanıdığın insanlar sənə maraqsız gəlirsə, qorxursansa, online cəmiyyətlərə qoşulub fərqli və yeni insanlar tanımağa cəhd etmək olar. Siyahı hazırlayıb yalnız olmağınızın səbəbləri görmək və bunları necə həll etmək olar bu haqda düşünmək də bir üsuldur. Ola bilər ki, telefonda o qədər oyun oynayırsan ki, çıxıb insanlara ünsiyyət qurmağa vaxt qalmır və ya tənbəllik edib evdən çölə çıxmaq istəmirsən və s. bu səbəblərdən xəbərdar olmaq özü də yavaş-yavaş kömək edəcək. Başqa insanlarla necə davranmaq və danışmaq lazımdı tərəddüd edirsinizsə, ətrafda bunu rahatlıqla edən insanları analiz edib onları yamsılamaq da olar :) qısacası nəsə etmək lazımdır.Travma və itki
İşmizi itirmək, dostumuzu itirmək, sevdiyimizdən ayrılmaq və ya yaxın birinin vəfatı bu cür ağır zərbələr bizdə travma yarada bilər və bizi alt üst edə bilər. Burda söhbət ilk təsir və ya kədərdən getmir, zamanla keçib getməyən, daha da pisləşən, unuda bilmədiyimiz hadisələrdən,travmalardan gedir. Müəllif deyir ki, baş verən hadisənin niyəsini sorğulayıb məntiqli cavablar tapmağa çalışmaq, gələcəyə ümidlə baxmaq və bu cür hadisələr yaşamış digər insanlara baxıb onların necə sağaldığını görmək bizə kömək edəcək. Açığı şübhə ilə yanaşsam da adam bu işin ustasıdı, deyirsə bir bildiyi var. Bu haqda biraz düşünməli və başqa metodlara baxmalıyam, bəlkə daha sonra tam aydın oldu.Günahkarlıq hissi
Hər insan səhv edə bilər (sən xaric 🙂) bu normal haldır. Etdiyimiz səhvlər bəzən biraz böyük ola bilir və günahkarlıq hissi uzun müddət çəkərək bizi məhv edə bilir. Dostumuza qarşı, ailəmizə qarşı və ya münasibətdə olduğumuz insana qarşı. Bu zaman sadə bir üzrxahlıq sizi xilas etmir. Müəllif deyir ki, qarşı tərəfi həiqətən də sorry olduğunuza inandırmalısınız, bu həm də sizin hisslərinizə yaxşı təsir edəcək.
Üzr istəyirəm demək bəs deyil. Əvvəlcə qarşı tərəfin necə hiss etdiyini, bunu başa düşdüyünüzü (onu inandırmaq lazımdır ki, həqiqətən nəticələrin fərqindəsiniz), buna görə peşman olduğunuzu (eynisini sizə etsələr necə hiss edə biləcəyinizi) və bir də belə səhv etməyəcəyinizə söz verməlisiniz. Əlbəttə başda səhv etdiyinizi qəbul etməlisiniz :)
Əgər qarşı tərəfi yanınızda deyilsə və ya həyatda deyilsə, bu dəfə özünüz özünüzü bağışlamalısınız, qarşı tərəfə edəcəyiniz detallı üzrxahlığı özünüzə izah edib özünüzü bağışlamalısınız.Fikir eləmək(dərd çəkmək)
Adətən hansısa mövzu və ya hadisədə ilişib qalırıq, elə hey düşünüb, fikrə gedirik. Öz daxilimizdə düşünüb, mühakimə edib, qərar veririk, sonra təkrar-təkrar düşünürük. Bu cür hallarda baxış bucağını dəyişməyi yoxlamaq lazımdır. Adətən sabit bir tərəfdən baxıb həmişə eyni nəticəyə gəlirik və bizi qane etmədiyi üçün elə hey fikir edirik. Özümüzü fərqli insanları yerinə qoyub o cür düşünmək olar, filankəs olsaydı bu halda nə edərdi. Başqa üsul da fərqli adamlarla, dostlarla bu mövzü haqqında danışıb onların da fikrini almaq olar. Müəllif deyir ki, arada çıxıb biraz qaçıb, fiziki hərəkət etmək də bizə kömək edə bilər. Yəni o siqareti söndür və fərqli nəsə et!Uğursuzluq
Yaşadığımız uğursuzluqlar bizdə qorxu yarada bilər və biz növbəti dəfə nəyəsə cəhd etməkdən əl çəkə bilərik. Uğursuzluq hissinə vaxtında düzgün yanaşsaq bunu əksinə çevirib faydalı bir təcrübə halına sala bilərik. Görməzdən gəlib zamanla düzələr desək həmişə bizə mane ola bilər. Ümidsizliyə qapılmadan əlimizdən gələni etdiyimizi xatırlamalıyıq. Uğursuz olmağımızın səbəblərini bir siyahı halında yazıb növbəti dəfə o səhvləri etməməyə çalışa bilərik. Uğursuzluq yaşamadan əvvəl ola biləcək pis nəticələr üçün özümüzü hazırlamalıyıq və necə davrana biləcəyimizi təxmini planlaya bilərik, çünki uğursuz olmazdan əvvəldə daha məntqili düşünə bilirik , beləcə gözlənilməz bir zərbə almaq əvəzinə hazırlıqlı olmaq olar.Özgüvənsizlik
Özgüvən çatışmazlığını müəllif zəif immun sisteminə bənzədir. İmmun sistemimiz zəifdirsə hər cür xəstəliyə asanlıqla yoluxa bilərik. Özümüzə inamımız az olduqda çoxlu fərqli problemlər yaşaya bilərik.
Özümüzə qarşı nəzakətli olmağı öyrənməliyik, kiçik bir səhvdə, nəyisə bacarmayanda tez mən beləyəm, heçnəyi bacarmıram sözlərini bir kənara qoymaq lazımdır. Özümüzü qəddar formada tənqid etməyi bir kənara qoyaq. Öz dəyərli, güclü tərəflərimizi tapıb ortaya çıxarmalıyıq.
Müəllif deyir ki, təsəvvür edin ki, yaxın bir dostunuz özünü pis hiss edir və özünə inamını itirib. Dostunuza bir məktub yazıb ürək dirək verməyə çalışın, onu yaxşı hiss etdirəcək pozitiv fikirlər, güclü tərəflərini, bacardıqlarını, qazandığı uğurları xatırladın. Sonra da o məktubu özünüzə gəlmiş kimi oxuyun, dostumuza qarşı bu qədər kömək etməyə çalışarkən özümüzə qarşı insafsız ola bilirik. Bu cür praktiki məşqlərlə özümüzə olan güvəni artıra bilərik.
Məni telegramda izləyə bilərsiniz: https://t.me/virtual_agac