Aristotel və müasir şarlatanların üsulları…
Bu həyatda necə yaşamaq lazım olduğunu çoxmuzu bilmirik, köhnə təcrübələrimizə söykənərək gələcəyə dair qərarlar qəbul edirik, bəzən bu uğurlu olur, bəzənsə uğursuz. Uğursuz olduğumuz hallarda köməyə ehtiyac duyuruq, məhz bu anlarda bizim əlimizdən kim tutur?
Bəli, düz tapdınız yerli və milli yaşam kouçları. Onlar sizin uğursuz, zəif, enerjisiz olduğunuzu bilir və sizə çıxış yolu vəd edirlər. Həyatınızı, biznesinizi, öz ailə məsələnizi necə həll etmək lazım gəldiyini bilirlər. Bütün bunları öyrənmək üçün cəmi 500 manat ödəyib təlim paketini almalısınız. Bu təlimi alaraq siz özünüzə qarşı ən böyük hədiyyəni vermiş olacaqsınız. Öz gələcəyinizi dəyişəcəksiniz, münasibətləriniz yoluna girəcək. Nə az, nə çox düz 500 manata bunlar həll olacaq, üstəlik təlimə qoşulanlara hər gün pulsuz meditasiyalar, şüuraltının formatlanması və yanında Ayran da hədiyyə olunacaq.
“Bu həyatı necə yaşamalı” haqında internetdə axtararkən (mən hər şeyi internetdə axtarıram deyəsən) qarşıma yerli yaşam kouçları çıxdı. Əslində tam olaraq necə adlandıracağımı bilmirəm. Bizim yaşam kouçları çox funksiyalıdırlar, həm psixoloqdurlar, həm münasibətlər üzrə mütəxəssisdirlər, həm biznes kouçudurlar, həm meditasiya təlimçisidirlər və nəhayət kino təhlilçiləridir. İnstagramda yadplanetlilər ilə insanı müalicə etdiyini iddia edən adamı hansı kateqoriyaya salacağımı bilmədiyim üçün onu ayrıca qeyd edirəm.
Əlbəttə bu insanlarla ilk dəfə qarşılaşdığım üçün pulsuz olaraq instagram və telegramda paylaşdıqları videolara, yazılara nəzər saldım. Sağolsunlar məni çoxlu güldürdülər. Mənə təəccüblü gələn isə bu adamların izləyici sayı idi. Minlərlə insan bu cür təlimçiləri izləyir, onların dediklərini öz həyatına tətbiq edir, onlara pul ödəyirlər.
Bu mənim marağımı çəkdi və mən canlı bir-neçə təlimə qoşuldum, sağolsunlar pullu təlimə adam yığmaq üçün bəzilərini pulsuz edirlər. Pulsuz etdiklərini dəfələrlə vurğulasalarda, onlara buna görə minnətdar olduğumuzu hər dəfə vurğulaslar da sağolsunlar.
Təlimdə absurd, elmi əsası olmayan, natamam formada dəxlisiz bir neçə məlumatı çox yaxşı formada danışdıqdan sonra təlim haqqında iştirakçıların fikrni soruşdu. Gələn şərhlərin bəziləri:
Ağlamaqdan gözümdə yaş qlmadı
Əllərim əsir həyəcandan
Təlim vaxtı otağıma anam girdi və məni qucaqladı, birlikdə ağlaşdıq
Möhtəşəmmm, sizdən yoxduuu
Bir anlıq fikirləşdim ki, məndə nəsə çatmır, mən bunları başa düşəcək səviyyədə deyiləm, axı mən niyə ağlamadım, niyə gözlərim dolmur, əllərim əsmir?
Bu mənə Şeyx Nəsrullahı xatırlatdı, avvam insanları aldadan şarlatan bir molla idi o. Cəlil məmmədquluzadə bu əsəri 100 ildən çoxdur ki yazıb, amma biz hələ də bu cür şeyxlərə inanırıq. Bu şeyxlərin adları, geyimləri, üsulları dyişsə də nəticə dəyişməyib.
Oturdum və onları təhlil etməyə çalışdım, necə olur ki, boş-boş şeylər danışaraq bu qədər adamı aldatmaq olur? Bunun üsulu və yolu nədir?
Hər mövzuda olduğu kimi burda da qabağımıza bir filosof çıxır.
Aristotelin ritorikası və ya insanları inandırma üsulları
Hələ min il əvvəl Aristotel ictimaiyyət qarşısında danışarkən onları necə inandırmağın yollarını sistemləşdiribmiş. Çünki o dövrdə yunanistanda məhkəmə qarşısında hamı özü-özünü müdafiə etməli idi. Aristotelin Ritorika kitab isə bu cür hazırlıq üçün əla vəsait idi.
İnsanları inandırmaq üçün üç əsas yanaşma var: Etos, Patos və Loqos.
Etos
Biz danışan adamın xarakteri ilə dedikləri arasında əlaqə qururuq. Əgər danışan adam yaxşı, uğurlu, güclü adamdırsa biz onun dediklərinə də inanırıq. Hansısa alim deyirsə deməli düzdür yanılması. Mən burda yaza bilərəm ki, su içmək onurğanızın sağlamlığı üçün vacibdir. Mənim yazdığımı ciddiyə almaya bilərsiz, amma bunu sizə bir həkim desə mütləq buna inanacaqsız. Yəni sözü deyən adamın kim olması vacibdir. Buna səlahiyyətə hörmət də deyirlər.
Digər tərəfdən biz özümüzə bənzəyən insanları daha yaxın hiss edirik, sevirik. Sevdiyimiz insanları isə qərəzsiz, sorğulamadan dinləyirik. Qərəzsiz dinlədiyimiz adama isə daha çox inanırıq.
Deməli taktika belədir:
İnsanların gözündə yaxşı bir imic yarat.
Onlardan biri imiş kimi görün və onların etibarını, inamını qazan.
Buna görə də saxta kouçlar, meditasiya, enerji təlimçiləri öz profillərini qabardırlar. Amerikada, Rusiyada, Türkiyədə təhsil aldıqlarını, minlərlə insana təlim keçib pozitiv cavab aldıqlarını, bitirdikləri universiteti, aldıqları sertifikatları nümayiş etdirirlər. Hərdən saxta təhsil və uğur da əlavə edirlər və ya aldıqları təhsili şişirdərək təqdim edirlər. Məsələn: Türkiyədə 200–300 manat verib bir həftəlik təlimdə işitrak edib, aldıqları sertifkatı çox mühim bir şey kimi təqdim edirlər.
Yaxşı bir profil hazırlamaq insanlara təsir etməyin ilk addımı idi, amma etos davamlı olaraq inkişaf etdirəcəyi bir üsuldur. Daha sonra öz instagram səhifəsində daim hardasa bahalı bir oteldə istirahət edərkən, bahalı maşın sürərkən, bütün gün gülərək, əylənərək vaxt keçirdiyini göstərir. Beləcə onu izləyən adamda fikir formalaşır: bu qədər xoşbəxt, zəngin və uğurludursa deməli dedikləri də düzdür.
Digər üsullar:
Böyük seminar zalı tutaraq orda seminar vermək, ciddi görünmək.
Vebsayt açmaq, sosial mediada təsdiqlənmiş profil almaq.
Bacardıqları qədər rəsmi, qanuni, etibarlı görünmək görünmək.
Patos
Patos — emosional təsirin əhəmiyyətini vurğulayır, çünki biz qərar verərkən emosiyalarımız bizə yön verir. Qarşı tərəfin emosiyalarına xitab etmək çox işə yarayan bir üsuldur. Bunu fərqli yollarla etmək olar.
Bəzi insanlara qorxuları yön verir, bu qrup insanlara qorxu aşılayaraq sizə inanmaqlarını təmin edə bilərsiniz. Siyasətçilər çox vaxt biz olmasaydıq xarici qüvvələr bizim millətimizə filan şeyi dərdi və s. kimi çıxışlarında daha çox qorxu əsaslı bir yola əl atır. Bizim təlimçilər də onları izləyənləri uğursuzluq, bədbəxtliklə qorxuda bilirlər.
Nümunə: Mənim təlimimə qoşulmasanız heç vaxt ailədə xoşbəxt ola bilməyəcksiz.
Qarşıladığım uydurma bir terapiyanı ələ alaq: “Mama terapiya”. İnsanların öz anaları ilə olan münasibətini həyatda yaşadığı bütün problemlərin kökü kimi göstərən bir yanaşma. O qədər absurd bir yanaşmadır ki: təlimçi bir ara dedi ki, mamanız ilə münasibətiniz düzəltməsəniz yoldaşınız sizə heç vaxt briliyant üzük almayacaq.
Cəmiyyətimizdə demək olar ki, hamının öz valideynləri ilə bağlı çətinlikləri var, çünki tarixi olaraq çoxlu çətinliklərdən keçmişik, valideynlərimiz müharibə görüb, kasıblıq, aclıq görüb. Özləri həyatda qalmağa çalışarkən bir tərəfdən də övlad yetişdirməyə çalışıblar. Belə olan halda problemsiz övlad böyütmək demək olar ki, mümkünsüzdür. Bundan istifadə edərək, təxmin etməyin çox asan olduğu problemləri səsləndirərək, insanların emsoiyasına xitab etmək, onları başa düşürmüş kimi etmək çox asandır. Bu cür edərkən həm də “mən sizi başa düşürəm”, problemlərinizi bilirəm mesajı verir, əlbəttə ki, bu problemlərin həlli üçün 500 manat ödəməlisiniz.
İnsanların güvənini qazanmaq üçün etdikləri (Güvən qazanmaq emosional inandırmanın əsas parçasıdır.):
Hər dəfə əzizlərim, gözəl insanlar və s. kimi səmimi xitablar
Uğurlu olan adamlardan seçib onları tez-tez vurğulamaqları.
Təlimçini, onun həyatını dəyişdiyi üçün, çox sevən insanların mesajlarını screen edib paylaşmaqları.
Pulsuz təlimlər edərək onların qayğısına qaldığını göstərmək və dəfələrlə pulsuz etdiyini vurğulamaq.
Çıxışlarında səs tonunu dəyişmək arxada musiqi açaraq insanı hər tərəfli manipulyasiya etmək.
Digər emosional üsullar:
Ümidlərə fokuslanmaq, dinləyən adamlara xəyal satmaq. Siz mənim dediklərimi etsəz, filan şeyləri əldə edəcəksiniz.
Ad Populum — Minlərlə insan məni izləyirsə deməli səhv ola bilmərəm, sən də qoşul.
Cəmiyyət formalaşdırmaq, ora qoşulan insanların bu cəmiyyətin vacib bir üzvü olduğunu göstərmək. Enreji sesiyalarının birində təlimçi deyirdi ki, burda olan 35 nəfər hamı bir-birinə enerji ötürür, gör necə gözəldir. Sizin çoxlu dəstəkçiniz var. Bu həm də insandakı yalnızlıq hissini qovur, çətinlikdə olsan da özünü tək hiss etmirsən.
Seans vaxtı qarşı tərəfi ağlatmaq, kövrəltməyə çalışmaq, beləcə daha asan manipulyasiya olunacaq hala gəlməsi. İnsan ağlayarkən ən çarəsiz və müdafiəsiz vaxtda olur. Bir adama təlim satmaq üçün onu ağlatmaqdan daha yaxşı üsul yoxdur.
Qısaca, bizim kouçlar insanların emosiyalarını istismar edirlər, onların zəiflikləri, çarəsizlikləri, ümidləri və xayallarına xitab edərək onlara nəsə satırlar. Sonra da bu qurbanları öz səhifələrində uğur kimi nümayiş etdirirlər.
Loqos
Loqos — mənitqə, ağıla xitab etmək üsuludur. Bu üsulu qəsdən ən sonda yazıram, çünki bizim təlimçilər yaxşı etos və patosçudurlar. Etos və Patosu çox güclü istifadə edəndən sonra onsuz da sizə etibar edən, dediyiniz etməyə hazır insanlar toplamış olursuz. Dediklərinizin məntiqli olması artıq arxa plana düşüb. Əlbəttə Loqosu tamamilə silə bilmərik, bizim təlimçilərimiz loqosu da çox yaxşı istifadə edə bilirlər. Əvvəlcə bunu aydınlaşdıraq: loqos, sizin dediyinizin məntiqli olmağını tələb etmir, qarşı tərəfə məntiqli görünməyi də kifayətdir.
Psevdo elmi sözlərdən çox istifadə. Formatlama, proqramlama, enerji, metafizika, modul, arxetip və s. (Qarşı tərəfə inandırıcı görünmək üçün hər cür dəxlisiz termindən istifadə)
Rəqəmlər göstərmək, statistika ilə danışmaq.
Resursların, elmi araşdırmaların adını çəkərək daha da inandırıcı görünmək.
Kairos
Zamanlama — düzgün vaxtda düzgün addımı atmaq.
Nümunə: İnsanlara məntiqli arqumentlrə gətirib, depresiyada, çıxılmaz vəziyyətdə olduqlarına inandırıb, dərhal sonra 500 manatlqı təliminzi xilaskar kimi təqdim edə bilərsiz.
Zamanlama da çox önəmlidir, yanınızda kövərlmiş, ağlayan bir insana məntiqli arqumentlər gətirmək əvəzinə onu başa düşdüyünüzü, ona kömək edəcəyinizi demək, sizə 500 manat qazandıra bilər.
Əslində ritorika düşüncələri qarşı tərəfə ən yaxşı formada çatdırmaq üçündür, amma dələduzlar da bu üsulları istifadə edə bilirlər. Bu üç üsulun hərəsinə biraz əməl etsək kifayət qədər insanı inandıra bilərik, vaxt keçdikcə bu üsullarda ustalaşdıqca insanları daha rahat aldada bilərik.
Nəticə
Özünüzü fırıldaqçılardan qoruyun. Əgər probleminiz varsa, tək başına öhdəsindən gələ bilmirsinizsə çarəsizliyə qapılıb sizə xəyal satan insnaların ardınca getməyin. Bu sahədə həqiqətən təhsil alana, təcrübəsi olan psixoloqlardan kömək istəyin. Yadınızda saxlayın, Psixoloq sizə nəsə satmağa çalışmaz, sizi ağladaraq manipulyasiya etməyə çalışmaz, sizə nə etməli olduğunuzu, sizi xilas edəcəyini deməz.
Bizim kouçlar hələ özləri də nə olduqlarını dəqiq bilmirlər, hərdən meditasya təlimçisi olurlar, hərdən özlərini psixoloq kimi aparırlar, hərdən biznes haqqında məsləhət verərək biznez kouç olurlar. Hərdən də düşük türk seriallarını təhlil edərək sizə ordakı qadınların kişilərdən necə pul qopardığını, pul qoparmaq üsullarını öyrədirlər. Yaşam kouçu olasalar da bütün mövzuları gətirib pula bağlaya bilirlər. Qeyri-adi, mücərrəd, sizin başa düşməyəcəyiniz şeylərdən danışar, enerji, kainat, kvant enerjisi kimi adları çəkərək sizi inandırmağa çalışarlar.
Əgər yaşam kouçuna pul vermək istəsəniz, mənim kanalıma qoşulun, bütün problemlərinizi daha ucuz qiymətə həll edəcəyəm, cəmi 99.9 manata necə yaşamaq lazımdır öyrənmək üçün linkə keçid edin: https://t.me/virtual_agac
Sağlam olun , sağlam yaşayın, şarlatanlara inanmayın…