İntiharla mübarizədə praktiki üsullar
Xatırlatma:
Əgər intihar etməyi düşünürsənsə, təcili olaraq mütəxəssis yardımı almalısan. Ailə üzvlərinlə, dostlarınla bu fikirini bölüş, özünü yaxşı hiss etmədiyini, onların sənə bu çətin vəziyyətdən çıxmaqda kömək etmələrinə icazə ver.
Səhiyyə Nazirliyi yanında Psixi sağlamlıq mərkəzinin 2 Qaynar Xətti mövcuddur: 012 566 50 61 ; 012 409 39 28 şəhər nömrələri hər kəsin zənginə açıqdır. 409–39–28 nömrəsi isə 24 saat fasiləsiz çalışır.
Ətraflı məlumat: https://www.psm.az/az/pages/42
Qeyd: Mənim bu mövzuda heç bir təhsilim yoxdur və bu yazı tamamilə həvəskar olaraq internetdən öyrəndiyim, tapdığım resurslara əsaslanır, bu yazı informativ xüsusiyyət daşıyır və şəxsi fikirləmi də əhatə edir. Burda yazılanlar mütəxəssis dəstəyini əvəzləyə bilməz.
Giriş
Əvvəl bunu deməliyəm ki, intihar etmiş və ya etməyi düşünən insanların çəkdikləri əzablara, ağrılara hörmətlə yanaşıram. Kənardan baxanda başa düşülməsə də, sadə bir səbəb kimi görünsə də, bir insan öz həyatını sonlandırmağı seçirsə bu, onun dərin ağrılar, əzablar çəkdiyini göstərir.
İntihar həll yolu deyil, bəzən insanlar intihar edərək bütün ağrılardan xilas olacağını, rahatlayacağını düşünür, amma unutmamaq lazımdır ki, rahatlamaq hissini yaşayan bir insan təcrübə edə bilir. Ölüm isə qaranlıq və yox edicidir.
Bütün insanların həyatında çətin, qaranlıq günlər olur, bu qaranlıq günlər sonsuza qədər davam etmir. Zaman keçdikcə ilk başda insana çətin gələn şeylərlə mübarizə aparmağı öyrənirik. Bu dəqiqə sənə çətin gələn, əzab verən səbəb nədirsə zamanla daha az çətin gələcək. Biz çətinliklərlə, mübarizə ilə yaşamağa təbiət olaraq uyğunuq.
İntihara cəhd edən insanların 90%-də mental pozğunluqlar olduğunu göstərən araşdırmalar var. Bu insanlar fərqində olaraq və ya olmayaraq depresiyadan, hansısa hormonun, vitaminin çatışmazlığından əziyyət çəkirlər.
Bu yazıda intiharla mübarizə və intiharın əsas səbəblərindən biri olan depresiya haqqında danışacağıq.

İntihar etmək istəyən insanı təyin etmək
Bir dostunuz və ya ailə üzvünüz intihar düşüncələri ilə öz daxilində mübarizə apara bilər, özlərini yaxşı hiss etməyə bilər. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə intiharla bağlı fərqindəlik, bundan əziyyət çəkən insanlara dəstək çox zəifdir. Şüurlu bir fərd olaraq biz özümüzü bu mövzuda maarifləndirib dəstəyə ehtiyacı olan insanları təyin edib onlara əlimizdən gələn köməyi göstərə bilərik.
Mütəxəssilər deyir ki, insanlar intihar etmədən əvvəl bu haqda bəzi işarələr verirlər. Bunun fərqində olmasalar da öz davranışları, danışıqları, düşüncələri ilə bunu büruzə verirlər.
Aşağıdakı siyahı bizə ətrafımızda olan və intihara meyilli olan insanları tanımaqda, təyin etməkdə kömək edəcək.
Ölmək istədiklərini və ya özlərini öldürmək istədiklərini zarafatla da olsa dilə gətirilər.
Özünə qəsdlə bağlı üsullar, alətlər axtarışında olurlar. Məsələn: ağrısız ölüm.
Yaşamaq üçün səbəbləri olmadığını deyir, ümidsiz hiss edirlərsə.
Həmişə narahat, həyəcanlı, ehtiyatsız davranırsa(ölümdən qorxmadıqlarını göstərməyə çalışırsa).
Özünü insanlardan izolyasiya edirsə, daha çox tək qalmağa, dostları ilə də görüşməməyə çalışırsa.
Qisas almaqdan danışırsa, ekstrim əhval dəyişiklikləri yaşayırsa. Anidən sevinir, kədərlənir və ya əsəbləşirsə.
Bu tip cümlələr işlədirsə:
Hər şeyi və hər kəsi atıb getmək istəyirəm.
Yatsam və oyanmasam, ölüb qurtulsam.
Kaş məni maşın vursa, və ya başıma bir iş gəlsə və ölsəm.
Anidən çoxlu spirtli içki içməyə başlayırsa və ya narkotik maddələrə meyil edirsə.
Dözülməz mənəvi əzablar çəkirlərsə və bunu göstərirsə.
Çox az yatırsa və ya normadan çox yatırsa. Çox ciddi yuxu pozuntusu varsa.
Unutmayın bu işarələrdən bəziləri sizdə və ya dostunuzda varsa bu intihar edəcəyiniz və ya etməli olduğunuz mənasına gəlmir. Sadəcə normasında olmayan bir şey olduğunu göstərir. Tez bir zamanda dəstək və yardım alaraq bu fikirlərdən qurtula, öz mənəvi əzablarınızı azalda bilərsiniz.
Son zamanlar kefsiz, depresiv hiss edən bir insan anidən yaxşılaşdığını, enerjili olduğunu deyirsə intihara qərar vermiş ola bilər. Ağrılardan qurtulmaq üçün intihara qərar vermiş insana yalançı bir rahatlama gəlir. Konkret intihar planı qurmuş bir insan öz sevdiyi əşyalarını başqalarına hədiyyə verməyə başlayır. Ailə üzvləri və dostları ilə görüşüb onlarla vidalaşır. Əgər bir insanda bu cür ani dəyişiklik görürsünüzsə onu tək qoymamağa çalışın, danışmağa, vəziyyəti başa düşməyə çalışın.
İntiharı düşünən insanla necə davranmalı?
Əgər intihar haqqında düşünən bir yaxınınız varsa tək başınıza onu xilas etməyə çalışmayın. Mütəxəssis yardımına mütləq yönləndirin və ya ona kömək edə biləcək insanları bu haqda xəbərdar edin. Özünüzü ağır bir yükün, məsuliyətin altına atmayın. Etdiyiniz hər hansı bir səhv hərəkət, dediyiniz səhv bir söz qarşı tərəfi daha da pis edə bilər.
Bu siyahıda intihar düşüncəsi olan insanla necə davrana biləcəyinizi göstərən üsullar var:
Sakit formada onu dinləyin, mühakimə etməyin, səbəbini sorğulamayın, yalan ümidlər verməyə çalışmayın. Həyatda olan gözəllikləri vurğulamağa çalışmayın. Onu başa düşməyə çalışın. Çox sual verməyin. İcazə verin özünü ifadə etsin, nə düşündüyünü, hiss etdiyini izah etsin.
Necə kömək edə biləcəyinizi soruşun, tək olmadığını göstərin. Əgər sizin başa düşməyəcəyinizi deyirsə, birlikdə bir mütəxəssis, başa düşən adam tapa biləcəyinizi deyin.
Danışmaq istəmirsə məcbur etməyin, nə vaxt danışmaq istəsə orda olduğunuzu, dinləməyə hazır olduğunuzu göstərin. Tək qoymamağa çalışın.
Rahat olun, ciddi və ya narahat edici bir mühit yaratmayın,öz həyəcan, əsəb kimi duyğularınızı ona ötürməyin. Kofe içərək, parkda gəzərək onu rahatladaraq söhbət etməyə çalışın.
Mütəxəssis köməyi almağın ayıb və ya pis bir şey olmadığını, insanın bəzən çətinlikləri aşmaq üçün köməyə ehtiyacı olduğunu vurğulayın. Birlikdə bir psixoloq, terapist axtarışına çıxın. Əgər ona da rahatdırsa bu prosesdə onu tək qoymayın. Tanıdığınız, güvəndiyiniz psixoloqlara yönləndirməyə çalışın.
İntihar ilə bağlı sual soruşmağa qorxmayın. Bu haqda düşünüb düşünmədiyini, planının nə olduğunu öyrənməyə çalışın. İntihar haqqında düşünən insanlar adətən bunu danışırlar.
Riski dəyərləndirin, əgər həqiqətən intihar etməyi düşünürsə bunu sirr olaraq saxlamayın, təcili bir mütəxəssisə və ya kömək edə biləcək insanlara xəbər verin. Bu o insana xəyanət deyil, onu sevdiyinizi və xilas olmasını istədiyiniz göstərir.
Öz ailə üzvünüzdən, dostunuzdan vaz keçməyin. Heçkim bunları görmürsə, o insana kömək etmirsə. Siz vəziyyəti təhlil edin, əlinizdən gələni etməyə, yardım tapmağa qorxmayın. Burda yazılanlar sizin üçün kiçik və sadə görünə bilər, amma unutmayın, bu sadə addımlarla bir insanın həyatını xilas edə bilərsiniz.
Depresiya və Emosiyalar
Araşdırmalar göstərir ki, intihardan həyatını itirmiş və ya buna cəhd etmiş insanların 90%-də depresiya, qayğı pozuntusu, panik atak və s. mental pozuntular var. Əgər intihar haqqında düşünürsənsə böyük ehtimalla səndə də depresiyanın izləri ola bilər və ya hormonal pozuntu ola bilər.
Untuma, depresiyda olan bir insanın verdiyi qərarlar, etdiyi seçimlər aydın və düzgün olmur. Mütəxəssilər məsləhət görür ki, özünüzü depresiv hiss etdiyiniz dönəmlərdə ciddi qərarlar almayın. Bu qərarları özünüzü sağlam hiss etdiyiniz günlərə ertələyin. Nəzərə alsaq ki, intihar həyati önəm daşıyan bir qərardır, o zaman, bu qərarımızı da depresiyadan xilas olduqdan sonraya saxlamaq lazımdır.
İnsanı intihara aparan bəzi emosiyaların fərqində olmaq bizə onlarla mübarizə aparmaqda da kömək edəcək. Öz psixoloji vəziyyətinizin fərqində olun, duyğularınızı tanıyın, onları balansda saxlamağa çalışın. İntihar hissi ilə əlaqəli bəzi duyğular:
Ümidsizlik — gələcəklə, insanlarla,sevgi ilə, işlə və s. bağlı ümidini itirmək.
Bədbinlik — hər şeyin pis olacağını, hadisələrin və insanların getdikcə daha da pis olacağını düşünmək, hiss etmək.
Çarəsizlik — Heçnəyi dəyişə bilmədyinizi, əlinizdən bir şey gəlmədiyini düşünürsünüzsə.
Dözülməz əzablar — Mənəvi ağrılar və əzablar çəkirsinizsə, uğursuz bir sevgi, bir yaxınınzı itirmisinizə.
Hissizlik — Heçnə hiss etməmək, həyəcanlanmamaq və yakədərlənməmək, heçnəyə sevinə bilməmək.
Bunlar mənim ağlıma gələnlərdir, yəqin ki, sizdə başqa duyğular və emosiyalar da var. Bu kobud formada ümumiləşdirlmiş bir siyahıdır.
Tək başına bu cür bədbin və güclü duyğularla mübarizə aparmaq çətindir. Bir mütəxəssis, psixoloq taparaq birlikdə bu cür emosional çətinliklərin öhdəsindən gələ bilərsiniz.
Mənim üsulum: Öz emosiyalarınızı, düşüncələrinizi təhlil edərək onları təyin edin, hisslərinizi tanıyın. Lazım gəlsə bir dəftərə və ya kağıza yazaraq önünüzə qoyun. Bu duyğuların nə qədər real olduğunu, keçici olub olmadığını, bu duyğulardan necə xilas ola biləcəyinizi axtarın. Hadisələri, insanları dəyişə bilmirsinizsə onları olduğu kimi qəbul edib, onlara olan yanaşmanızı dəyişməyə çalışın.
Bədbin düşüncələr, hisslər hamıda olur və olmağı da normaldır. Uzun müddət davam edirsə problem olmağa, depresiya yaratmağa başlayır.
Reaktiv depresiya: Yaxın bir insanın ölümü, gözlənilmədən işdən çıxarılma, sevgi münasibətinin sonlanması kimi bəzi hadisələr insanı ani depresiyaya sala bilir. Həmin anda dözülməz bir hal alır və bəzən insanlar bu vəziyyətdə intiharı da düşünür. Buna psixologiyada reaktiv depresiya deyirlər, yəni hansısa hadisə qarşısında verdiyimiz ilk reaksiya, əhval. Bu növ depresiya qısa müddətdə keçə bilən növdür, sadəcə düzgün yanaşma lazımdır. Fərqində olmaq lazımdır.
Hormonların Rolu
Bədənimizdə baş verən bəsi kimyəvi hadisələr, hormonlar da bizim düşüncələrimizə və necə hiss etməyimizə təsir edir. Araşdırmalar bir çox hormonun artıqlığı və ya çatışmazlığının emosiylarımız, depresiya və intiharla bağlı ola biləcəyini göstərir. Etiraf etməliyəm ki, bu mövzuda oxumağa, öyrənməyə çalışsam da bir çoxunu başa düşmədim.
Başa düşdüyüm: sadəcə öz zehnimizdə nələrisə dəyişməyə çalışmaq, özümüzü yaxşı hiss etməyə, mənəvi əzablardan qurtulmağa çalışmaq tək başına bəs etməyə bilər.
Depresiya ilə mübarizədə dərman müalicəsi çox önəmli rola sahibdir. Həkim məsləhəti ilə bəzi analizlər verib öz homonlar vəziyyətinizi öyrənə bilərsiniz. Bəlkə də elə bir dərman var ki, bir dəfə istifadə edəcəksiniz və bir çox emosional pozuntular aradan qalxacaq.
Xatırlatma: Bu cür qərarları, analizləri, dərman seçimlərini mütləq bir həkim nəzarətində edin.
İntiharla əlaqəsi olduğu düşünülən bəzi hormonlar:
Oksitosin (bu hormonun azlığından əziyyət çəkən insanların özünə zərər verməyə meyilli olduğu ortaya çıxıb.)
Seratonin, Dopamin
Estrogen, Testestron
Tiroid hormonları
Kortizol
Bu haqda oxumaq istəyənlər üçün resurslar hissəsində bir-iki məqalə əlavə etmişəm.
İntihar bulaşıcıdır
Ola bilər ki, siz özünüzü yaxşı hiss etmirsiniz və intihar etmək sizə məntiqli görünür. Onsuz da intiharı seçən bütün insanlara bu məntiqli və son çarə kimi görünür. Belə olan halda sadəcə öz yaxınınızda olan insanlardan dəstək və kömək alın, psixoloq tapıb düşüncələrinizi, hisslərinizi onunla bölüşün. İnternet mühitindəki tanımadığınız adamlar sizi tanımadıqları üçün, nələr yaşadığınızı bilmədikləri üçün sizə verəcəyi məsləhətlər də, fikirlər də xətalı olacaq. İntiharı romantizə etmək doğru deyil, intihar etmiş olan insanların çəkdikləri ağrıları başa düşmədən, sırf onları təqlid etməyə çalışmaq xətalıdır.
Özü intihar etməsə də bunun normal,məntiqli olduğunu müdafiə edərək başqalarını da buna inandırmağa çalışan insanlar da var. Yəqin ki, sizin də qarşınıza intiharı tərifləyən, mataq bir şey imiş kimi göstərməyə çalışan insanlar çıxıb. Mən bu cür insanları çaşmış, başı qarışmış, yolunu itirmiş kimi görürəm. İntihar etməyi düşünən bir insan bunun təhlükəsini də başa düşür və dərin mənəvi əzablar çəkir. Kiməsə intihar etməyi təbliğ etmək, intihar etmək üçün səbəblər tapmağa çalışmaq, çox lazımsız bir hərəkətdir. Ola bilər ki, siz öz intiharla mübarizənizdə axtarışdasınız, intihar etmək və ya etməmək üçün səbələr axtarırsınız, bunun üçün öz yaxınlarınızdan, mütəxəssisdən dəstək almaq ən məntiqlisidir. Tanımadığınız bir adamın nələr çəkdiyini, nələr hiss etdiyini bilmədən ona bu haqda danışıb, öz intihar planınızın nə qədər məntiqli olduğunu sübut etməyə çalışmaq, qarşı tərəfdə mənfi bir iz buraxa bilər, hətta çətinlikdə olan birini buna doğru həvəsləndirə də bilər. İntiharın bulaşıcı olduğu haqqında ortaq bir məxrəc var. Məşhur olub, psixoloji səbəblərdən intihar edən insanların ölümündən sonra bir çox insan da intihar edir. Buna görə də tv-də, media orqanlarında intihar xəbərlərinin sıxlığını azaltmaq və təqdim olunma üsullarını inkişaf etdirmək lazım olur.
Son söz
Mövzu dərin və mürəkkəbdir, bu mövzuda çox təcübəm və biliyim yoxdur. Resurslar hissəsində bir neçə məqalə, faydalı tövsiyələrin linki var. Maraqlananlar daha detallı oxuya bilər.
Bütün çətinliklər, ağrılar zamanla keçir, keçməsə də biz buna alışırıq. Əvvəl çətin gələn şeylər zamanla asan görünməyə başlayır. Bu həyat bizə verilmiş bir hədiyyə qutusu kimidir, qutunun içində həm şirin, həm də acı xatirələr, təcrübələr var. Həyatı gözəl edən şey də məhz budur. Çətinlikdən sonra gələn rahatlıq, qara günlərdən sonra görünən aydın günlərin ləzzəti də, mənası da dəyərli olur.
İndi intihar haqqına düşünürsənsə bunu biraz ertələməyi düşünə bilərsən.
Bəlkə sabah elə bir insanla tanış olacaqsan ki, səni yaşamağa, həyata bağlayacaq.
Bəlkə elə bir dost tapacaqsan ki, birlikdə bütün çətinlikləri aşmağın verdiyi ləzzəti duyacaqsan.
Bəlkə elə bir pişik sahiblənəcəksən ki, hər səhər səni öz oyunları ilə əyləndirəcək və sən onunla birlikdə yaşamaqdan zövq alacaqsan.
Bəlkə bir səhər oyanacaqsan və gözlərindən bədəninə dolan günəşin şüaları səndə gələcəyə dair ümid yaradacaq…
Ümid edirəm ki, bu yazı bir zərrə də olsa sizə kömək edəcək.
Telegramda izləmək üçün: https://t.me/virtual_agac
Resurslar:
https://family.gov.az/az/post/2298/gunun-aktual-problemi-intihar
https://sprc.org/wp-content/uploads/2023/01/SafetyPlanningGuide-Quick-Guide-for-Clinicians.pdf
https://www.researchgate.net/publication/310614034_Psikiyatrik_Bozukluklar_ve_Intihar
https://www.sciencedirect.com/science/article/abs/pii/S1077722911000630
https://www.talkspace.com/mental-health/conditions/depression/how-to-cope/