İtirdiklərimə…
İtirdiyi əşyalar üçün yas tutan bir adamın hekayəsinin eşitdikdən sonra qərar verdim ki, mən də itirdiklərimi yad edim. Beləcə bir yazının…
İtirdiyi əşyalar üçün yas tutan bir adamın hekayəsinin eşitdikdən sonra qərar verdim ki, mən də itirdiklərimi yad edim. Beləcə bir yazının planına başladım, itirdiyim xəyallar, qorxular, ümidlər və ən əsası insanlar. Elə yazının ortasına çatmamış həvəsimi də itirdim. Parkda gəzərkən böyük bir ağacın altında bir dəqiqəlik sükut ilə hamısını yad etməklə kifayətləndim.
İtirmək həm də nəsə qazanmaqdır, ən pis halda təcrübə. Bir dəfə itirdiyi dişinin boşluğu ilə yaşamağa çalışan bir insanın hekayəsini eşitmişdim. Bu boşluğu itirdiyi insanların həyatında açdığı boşluğa bənzədirdi. Əvvəl heç cür alışa bilmədiyin, narahat edici bir boşluq olsa da zamanla onunla yaşamağı və o boşluğu özünün bir parçası olaraq görməyə başlayırsan. İtirdiyin bir diş belə sənə boşluq qazandırırsa deməli bütün itirdiklərimizə nə isə borcluyuq. Balaca olanda çox şey itiriridik amma onlar da özümüz kimi balaca idilər. İnsan böyüdükcə itirdikləri də böyüyür.
Bu mövzuda insanı kosmik gəmiyə bənzədə bilərik, yolun əvvəlində çox nəhəng olur, amma yuxarı doğru qalxdıqca hər mərhələdə bir parçasını geridə qoyub yoluna davam edir. Ən sonda kosmosa çatanda gəminin özü deyə biləcəyimiz çox kiçik bir parçası qalır. Bəlkə biz də nələrisə itirdikcə geriyə əsl özümüz qalırıq.