Əlvida 2023!
Yeni il üçün hədəf qoymazdan əvvəl geri dönüb ötən ilə baxmaq lazımdır. Adətən hər ilin əvvəlində hədəflər qoyub sonra da unuduram. Bu dəfə…
Yeni il üçün hədəf qoymazdan əvvəl geri dönüb ötən ilə baxmaq lazımdır. Adətən hər ilin əvvəlində hədəflər qoyub sonra da unuduram. Bu dəfə ötən ildə qazandığım bəşəriyyət üçün kiçik amma özüm üçün böyük sayıla biləcək uğurları sizinlə bölüşmək istədim. Heç kim səni bacardıqlarına görə təqdir etmirsə gərək özün özünü dəyərləndirməyi bacarasan.
Elə başlayaq bu teleqram kanalından. Kanalı iki il əvvəl yaratmış olsam da keçən ilin əvvəlində hamıya açıq hala gətirdim. Hədəfim sosial mediada kontent yaradıb çox insana çatmaq deyildi. Bu kanalda bloqumda və gündəliyimdə yazdıqlarımdan hissələr paylaşıb, necə hiss edirəmsə, nə düşünürəmsə bacardığım formada ifadə etməyə çalışıram. İş burasındadır ki, bu qədər adama maraqlı gələcəyini düşünməzdim. Burda yazılanları oxuduğunuz, fikir bildirdiyiniz üçün hamınıza təşəkkür edirəm.
Çoxdandır davamlı etmək istədiyim bloq yazmağı davamlı hala gətirdim. Nə az nə çox düz 26 Yazı paylaşmışam. Bəziləri kitab təhlili, bəziləri filmlər haqqında, bəziləri də öz düşüncələrim. Yazdıqlarım fərqli mövzular kimi görünsə də bir çoxu özümü tanımaq yolunda öyrəndiklərim və düşündüklərim ilə bağlı idi. Ötən bir ildəki ən önəmli hədəfim “Mən” idi. Özümü tapmalı, yaratmalı, və ya başa düşməli idim. Biraz gecikmiş ola bilərəm amma buna dəyərdi. Bu haqda ayrıca geniş bir yazı yazmağı düşünürəm.
Bir idmanı vərdiş halına salmağı bacardım — son bir ildə hər həftə 2–3 dəfə üzmüşəm.
Səyahət etmək istədiyim ölkələr siyahısından bir neçəsinin adını sildim.
Bütün qərəzli düşüncələrimi, qorxularımı bir kənara qoyaraq psixoloqla davamlı görüşə başladım.
Karyeramda bir pillə yuxarı qalxdım.
Sən də oturub ötən il haqqında etdiklərini, qazandıqlarını, itirdiklərini, öyrəndiklərini yaz. Uğurların da, səhvlərin də səni sən edir. Növbəti il üçün hədəf qoymazdan əvvəl özün özünə təşəkkür et, özünü qucaqla. Bəli sən bacardın, daha çətin bir ili başa vurdun. Bezdin, yoruldun, yıxıldın, sevindin, yeni insanlar qazanıb, bəzilərini itirdin. Bəziləri səndən nəsə apardı, bəziləri isə sənə nəsə qatdı. Pis günlər geridə qalmır, aram-aram yenə gələcək, lakin sən artıq daha güclüsən. Hər ötən il biraz daha böyüyürsən, güclənirsən. Ümid etməkdən, həyat uğrunda, istədiklərin, sevdiklərin, arzuların uğurunda mübarizə etməkdən vaz keçmə!