Hər şeyə ən başdan, bu məktubu necə yazdığımdan, başlamalı.
Evdə oturmuşdum, birdən pəncərə öz-özünə açıldı, güclü bir külək əsdi və qarşımda sənin ruhun canlandı. Mənə baxıb gülürdün və ya üzündəki bu acı gülüşlə mənə baxırdın və s.
-- Yalan danışma, belə olmamışdı.
Evdə tək oturmuşdum, darıxırdım. Birdən pişiyimlə göz-gözə gəldik. Bu dəfə fərqli baxırdı. Baxışlarında bir məna var idi. Yuxusuzluq idi, ya gerçək bilmədim. Pişik mənə acı-acı gülürdü. "Bu sonluqdan xilas ola bilməyəcəksən" dedi. O anda başa düşdüm ki, pişiyin içində sənin ruhun var. Tez hərəkətə keçdim, boğazından tutub göyə qaldırdım. Gözləri dəyişdi, artıq mənə yazığı gəlmirdi, qorxurdu. Mən də səndən elə qorxuram.
-- Dedim axı, həqiqi olanı danış.
Tanımadığım (və ya biraz tanıdığım) şəhərin qaranlıq (və ya yarı qaranlıq) küçələrində, qulağımda kədərli bir musiqi olarkən, bu məktubu yazmaq qərarına gəldim. Əvvəllər elə bilirdim, kimsə məktub yazmağa, onu yazarkən qərar verir. Nə yazacağını elə həmin an düşünür. Əslində isə adam yazacağı hər şeyi lap əvvəldən fikirləşir, ölçür, biçir, daha sonra yazmağa başlayanda tezbazar yazıb bitirir.
Gördüyün kimi, iştirak etdiyim (dinlədiyim) bütün söhbətlərdə olduğu kimi, bu məktuba da necə başlayacağımı bilmirəm. İnsanlar söhbətə necə başlayır? Nə deyəcəyini, necə deyəcəyini haradan bilir? Mən bilmirəm.
-- Bilirsən, ancaq xoşun gələn (tanıdığın) adamlarla.
Səninlə tanış olduğum gündən bəri səndən qurtula bilmirəm. İnsanlar ölümdən qaçır. Mənsə səndən. Daha doğrusu, sənin yazdığın sonluqdan.
-- Bu anda pişiklə göz-gözə gəlir. Pişik mürgüləyir.
Mən uşaq olanda nənəm həmişə Hikmət adlı bir qəhramandan danışardı. Hikmət bu cür savadlıdır, bu cür əxlaqlıdır. Filan vaxtı, filan hadisədə Hikmət elə bir hərəkət edib ki, hamı ondan danışıb. Nənəm mənə hərdən Hikmət deyərdi. Mən də elə bilirdim ki, bu həyatda hərənin bir Hikməti var. Mən də nənəmin Hikmətiyəm.
-- Nə sayıqlayırsan?
-- İmkan ver, sonunu yaxşı gətirəcəm.
Aradan illər keçdi. Nənəm öldü. Mən heç vaxt o Hikmətə çata bilmədim. Elə Hikmətlə ilk tanışlığım da nənəmin yas mərasimində oldu. Gördüyüm Hikmət nənəmin danışdığından çox fərqli idi. O gün qərar verdim ki, mən Hikmət olmayacağam. Nənəmlə birgə onun Hikməti də öldü. Kənardan pişiyin səsi gəldi.
-- Amma sən ölmədin. Üstündəki bu Hikmət lənəti ölmədi.
Düz deyir. Mən o Hikmət deyiləm, amma sənin Hikmətin olmaqdan qaça bilmirəm. Hansı Hikmət? Birinci, yoxsa üçüncü? Sənin Hikmətinlə tanış olduğum gündən bəri özümü sənin romanından real həyata qaçmış bir qəhrəman kimi hiss edirəm. Mən birinci Hikmət olduğum dönəmlərdə özümü xoşbəxt sayır, həyatdan zövq alırdım. Böyüdükcə ikinci Hikmətə daha çox oxşamağa başladım. Başa düşə bilmirəm, özümü Hikmətə oxşadıram, yoxsa həqiqətən ona oxşayıram?
-- Sonun ona oxşamasın, a bala.
-- Nənə, bu sənin Hikmətin deyil. Bu pis Hikmətdir. Sənin Hikmətin səninlə birgə xatirələrə qovuşdu.
-- Kaş mənim Hikmətimə oxşayaydın.
-- Kaş...
Uşaq olanda qaranlıqdan qorxurdum. Sonra, daha doğrusu 9-cu sinifdə oxuyarkən oxuduğum hansısa kitabda deyirdi ki, qorxularınla üzləş.
Mən də Hikmətin Bilgeyə yazdığı məktublardan sevgilimə yazıram. Onun kimi heç nəyi ciddiyə ala bilmirəm. Hər şeyə və hər kəsə qeyri-ciddi yanaşıram. İnsanlar gülməlidir. Uğuruna ölməyə hazır olduqları, uğuruna yaşamağa hazır olduqları hər şey gülməlidir.
-- Sən nə düzəməlli gülə bilirsən, nə də ağlaya.
-- Nolsun, əsas odur başqalarını güldürə bilirəm.
Özümü ona oxşadıram, onu özümə. Mən səndən, sənin yazdığın sonluqdan qaçıram. Sənsə pişiyə çevrilib mənim yanımda oturmusan. Sənin qərar verdiyin sonluqdan qaçmağıma gülürsən. Sən romandakı Hikmətin yaradıcısı idin. Bu pişik də mənim.
-- Pişiyin gözlərinə baxdı. Pişik gülmürdü.
Mən də qərar verdim ki, bu qaranlıq qorxumla üzləşməliyəm. Beləcə ondan xilas olacağam. Əvvəlcə özümə zəif bir qaranlıq seçdim. Yəni ki, istədiyim an tezliklə işığa çıxa biləcəyim bir qaranlıq. Məktəbin arxasındakı qaranlıq, tapdığım ən zəif qaranlıq idi. Dərindən bir nəfəs aldım. Yumruğumu sıxdım. Və o qaranlığa girdim.
-- Bir də o qaranlıqdan çıxa bilmədi.
Sənin qəhrəmanların öz xəyali dostları ilə danışırdı. Mən onlara oxşamıram. Pişiyimlə danışıram. Ən azından pişiyim həqiqidir.
-- Amma gülüşləri və baxışları sənin xəyalındadır.
Deyirdilər ki, hər adamın həyatı əslində hansısa kitabda yazılıb. Əgər o insan, o kitabı tapsa və ən əsası o kitabın öz həyatı olduğunu anlasa, o zaman əsl möcüzə baş verər. Mən o kitabı tapdım.
-- Heç o kitab olduğunu bilmirdin, ay yazıq.
Vaxtından əvvəl tapdım. Heç özüm də bilmədən. Mən o kitaba həbs oldum.
Hələ son olmayıb. Mən Hikmət olmayacağam. Mən dördüncü və ya beşinci Hikmət olacağam. O kitabda üçüncü Hikmət son idi. Mən hələ sona çatmamışam.
Pişiyimdən əl çək, özünə ölü bədənlər axtar.
Məni və pişiyimi rahat burax, ey ruh!
Tunay!
"Sən nə düzəməlli gülə bilirsən, nə də ağlaya"