Öz bədəninə yadlaşma — Birinci hissə
İnsanın özünə yadlaşmasının əsasən mental olaraq baş verdiyini düşünürdüm. Əslində isə insan öz bədəninə də yadlaşa bilir. Bir çox…
Öz bədəninə yadlaşma — Birinci hissə
İnsanın özünə yadlaşmasının əsasən mental olaraq baş verdiyini düşünürdüm. Əslində isə insan öz bədəninə də yadlaşa bilir. Bir çox mental(psixoloji) çətinliklərin kökündə fiziki bədənimizə qarşı laqeydiliyimiz var. Kafka, Kamü, Sartr kimi yazıçı və filosoflardan danışmazdan əvvəl onların nə yediyindən danışaq. Kafka özü vegeterian olub və yediyi hər şeyə diqqət edib. Hətta Kafka fərqli pəhrizlər yoxlayarkən qəribə üsullara əl atmaqdan da çəkinməyib(qurdlardan istifadə). Kamü özü isə dünyada ən sağlam pəhriz növü sayılan Aralıq dənizi pəhrizinə oxşar qidalanıb. Mən əvvəllər bu yazıçıları oxuyanda yazdıqlarındakı pessimizmin təsirinə qapılıb, hər şeyin absurd olduğunu düşünürdüm(bura yeməklər də daxil idi). Məni həyatdan soyudan yazıçılar özləri yeməklərinə çox fikir verirmiş :)
Qeyd: Burda yazılanlar həkim məsləhəti deyil! Qeyd etdiyim mövzuları çox səthi formada izah etmişəm, internetdən öyrənə bildiklərim qədər. Ola bilər ki, səhv başa düşdüklərim, izah etdiklərim olub.

Mental sağlamlığımızda vitamin və bəzi mineralların çox önəmli rolu var. Məsələn: D vitaminin normada deyilsə etdiyin bir çox şeydən zövq ala bilmirsən, bütün gün yatmaq istəyirsən və s. Eynilə bədənimizdə maqnezium və sink da lazımı qədər yoxdursa özümüzü gümrah hiss edə bilmirik. Beynimizdə özümüzü nə qədər motivasiyalı hiss etsək də fiziki bədənimizdə bu gümrahlıq və enerji yoxdursa hərəkətə keçmək çox çətindir.
Ona görə də qərara aldım ki, insanın özünə yadlaşması (mücərrəd, mental olaraq) haqqında yazı paylaşmazdan əvvəl fiziki bədənimiz üçün bir neçə mövzuya diqqət çəkim. Qidalanma ilə bağlı öyrəndiklərimi bu başlıqlar halında qısa olaraq yazmışam.
Vitaminlər, minerallar
Su içməyin faydaları
İntermitent fasting (aralıqlı oruc)
Şəkər
insulin müqaviməti və diabet
Yağlar : Omeqa, doymuş yağlar, trans yağlar, palma yağı, xolestorol
Vitaminlər və Minerallar
İki cür vitaminlər suda və yağda həll olanlar olaraq iki yerə bölünür. C və B suda həll olur, D, K,E vitaminləri isə yağda. Vitaminlərin çoxunu normada saxlamaq üçün xüsusi bir diqqət lazım deyil, tərəvəz və meyvələri daimi yesək bəs edəcək çox zaman. D vitamini ən çox çatışmayanlardandır, çünki bu vitamini günəşdən əldə edirik. Bəzi qidalarda da var amma əsas günəşdən əldə edirik. Çox vaxt özümüzü yorğun hiss etməyimizin əsas səbəbi D vitaminin normadan az olmasıdır. Bunu qan analizi ilə yoxlayırlar və çox bahalı bir şey deyil. Yoxladırsız əgər normadan azdırsa həkim özü sizə həftəlik və ya gündəlik bir doza yazır. Eyni şeylər Maqnezium, sink və dəmir üçün də keçərlidir. Bunların qiyməti də çox baha olmur, alırsız suya qatıb içirsiz və bütün bədbinliklər, halsızlıqlar yoxa çıxır.
Su içmək
Ən sadə olan bir vərdişdir amma həmişə yadımdan çıxır. Gün ərzində bol-bol su içmək lazımdır. Çay, kofe, kompot və s. su sayılmır. Sadə su. Gündəlik lazımı suyu içməyəndə yaddaşmız və beynimiz yaxşı işləmir, bədən temperaturu normada olmur, qanda qatılaşma gedir, həzm yaxşı getmir, dəri problemləri yaranır və s. Qısacası gün ərzində yanınızda su olsun. Xüssi su butulkası alın və hara getsəniz yanınızda olsun.
Aralıqlı oruc (intermitent fasting)
Ac qalmaq zehin, qan damar sistemi, qara ciyər, qan təzyiqi və s. üçün çox faydalıdır. Bu mövzuda ən önəmli elmi araşdırma autophagy adlı mövzudur, hansı ki, buna görə həmin elm adamına nobel mükafatı da veriblər. Qısaca: insan ac qalanda bədənimizdəki sağlam hüceyrələr sağlam olmayan, qoca olan hüceyrələri yeyir. Bu alzheimer, xərçəng və bir çox xəstəliyin qarşısını alır. Burda da aşırı ac qalmaq lazım deyil, ən ideal rejim axşam yeməyi ilə səhər yeməyi arasında 16 saatlıq bir ara olsa bəs edir. Mənim yoxladığım belə idi: axşam 8 də yemək ye, səhər də 12də. Bu arada sadəcə su iç. Əlbəttə fərqli rejimlər də var, özünüz araşdıra bilərsiniz detalları.
Şəkər
Ən çox istifadə etdiyimiz və ən ziyanlı olanıdır. Satın aldığımız hazır məhsulların demək olar ki, hamısının tərkibində var(hətta ət məhsullarında da). Yuxusuzluq, yorğunluq, kökəlmək, diabet və bir çox problemin kökündə yatır. Gün ərzində qəbul normadan qat-qat çox istifadə edirik. Bu haqda sənədli film var (That Sugar Film — 2014). Ona baxandan sonra yeməklərə və xüsusilə şəkərə qarşı baxışım tamam dəyişdi. O filmdə şəkər emal edən şirkətlərin həkimlər və elm adamlarını satın alaraq şəkərin saxta faydalarını necə yaydıqları da izah olunur. Şəkərin fruktoza və glukoza olaraq iki növü var. Biri təbii digəri isə emal olunmuş. Məsələn biz meyvə suyunun sağlam qida olduğunu düşünürük əslində isə biz meyvənin lifini qoyub təkcə suyunu içəndə də normadan artıq şəkər alırıq. Bir də ki, burda şəkər deyəndə təkcə şirniyat nəzərdə tutlmur, qluten olan, un məmulatları, və bir çox qida da bədənə ziyanlıdır. Özünüz mütləq bu haqda daha çox oxuyun. Mental olaraq gümrah hiss etməməyin səbələrindən biri də şəkər istifadəsidir. Bəlkə bir gün bu haqda daha detallı (dastan) yazmaq olar.
İnsulin müqaviməti
İnsulin hormondur, və yediyimiz qidaların (şəkərin) birbaşa hüceyrələrə çatmağını təmin edir. Gəlin prosesi qısa başa düşək. Biz yemək yedikdən sonra bədənimiz yediyimiz qidanı şəkərə çevirir. Bu şəkər qana daxil olaraq bədənimizə yayılır. Qanımızdakı şəkərin miqdarı artanda mədəaltı vəzi insulin hormonunu ifraz edir və qanda insulinin də iqdarı artır. Şəkər gəlib hüceyrəyə çatanda birbaşa hüceyrəyə daxil ola bilmir, bu işi insulin yerinə yetirir. Şəkəri hüceyrəyə bağlayan açar rolundadır insulin. Əgər bədənimizdə insulin olmasa yediyimiz yeməyin heçbirini enerjiyə çevrilə bilməz. Bəs müqavimət nədir?
Normalda qanda insulin çox az olur, yemək yedikdən sonra qanda həm şəkər həm də insulin çoxalır. Biz normadan artıq şəkər və ya yemək yedikdə qanımızda şəkərin miqdarı həmişə çox olur. Məsələn: səhər 2 stəkan şirin çay içirsən və üstündən bir iki saat keçməmiş əlavə bir şirniyat/yemək yeyirsən. Daimi olaraq qanda şəkərin miqdarı yüksək olduğu üçün hüceyrənin ehtiyacı olan şəkər də çoxalır. Artıq hüceyrə şəkəri aəbul etmək üçün əvvəl bir insulin molekulu tələb edirdisə başlayır daha çox insulin tələb etməyə. Mədəaltı vəzi də daim daha çox insulin ifraz edir. Beləcə qan şəkərimiz həmişə yüksək olur. Bu cür davam edən proses bir zaman sonra Diabetə(şəkər xəstəliyi) çevrilir, çünki bədənimiz lazım olan insulini artıq ifraz edə bilmir. Diabet xəstələri insulini iynə formasında qəbul edirlər. Bədnimizdə insulin müqaviməti artıdcaq bizdə doymaq hissi də azalır. Çünki nə qədər yesən də o yediyin gedib hüceyrələrə çatmır. Digər tərəfdən qaraciyə görəndə ki, qandakı şəkər çoxdur və istifadə olunmur, başlayır yediyimiz yeməkləri yağ formasında bədəndə saxlamağa başlayır. Sonra da deyirik ki, yeyirəm-yeyirəm amma doymuram. Qan təzyiqi, obezlik, xolestorol və bir çox başqa problemə də səbəb olur. Yuxarıda da qeyd etdiyim kimi, şəkər və onun ziyanları dəhşət çoxdur. Ən yaxşısı budur ki, imkan olduqca intermiten fastinq edək, yemək saatlarından əlavə vaxtlarda nəsə yeməyək.
Yağlar
Yediyimiz bütün yeməklərdə demək olar ki, yağ istifadə edirik. Yağın bir çox faydası var,enerji mənbəyidir, D, E, K, A kimi vitaminlərin bədəndə həll olması üçün , beynimizin funksiyası üçün (Omeqa 3 yağı), dəri və saç sağlamlığımız, hormonların ifrazı üçün yağa ehtiyacımız var. Ürək-damar xəstəliklərinin demək olar ki, hamısı yağlarla bağlıdır. Yağ istifadəsini tamamilə saxlamaq çox təhlükəlidir. Qidaların tərkibindəki yağlar iki qrupa ayrılırI doymuş və doymamış yağlar. Doymamış yağlar daha faydalıdır. Doymuş yağların çox istifadəsi bir çox problemə (əsasən ürək-damar xəstəlikləri) gətirib çıxara bilir. Xolestorol biraz qorxulu görünsə də əslində xolestorolun da yaxşı və pisi var (araşdırmaq istəyənlər üçün: LDL və HDL). Ən təhlükəli yağlardan biri Palma yağıdır, demək olar ki, bütün paketlənmiş qidalarda olur və çox ziyanlıdır.
Doymuş yağ: qırmızı ət, süd məhsulları, palma yağı (paketlənmiş məhsullarda), kokos yağı (şokaladlarda istifadə olunur çox vaxt)
Doymamış yağlar: fındıq, badam, zeytun yağı, tərəvzələr və yağlı balıqlardaç dəniz məhsulları
Trans yağlar: hazırlanmış, qızardılmış məhsullarda olur, LDL növ xolestorolu artırır, və ürək tutmasını artırır.
Omeqa 3 Yağı: ALA, EPA, DHA, ferma balığı əvəzinə dəniz balığı, təbiətdən gəlmiş, çox yemək omeqa 6 — nı qaldıra bilər bu isə ziyanlıdır,
Yağın izahı haqqında qısa video: https://youtu.be/QhUrc4BnPgg
Qeyd: Duz haqqında da maraqlı məlumatlar oxumuşdum, amma indi yadımda qalmayıb. Minerallar mövzusunu araşdıranda onsuz da duz qarşımıza çıxır. Təxmin edə biləcəyimiz kimi duzu da normadan qat-qat çox istifadə edirik və bunun da çox ziyanları var.
Qidalanmaya fikir verməklə yanaşı bədənimizin, beynimizin sağlam qalması üçün hərəkət də etməliyik. Gündəlik minimum 8000 addımlıq yeriməyi tövsiyə edirlər. Bundan əlavə xüsusi, yüngül hərəkətlər öyrənərək qan dövranınızı normada saxlaya və öz beyninizi gümrah saxlaya bilərsiniz.
İsifadə etdiyim resurslardan biri bu kitab idi: This Book Could Save Your Life (adına layiq kitabdır🙂 )