Özümə danışdığım romantik yalanlardan biri…
Bu məktubu günəşli bir gündə, dəniz kənarından yazıram. Özümü çox yaxşı hiss edirəm və düşündüm ki, bu pozitivliyi məktub formasında yazıb özümə göndərim. Beləcə bu mənzərə və duyğular mənə qaranlıq və çətin günlərdə ümid verəcək. Əslində sözü uzatmağa ehtiyac yoxdur, hər şey zehnimdə aydın formada qalır və ümid edirəm qalacaq. Bu ilk dəfə deyil ki, özümü yaxşı hiss edirəm, əvəllər dəfələrlə olub amma heç vaxt bunu yadda saxlayıb gələcəkdə istifadə etmək haqqında düşünməmişdim. Bu, dəftər arasında sənə hədiyyə edilən gülü qurutmaq kimi bir şeydi. İllərlə onu saxlaya bilirsən, əvvəlki kimi qoxmasa da əvəlki kimi hiss elətdirməyi bacarır. Ümid edirəm ki, işə yarayar.
Etdiyim səhvlərdən biri bu idi ki, məndən başqa hamının xoşbəxt olduğunu düşünürdüm. Çünki kənardan hamı xoşbəxt və dərdsiz görünür. Biraz fikirləşəndə mən öz instagram profilimə baxanda özümü dünyanın ikinci ən xoşbəxti kimi adlandıra bilərəm. Həqiqət belə deyil. Dünya kədərlə doludur, bədbəxt insanların sayı xoşbəxtlərdən qat-qat çoxdur.
Kainat qaranlıqdan ibarətdir amma biz sadəcə işığı görürük və ona doğru getməyi seçirik. Qaranlıq həmişə var, olacaq və hər zaman işığı udub ona qalib gələcək. Qaranlığa baxanda, onun içində olanda həyat həmişə ümidsizlik və bədbinliklə dolur. Məhz elə qaranlıq günlərdə özünə bunu de:
Hər şey bir gün yaxşı olacaq
Bu cümlə böyük bir yalan kimi görünür, amma baxır sən bu cümləni necə dəyərləndirirsən. Adama elə gəlir ki, bir gün hər şey yaxşı olacaq və o cür da qalmağa davam edəcək. Hər şey bir gün yaxşı olur, amma sonra yenidən pozulur. Bu enişli və yoxuşlu bir yol kimidir. Hər kəsin həyatında günəşli günlər olur, qısa olsa da onu yaşamağa dəyər. Qısa olan günəşli günlərin ümidini heç vaxt itirmə!
Kədərin, çətinliyin ən yaxşı tərəfi isə qazandığın insanlar olur. Həyatda hər zaman yanında olan insanlar ən önəmli olanlardır. O işıqlı günü bölüşəcəyin, bölüşdüyün zaman birlikdə zövq alacağın insanlar çox vaxt qaranlıqda tanış olduqlarındı. Bir sözlə günəşli günləri ümidə çevirən, xoş edən hər şeyi qaranlıqda qazanırsan.
Həyatında günəşli günlərin sayını çoxaltmaq və ya onları bölüşəcəyin insanları tapmaq üçün səhv etməkdən qorxma. Sənə qarşı səhv edən insanlara görə bütün insanlardan küsmə. Yaxşı və ya pis insan yoxdur, qaranlığı səninlə bölüşən və ya bölüşməyən var.
Ardı olacaq… (amma qaranlıq bir gündə yazılacaq)
Telegramda izlə: https://t.me/virtual_agac