İnsanın öz daxili aləminə səyahəti…
Yəqin ki, hamı heç olmasa bir dəfə də olsa bu haqda düşünüb. Həyatın mənası (birinci və ikinci hissə ) adlı yazım dünya, insanlar və ətraf mühit ilə olan əlaqəmizin təhlili idi. Bəlkə də axtardığım şey çöldə yox daxildədir. Burdan yola çıxaraq özünü tapmaq nə deməkdir onu başa düşməyə çalışdım.
Qeyd: Mövzu haqqında fikirlərim və qeydlərim tamamlanmayıb, sadəcə indi ağlımda olanları yazıram, daha sonra geri qayıdıb düzəliş edəcəm.
Yolunu azmış, başı qarışmış, özünü itirmiş adam özünü axtaran adamdır. Özünü itirməyin bir çox səbəbi ola bilər, məncə ən başlıca səbəb yaşadığın toplumun içində öz təkliyini itirib toplu bir hala keçməkdir. Xüsusi isim olmaqdan çıxıb, ümumi ismin bir parçası olmaq deməkdir. Özünü olduğun cəmiyyətə aid hiss edə bilmirsənsə, yolunu itirmiş kimi hiss edirsən. Hələ özünü itirmək axtarışa çıxmaq demək deyil, bəlkə də hamı həyatının hansısa bir nöqtəsində özünü itirir, amma sadəcə bunun fərqində olanlar, olduğu vəziyyətdən narahat olanlar axtarışa çıxır. Səhv başa düşülməsin, özünü axtaran insan üstün insandır demək deyil.
Özünü tapmaq biraz aldadıcı görünə bilər. Daxilində hardasa mükəmməl bir sən varsan və kifayət qədər öz daxilinə yönəlsən o mükəmməl səni tapa bilərsən. Bu cür cümlələr çox mistik, mücərrəd və sehirli görünür. Sanki hər kəsdən uzaqlaşıb, bir mağarada tənha formada uzun bir müddət keçirib, daha sonra öz içində ideal bir insan tapacaqsan və ona çevriləcəksən. Bu ancaq nağıllarda və ya pul qazanmaq istəyən fırıldaqçıların kitabında olur :)
Buna görə də mən özünü tapmaq əvəzinə özünü yaratmaq ifadəsini seçirəm. Mağarada və ya öz daxilimdə heçnə tapa bilməyəcəm. İnsanlarla ünsiyyətdə olmalı, kitablar oxumalı, ətraf mühiti dərk etməliyəm ki, bütün bunlar mənə özümü tapmaqda və ya yaratmaqda kömək edəcək. Özünü tapmaq uzun bir yoldur , hansı ki, yolun sonunda tamam dəyişmiş ola bilərsən.
Mən kiməm?
Bu sual bizim yola başlanğıc nöqtəmizdir. Fəlsəfə sual ilə başlayır deyəndə bəlkə də nəzərdə tutulan ilk sual elə budur. Bu sualın konkret bir cavabı yoxdu, bu suala cavab axtararkən, həm özümüzlə həm də ətrafımızla olan bütün bağlılıqlarımızı sorğulamağa başlayırıq və bu heç vaxt bitmir.
Mənim cavabım: Bir dənə,bir anda, bir bütün olaraq mən yoxdu. Çoxlu mürəkkəb şey birləşir və məni ortaya çıxarır.Duyğularım, düşüncələrim, bədənim, ətrafımda olanlar, keçmişdə olanlar və gələcəkdə olacaqlar, sevdiyim insanlar, dinlədiyim musiqilər, baxdığım mənzərələr, çəkdiyim əziyyətlər, yaşadığım xatirələr bütün bunlar məni mən edir(edəcək).
Bu sualın cavabını daha ətraflı və fərqli yönlərdən yazmalıyam, indi biraz romantik görünür.
Into the wild
Yenicə universitet məzunu olan gənc Kristofer həyatının mənasını tapmaq üçün cəmiyyətdə qazandığı statusunu, təhsilini geridə qoyub, əlində olan pulları yandırır və düşür yollara. Film onun yolda başına gələn macəralardan bəhs edərək bizə də öz həyatımızı sorğuladır.
Əslində özünü təbiətdə tapacağını düşünən gənc, təbiətə gedən yolda qarşılaşdığı insanlardan öyrənir və başqa insanlarda hissə-hissə özünü tapır. Qarşılaşdığı hippilərdən azadlığı, anı yaşamağı , tənha qocadan insan münasibətinin dəyərini, gitara çalan qızdan sevgini öyrənir.
Başlanğıcda film təbiət haqqında imiş kimi görünür, amma film boyunca qəhramanımızın fərqli insanlarla, fərqli məkanlarla tanışlığını onlarla olan xatirələrini bizə göstərir. Yəni təbiətə doğru kimi gedən yol əslində öz daxili aləminə olan yol ilə paralel gedir.
Happiness is only real when shared.
Happiness is not a destination. It is a mood, it is not permanent. It comes and goes and if people thought that way then maybe people would find happiness more often.
The joy of life comes from our encounters with new experiences, and hence there is no greater joy than to have an endlessly changing horizon, for each day to have a new and different sun
Siddhartha (el arasında Budda)
Siddratha həyatının mənasını tapmaq üçün ailəsini tərk edir və yola çıxır.
Yolda olarkən şamanlarla tanış olur, daha sonra sevdiyi qadını tapır, daha sonra çoxlu pul qazanıb varlı bir insan olur. Daha sonra meşədə bir qayıqçının yanına gəlib orda yaşamağa qərar verir. Bir gün meşədə çayın kənarında oturan Siddratha özünü tapır və tamamlanmış hiss edir. O boyda kitabı 3 cümlə ilə özətləməyə çalışdım :) Tapdığı da o olur ki, əslində axtardığı şey başdan bəri orda idi, insan kainatın bir parçasıdır, və hər şey bir birilə sıx bağlıdır. Ayrılıqda tək bir məna, tək bir insan yoxdur. (Biraz panteizmə oxşadı)
Hər iki qəhramanımız (kristofer və budda ) sonda çatacaqları bir şey üçün yola çıxmışdı, amma əslində yol özü onları dəyişdi, və ya tamamladı.
Özünü tapmaq bir axtarışdır, bir yolun başlanğıcıdır, bu uzun yol isə bizim ömrümüzdür. Hər kəs həyatı boyu nəsə axtarır və bu axtarışda olarkən yaşadıqlarımız, tanıdığımız insanlar bizi tamamlayır, getdiyimiz yol bizi biz edir. Yaşamaq özü özünü yaratmaqdır. Bəlkə də ancaq öləndə özünə çatmış olursan…
Önəmli olan harasa çatmaq deyil, yolda olmaqdır
Özünü tamamlanmış hiss etmək
Hərdən düşünürük ki, hansısa xəyalımıza, arzumuza çatsaq özümüzü tamamlanmış hiss edəcəyik və ömrümüzün geri qalanını xoşbəxt, rahat yaşayacağıq. Bu heç vaxt baş tutmur, çünki arzular bitib tükənmir, hər arzuya çatanda yeni biri daha çıxacaq. Fərz edək ki, mən ideal insanam(:)) və heç bir arzum olmadan yaşamağı bacarıram, yenə də özümü tamamlanmış hiss etməyim mümkün deyil. Mən kiməm sualının cavabından da başa düşürük ki, bir dənə mən yoxdu, mən olmaq demək çox mürəkkəb iplərlə bir-birinə bağlı yüzlərlə nöqtə deməkdir.
Özümü tam hiss etmək üçün gərək sevdiyim, tanıdığım bütün insanlar yanımda olsun və daim mənimlə birgə yaşasın. Çünki tanıdığım, sevdiyim hər insanda bir parçam var, xatirələrim var və insan hər zaman hansısa insan üçün darıxır. Tutalım ki, sevdiyim hərkəsi bir araya topladım və ömür boyu yanımda saxladım. Digər bir asılılıq zamandır, zaman keçdikcə mənim bir parçam keçmişdə qalır, keçmiş zamanı isə heç vaxt geri qaytarmaq olmur, arada oturub keçmişdə yaşadığım xoş xatirələri, kədərli hadisələri xatırlayıb keçmişdə qalan o parçam üçün darıxacam. Bir sözlə, həqiqi mənada tamamlanmış hissi heç vaxt tam olmayacaq.
Bir yox, minəm mən!
Tamamlanmış olmaq üçün bəlkə də heç parçalanmamaq lazımdır, heç bir insan tanıma, sevmə, heç bir xoş hadisə yaşama, çünki zaman keçəcək və o xoş xatirə üçün həmişə darıxacaqsan. Bir bütün olaraq qalmaqüçün gərək heç yaşamayasan :)
Bizi biz edən şeylər səhvlərimiz və çəkdiyimiz ağrılardır. Adətən insan xoşbəxt olanda, bütün gün deyib güləndə, sorğulama ehtiyacı duymur və eləcə həyatına davam edir. Ağrılar və səhvlər bizi düşündürür, oturub analiz edirik nəyi səhv etdim, niyə belə oldu, başqa cür necə etmək olar və s. peşmanlıqlardan, səhvlərdən öyrənməyə davam.
Kim olmaq istədiyinə qərar ver
Madam ki, özünü tapmaq yox, yaratmaq haqqında düşünürük, o zaman kim olmaq istədiyinə qərar ver. Tapacağın adamı indidən seç, o adam olmağa çalış və onu yarat. Axtarıb tapdığın sən xoşuna gəlməyə bilər, amma xoşuna gələcək bir insan olmağa çalışa bilərsən.
Kim olmadığını tapmaq daha asandır
Kim olduğunu və ya necə biri olduğunu tapmaq çətin və uzun vaxt ala bilər, amma kim olmaq istəmədiyini çox asan tapa bilərsən. Məsələn:
Tənbəl bir insan olmaq istəmirəm, insanların zəhləsini tökən biri olmaq istəmirəm, başqalarının işinə qarışan adam olmaq istəmirəm. Bunlar istəmədiyin hissələrdir, hansı ki, özünü yonan heykəlin yonarkən ətrafa atdığı, özündən ayırdığı hissələr. Nələri istəmədiyini bildikcə, nəyi istədiyinə o qədər yaxınlaşırsan.
Maraqlı olduğunu düşündüyüm fotolar və bəzi qısa düşüncələrimi paylaşdığım bir telegram kanalım var, maraqlıdırsa izləyə bilərsiniz:
https://t.me/virtual_agac
Mövzu genişdir və ağlımda olanları səliqəyə salıb yaza bilmədim. Yəqin ki, yazının ardı olaraq ikinci hissə də olacaq. Əgər yazdıqlarım sizin üçün maraqlıdırsa, dostlarınızla da bölüşə bilərsiniz. Hərdən elə bilirəm yazdıqlarımı özümdən başqa heçkim oxumur :)