Gecə düşüncələri
Gecə olanda elə bil bütün ümidlər, sevinclər də yatır. Qaranlıq düşəndə düşüncələrim də bədbinləşir. Gündüzlər qurduğum planlar, ümidlər, sevinclər şam işığı kimi yavaş-yavaş öləziyir. Gündüzlər özümə söz verirəm ki, bu axşam ümid haqqında düşündüklərimi hiss etdiklərimi bəzəkli-düzəkli yazacam, sonra təkrar-təkrar oxuyacam, hətta paylaşacam. Axşama doğru həvəsim də ölür, ümidim də. Başlayıram bədbin düşünməyə, güya mən paylaşanda dünya dəyişəcək? Buna görə də gərək gecələr başqa məşğuliyət tapım. Jurnal yazmaq, düşündüklərini, hiss etdiklərini harasa köçürmək mental sağlamlıq üçün çox faydalıdır - deyənlər mənim gecələr yazdıqlarımı görsələr deyərdilər ki, sən yazmasan yaxşıdır. Yazdıqlarım bir tərəfdən məni rahatlatsa da, digər tərəfdən gözümün önündə olur, təkrar oxuyub eyni şeyləri təkrar hiss edirəm, təkrar yaşayıram. Çıxılmaz bir dövr yaranır, hiss et - yaz - oxu - yenidən hiss et. Buna görə də özümə söz vermişəm ki, yazandan sonra açıb bir də oxumaq olmaz, özünü tənqid etmək olmaz, orda yazılan orda qalacaq, veqasda olan, veqasda qalır. Bu, ağ səhifə idi, onu korladın heçnə olmaz. Növbətini korlamağa davam. Geriyə dönüb baxma. Ona görə də bloqda paylaşdığım yazılarda çoxlu səhv olur. Yenidən oxuyub, düzəltməyə nə həvəs olur, nə cəsarət, nə də enerji. Adam öz səsini başqa cihazda eşidəndə necə qəribə hiss edirsə, mən də yazdığım şeyləri təkrar oxuyanda o cür ətim tökülür.
Əvvəllər (tələbə olanda) özümü romanlardakı qəhramanlara oxşadardım, öz mənasız əziyətlərimi onlarınkı qədər romantik və mənalı təsəvvür edərdim. Özümü bir yerə qədər aldada bilirəm, daha sonra hər şey ortaya çıxır. Fight club filmində deyirdi ki, biz tarixin itmiş uşaqlarıyıq. Əzab çəkirik amma səbəbini bilmirik, xəyal qururuq amma özümüzün olmayan xəyallar, istəmədiyimiz işlərdə işləyirik ki, ehtiyacımız olmayan şeyləri alaq. Orda deyildiyi qədər itmiş olmaq istəyərdim. Mən işləyirəm amma nəsə almaq üçün yox, sadəcə boş qalmamaq üçün, zaman öldürmək üçün. Bəli zamanla çox toksik münasibətimiz var, mən onu öldürürəm, o da yavaş-yavaş məni. Bəzən adam işlədiyi yerə alışa bilmir, çünki ora uyğun deyil, bəzən isə öz bədəninə alışa bilmirsən, bəzən yaşadığın yerə, bəzən yaşadığın zamana, bəzən də ümumiyətlə bu kainata uyğunlaşa bilmirsən. Şairin də dediyi kimi, “şeyhim bu kainata alışamadım, beni başkasına ışınla”.
İşi düşəndə səni axtaran insanları həyatından çıxar(ma)!
Mənasız məsləhətlərdə bugün. Bezdim artıq hər yerdə bu şablon ifadəni görməkdən.
Adamın adama işi düşər, biz insanlarla maddi-mənəvi işimiz düşdüyü üçün dostlaşırıq, münasibət qururuq. İşi düşmək ehtiyac duymaq deməkdir. Həyatın hər anında, hər sahəsində insanlara işimiz düşür. Hətta bir-birinə işi düşəndə axtaran insanların sayəsində həyatda qalmışıq. Kiməsə işiniz düşəndə utanıb, çəkinib uzun-uzun süni kef-hal soruşub sonra məqsədə gəlmək artıq nəzakətli hərəkət kimi sayılır. Mən konkretliyin tərəfindəyəm: “salam, sənə buna görə zəng etmişəm, yazmışam” deyib mövzuya girmək lazımdır.
Mənim kontaktlarımda 300-dən artıq adam var, sırf işi düşəndə yazır kateqoriyasına girməmək üçün hər gün birinə mesaj yazmalı olsam, bir il edir. Yəni eyni adama növbəti il mesaj yazıb kefini soruşa biləcəyəm. Yenə də işi düşəndə yazan adam siyahısına düşürəm. Üstəlik il boyunca hər gün səhər yuxudan duranda ağlımda bir şey olacaq: siyahıdakı filan adama yazıb kefini soruş, bəlkə nə vaxtsa işim düşdü.
Digər tərəfdən bu qədər qayğıya, diqqətə ehtiyac varsa özün yazıb insanların kefini soruş, öz dərdini danış rahatla. Niyə oturub gözləyirsən ki, hansısa ildə bir gördüyün adam sənin dərdlərini soruşsun, düşünsün. Bu nə eqodur axı, səndən başqa heçkimin dərdi, işi-gücü yoxdur?
Nəysə, söhbəti uzatmayım: Salam, sizə işim düşüb, dostlarınızı bu səhifəyə dəvət edə bilərsiz? t.me/virtual_agac
Yersiz romantika
Əlimizə keçə hər şeyi romantik formaya salmağa meyilliyik (xüsusilə internetdə). Məsələn:
"Kitablarım varsa heç kimə ehtiyacım yoxdur"
"Pişiyim və mən, başqa heçkimə ehtiyacım yoxdur"
"İtim məni çox sevir, insanlar kimi iki üzlü deyil" və s.
İt, pişik, kitab, at, ot, çiçək və s. bütün bunlar gözəldir, təbiətin bir parçasıdır, amma bu qədər şişirtməyə ehtiyac yoxdur. Əlimizə keçən hər fürsətdə insanları tənqid, təhqir etmək lazım deyil. Qəbul etmək lazımdır ki, heçnə insan münasibətlərini tamamilə əvəz etmir, edə bilmir. Bu cür romantik ifadələrin təsirinə qapılaraq insanlardan uzaqlaşmaq lazım deyil. O ifadələr filmlərdəki kimidir, uydurma, qeyri-real. Bizim hər şeydən əvvəl insanlara ehtiyacımız var, danışmağa, gülməyə, ünsiyyət qurmağa, başa düşülməyə, sevilməyə...
Nə isə, onsuz da məni başa düşən deyilsiz, pişiyim mənə bəsdir, heçkimə ehiyacım yoxdur.
"Sənin getdiyin yolu mən qayıdıram"- çılar
Buna bənzər ifadələri işlədənlərə inanmıram. Sənin getdiyin yolu səndən öncə gedənlərin təcrübə və biliyindən faydalanmaq olar, amma o yolu gedib uğursuz olan bir adam sənin də uğursuz olacağını düşünə bilər. Əslində isə əksi də ola bilər, seçdiyin yolu gedib, həqiqəti tapdığını söyləyən adamın izi ilə getsən onun tapdığı səni qane etməyə bilər. Getdiyimiz yollar, axtardıqlarımız kənardan baxanda eyni imiş kimi görünə bilər, tapdıqlarımız, yolda yaşadıqlarımız, təcrübələrimiz əslində bizə məxsusdur, digərlərindən tamamilə fərqlidir. Bir də "hamının getdiyi yolu getmə, özün öz yolunu çək" deyənlərə də inanmaq lazım deyil. Hərdən hamı kimi yaşamaq, hamının yolundan getmək, adi, sıradan bir həyat yaşamaq daha yaxşı olur. Həyat özü onsuz da mübarizədir, özünü əyri, çətin yollara salıb uduzmaq ehtimalını artırmaq məntiqli olmaya bilər. Üstəlik hamının getdiyi yolda səndən əvvəlkilərdən daha uğurlu olma ehtimalın da çoxdur, sən onların etdiyi səhvləri görüb, o səhvləri etmirsən.
Elmi məqalələrin çoxluq problemi
Son illərdə yazılan, yayımlanan elmi məqalələrin çoxu lazımsızdır və ya hansısa məqalədən kopyalanıb.
Bugünlərdə dopamin hormonu haqqında öyrənmək üçün kiçik ölüçülü bir araşdırmaya girişdim. Əvvəl düşündüm ki, youtube-da bir-iki videoya baxaram, hər şey aydın olar. Mövzu həm mürəkkəb həm də maraqlı olduğu üçün yolum gəlib çatdı elmi məqalələrə. Əlbəttə ki, bunları oxuyub hərtərəfli başa düşmək mənim bacaracağım iş deyil(kimya, neyro elm, biologiya və s. bazası tələb edir). Əvvəlcə gəlin bunu aydınlaşdıraq: bir mövzunu həqiqətən öyrənmək üçün ən yaxşı resurs elmi məqalələrdir. Youtube, internet adətən(bəzi istisnalar xaric) mövzunu səthi olaraq başa düşmək üçün yaxşıdır. Elmi bir kitab oxuyanda da hər paraqrafın üstündə balaca rəqəmlər görürsünüz, o balaca rəqəmlər bu mövzuda yayımlanan elmi məqalələrə istinad götərir. Yəni kitabı yazan adam özü də elmi məqalələr əsasında öyrənib, sonra kitabda daha sadə, başa düşülən dildə oxucuya çatdırır, çünki elmi məqaləni oxumaq asan deyil. Hətta universitetdə bunun dərsi var: "Elmi tədqiqat üsulları", deyəsən adı belə idi. Bu dərsdə bizə məqaləni necə oxumaq və necə yazmaq olar öyrədirdilər (bir semestr).
Elmi məqalələrin hamısı həqiqəti əks etdirmir. Yadıma düşdü ki, dissertasiya işimi yazarkən oxuduğum, tapdığım elmi məqalələrin demək olar ki, 90%-i necə deyərlər lazımsız idi. 2020-ci ildə yazılan məqalələr 1995-ci ildə yazılanın sözlərini dəyişib, biraz bəzəyib və yayımlayıb. Fərz edək ki, siz magistr və ya doktorantura təhsili alırsız, bu təhsil müddətində ən az 2-3 elmi məqaləniz yaymılanmayıbsa sizə diplom və ad vermirlər. Üstəlik professor və alimlərin status göstəricisi istinad və elmi məqalə sayıdır. Yəni kimsə boynundakı qızıl boyunbağı ilə öyünürsə, elm adamı da yazdığı məqalə sayına görə fəxr edir. Düşünə bilərik ki, axı onlar elm adamıdır, hər şeyi obyektiv və şəffaf edirlər. Elə deyil, pul, status, qrant almaq və s. səbəblər üçün səhv, lazımsız, kopya məqalələr yayımlayan fırıldaqçı alimlər də az deyil. Üstəlik təcrübəsizliynə görə də səhv məlumatlar bölüşən gənc alimlər də var. Qısacası, ən güvəndiyimiz elmi resursların içində də həqiqəti, doğru məlumatı tapmaq çətindir.
Çətinlik çəkdiyim bir mövzu isə, məqalələrin əl çatan olmaması idi. Həqiqətən bir mövzunu dərin öyrənmək istəyən bir tələbə fərqli mənbələrə xeyli pul ödəyib, o məqalələri oxuya bilər. Tələbənin isə o qədər də pulu olmur. Bundan heç xoşum gəlmirdi, internet dövründə həqiqi, elmi məlumata çatmaq üçün çoxlu maneə aşmalı idim. Saxta, səhv məlumatlar isə çox asanlıqla adamın gözünə girir.
Sonda elmi məqalə oxumaq istəyib pulu çatmayanlarla faydalı (illeqal) bir resurs bölüşüm. Oxumaq istədiyim bütün pullu məqalələri bu saytdan götümüşdüm. (istifadəsi asandır, oxumaq istədiyin amma pullu olan məqalənin linkini bura atırsan sənə pdf formada göstərir).
https://sci-hub.se/
Bunun etik tərəfi müzakirəyə açıqdır, illeqal yolla elm öyrənmək nə qədər düzdür bilmirəm. Elm ilə aramıza bu cür kapitalist sərhədlər qoyulması düzdürmü? O da müzakirəlidir.
Əgər həqiqətən başa düşsəm: dopamin, cortisol, seratonin və adrenalin hormanlarının funksionallığı, beynimizə təsiri və bu biliklərin gündəlik həyatda tətbiqi haqqında qeydlərimi sizinlə bölüşəcəyəm.
Maraqlananlar üçün: fırıldaqçı elm adamlarından məşhur Dan Ariely haqqındaoxuya bilər. Adamın kitabları, yayımlanmış çoxlu elmi məqaləsi var, sonradan ortaya çıxıb ki, bir çox məqalədə bilərək, yalan məlumatlar yazıb və bundan xeyli pul qazanıb.
Necə yaşamalı?
Bizə necə yaşamaq lazımdır öyrədilmir, adicə balaca bir cihaz alanda belə içində istifadə qaydaları olur. Di gəl bu həyatda yaşamağın qaydası yoxdur. Xüsusilə bizzimki kimi bir cəmiyyətdə normal, keyfiyətli yaşamaq, inkişaf etmək anlayışı ümumiyyətlə yoxdur. Biz çox vaxt kim nə deyər norması ilə yaşayırıq. Elə mən özüm də uzun müddət belə yaşamışam. Uzun müddət depresiv, ümidsiz həyat tərzi ilə yaşayandan sonra qərar verdim ki, özümü dəyişməliyəm. Daha yaxşı necə yaşamaq olar öyrənməliyəm. Burdan yola çıxaraq necə normal yaşamalı? sualına cavab axtarışına çıxdım. İkinci beyin, digital garden ideyaları ilə tanış olduqdan sonra isə bu öyrəndiklərimi səliqəli, başa düşülən bir formaya salıb paylaşmağa da başladım. Ağac kanalında və medium bloqumda qeydlərimi yazılarımı bölüşdüm. Kənardan baxanda hər dəfə fərqli mövzulardan danışırmış kimi görünür. Əslində isə oxuduqlarım və yazdıqlarımı bir neçə kateqoriyaya bölmüşəm. Maslovun piramidasına oxşasa da biraz özümünküləşdirmişəm.
Mənim normal yaşam kateqoriyalarım belədir (ümumi formada):
1. Fiziki həyat: Bura daxildir öz bədənini tanımaq, sağlamlıq, qidalanma, yuxu, hərəkət və s.
2. Emosional yaşam: burda həm öz daxilimdə həm xaricimdə olanlarla olan münasibətlərim.
3. Karyera: Kapitalizmi nə qədər sevməsəm də bu sistemin içində baş çıxarmalıyam, yaşamaq üçün pul qazanmalıyam. İxtisasımla bağlı oxuyub öyrənmək.
4. İntellektual həyat: İncəsənət, ədəbiyyat, fəlsəfə, öyrənmə, öyrətmək və ya nə isə yaratma həvəsi.
Bunlar çox geniş formada qısaltdığım kateqoriyalardır, hər kateqoriya daha aşağı kateqoriyalara bölünür. Məsələn, emosional yaşama ailə, sevgi, dostluq, həyatda məna axtarma, yaratmaq, özünü axtarmaq, fərqindəlik və s. kimi mövzular da daxildir.
Bunu paylaşıram ki, bu cür axtarışda olanlara bəlkə kömək oldu. Siz öz kateqoriyalarınızı yarada bilərsiniz. Mənim üçün hazırda 4 hissə var, amma 5-ci haqqında da düşünməyə başlamışam, bunun adını Zövq və ya xoşbəxtlik qoymaq olar. Bu kateqoriyada xəyallarınız, səyahətləriniz, qısaca etməkdən zövq aldıqlarınızı qruplaşdıra bilərsiniz.
Önəmli nöqtə burasıdır ki, fiziki sağlamlığınız və ya duyğusal sağlamlığınız qaydasında olmayanda digərləri də pozulacaq. Buna görə balansı qoruyaraq hamısına zaman, enerji ayrıb həm öyrənməli, inkişaf etdirməli həm də normada saxlamalıyıq. Bu yolda özümə və sizə uğurlar!
Pozitiv rəy!
Pozitiv rəy (feedback) verməyi öyrənməliyik, öyrənməliyəm.
Bəyəndiyim, sevərək oxuduğum, izlədiyim kontentə qarşı çox passiv davranıram. Youtube da təkrar-təkrar baxdığım videoya nə bir çox sağol yazmışam, nə də like etmişəm. Güya bu adamın mənə borcu var imiş kimi davranıram.
Mənim keyfiyətli saydığım səhifələrə yazmadığım rəyləri, reaksiyaları, keyfiyətsiz saydığım səhifələrin izləyiciləri daha çox edir, daha çox şərh və reaksiya alan səviyyəsiz kontent, video isə daha çox önə çıxır.
Qəribə bir paradoks yaranır, yaxşı saydığımı qiymətləndirmirəm, əvəzinə pis saydığımın kütləviləşməyinə məyus oluram.
Məşhur bir meme(miim) var, internetdə sualına cavab axtaran bir adam sualı yazdıqdan sonra saxta hesabla girib səhv bir cavab yazır. Bu səhv cavabı görən adamlar girib onu söyüb səhvini düzəldir. İnsanlar səhvi görməyə daha çox meyillidir. Elə mən də, sevrək izlədiyim birini, səhifəni ilk səhvində qara siyahıya atıram. Özüm mükəmməl olduğum üçün gərək izlədiyim adamlar, səhifələr də mükəmməl, səhvsiz olsun.
Bəs sən, o, filankəs? - çilik və ya Whataboutism.
Bəzən bilərək, bəzən bilməyərək, bəzən də hansısa propaqandanın nəticəsi olaraq istifadə olunan bir üsuldur.
Kimsə səhv gördüyü bir şeyi tənqid edəndə aldığı cavabların bəziləri:
- Bəs sən özün ortaya nəsə qoymusan?
- Bu avropada, amerikada da var.
- Güya filankəs nə edib ki?
- Bunu bəyənmirsən amma filankəsi, filan hadisəni niyə tənqid etmirsən?
- Güya sən (onlar, filankəs) belə etmirsən?
Burdakı əsas məqsəd ortada olan problemdən, səhvdən yayınmaq üçün söhbətin istiqamətini dəyişməkdir, başqalarını və ya qarşı tərəfi günahkar kimi göstərməkdir.
Whataboutism etməyin, etdirməyin, qarşılaşdıqda isə daha aydın cavablar verə bilərsiniz:
- Mən ortaya heçnə qoymuramsa bu o demək deyil ki, səhv olanı tənqid edə bilmərəm.
- Amerikada səhv olan bir şey bizdə də səhv olmalı deyil.
- Filankəsin səhv və ya düz olmağı sənin səhvini gizlətmir.
- Səhv olan başqa bir hadisəni, şəxsi tənqid etmirəmsə bu mənim səhvim ola bilər, amma sən öz səhvini mənim üstümə yıxma.
- Mən özüm də səhv edirəm, mənim səhv etməyim sənin də səhv etməyinə icazə vermir.
Digər bir nüans, hansısa şəxsi, hadisəni və ya bir işi tənqid edə bilmək üçün mütləq o ixtisasa sahib olmaq lazım deyil. Mən rejissor deyiləm amma səviyyəsiz bir filmi normaldan ayırd edə bilirəm, siyasətçi deyiləm amma yalan vədlər verən siyasətçini ayırd edə bilirəm. Müğənni deyiləm amma bəyənmədiyim hansısa musiqini tənqid edə bilərəm. Bu cür səfsətələrin tələsinə düşməyin, düşənlərin əlindən tutub başa salın.
Bunu yazıram ki, biraz sonra kimisə tənqid etsəm gələcək bütün şərhlərə hazır cavabım olsun🙂
Ad hominem - Şəxsiyyətə hücum
whataboutism-in əmisioğlu deyə biləcəyimiz digər üsul(səfsətə).
Müzakirə zamanı qarşı tərəfin sualına cavab verə bilməyəndə, arqument tapmayanda yayınmaq üçün şəxsin özünə hücuma keçib, mövzuya aid olmayan arqumentlər gətirmək.
Nümunə:
A: Yağlı yemək sağlamlığa ziyandır.
B: Sən get öz qarnını ərit sonra bizə ağıl öyrət.
A: Siqarət çəkmək zərərli vərdişdir.
B: Sənin atan bütün gün siqaret çəkib içki içir, birinci get öz atanı düzəlt.
A: Mən bu aktyoru bəyənmirəm.
B: Sən get öz burnunu düzəlt daha sonra gəlib fikir bildirərsən.
Bu cür insanlarla ümumiyyətlə müzakirə etmək olmur, mövzuya dair arqumenti bitir və ya qəsdən qarşı tərəfi əsəbləşdirmək, təhqir etmək üçün ad hominem üsuluna əl atırlar. Belə arqument gördüyünüz yerdən dərhal uzaqlaşmağınız məsləhət görülür.
Çoxluğun bəyəndiyi bir şeyə mız qoymaq
Çoxluq bəyəndiyi üçün bəyənməmək xəstəliyinə mən də tutulmuşdum vaxtı ilə. Elə bilirdim ki, fərqli olmaq üçün hamıdan fərqli şeyləri bəyənməliyəm. Künc-bucaqda tanınmayan, bilinməyən bir kitab, film, rejissor, yazıçı tapıb onu bəyənəcəm. Beləcə kimsə məndən soruşanda öz fərqimi göstərəcəm. Siz hamınız Dostoyevskini bəyənirsiniz amma mən sizdən daha fərqli(üstün, ağıllı) olduğum üçün onu tənqid edib bəyənməyəcəm.
Bunun başqa bir səbəbi isə kütləvi olan şeylərə qarşı olan qıcıqdır. "Əgər çoxluq nəsə edirsə onun tərsinə get", "hamının getdiyi yolu getmə kimi" aforizmlərə buna görə xüsusi təşəkkür düşür. Sürüdən ayrılıramsa deməli mən ayrıca bir fərdəm.
Əslində isə bu yanaşma özü də gözübağlı, əzbər bir üsuldur. Bir qoyun sürüdən ayrı düşdüsə bu demək deyil ki, o dönüb oldu çoban. Sürüdən səhvən ayrılan qoyunları qurd yeyər. Ağıllı qoyun sürü ilə hərəkət edər, düzgün vaxt, düzgün zaman gələndə özünə uyğun başqa bir sürü seçər. (nəysə uğursuz nümunəni burda dayandırıram, şair demişkən, qoyun olmaq çətin imiş).
Bir şeyi qəbul etməliyik, kütlə həmişə səhv etmir, hətta səhv edən kütlələr zamanla yox olub. Min illər keçsə də sağ qalmağı bacaran bizlər doğru seçimi etmiş kütlələrin nəticəsiyik. Sırf hamı sevdiyi üçün bir şeyi sevməmək səni zövq sahibi etmir. Üstəlik yaxşı bir zövqə sahib olmaq üçün bəsit, sıradan, kütləvi olanları istehlak etməlisən ki, zövqün inkişaf etsin. Heç kim anadan gəlmə yüksək zövqün sahibi olmur. Zövq zamanla formalaşan bir şeydir.
Bu cür tələyə düşməmək üçün hər hansı kütləvi olan bir şeyi bəyənmədiyini deməzdən əvvəl (əsaslı) səbəblərini özün üçün aydınlaşdır.
Aşiq olmaq yoxsa Sevmək?
Eşq: Heyranlıqla başlayır, yarım və ya heç tanımadığımız bir insana duyulur. Bir insanı nə qədər az tanısaq o qədər çox aşiq oluruq, çünki tanımadığımız tərəflərini ağlımızdakı ideal partner ilə tamamlayırıq, beləcə heyranlıq da yaranır. Eşq tək tərəfli də yaşanıla bilər. Bir insanı əldə etdikdən sonra və ya tanımağa başladıqca eşq azalır, çünki tanıdıqca heyran olduğun, beynində ideallaşdırdığın hissələr qüsurlu(ideal olmayan) görünməyə başlayır.
Sevgi: Başlanğıcda simpatiya ilə yaranar, zamanla güclənən bir duyğudur. Bir insanı daha çox tanıdıqca sənə uyğun biridirsə sevgi də getdikcə artır. Sevgi heç vaxt tək tərəfli olmur. Sevgi qarşılıqlı hörmət və anlayışla güclənir, qarşıdakı insanı qüsurları ilə qəbul etmək və s.
Adam gənc olanda, hormonları dolub daşanda gördüyü hər adama aşiq ola bilər, hətta hamısına birdən də aşiq ola bilər. Zamanla bu coşğun duyğu öz yerini sakit sevgi hissinə verir.
Azərbaycansayağı Nihilizm
Əvvəl hər şey maraqlı gəlir, bilmədiyin üçün hər şey səni cəzb edir. Başlayırsan çoxlu kitablar oxumağa, bir müddət sonra marağın itir. Sonra başlayırsan çoxlu filmə baxmağa, vaxt keçdikcə ona da marağın itir. Beləcə illər keçdikcə maraqlı görünən hər şey yavaş-yavaş öz həyəcanını itirir. Bir də görürsən artıq insanlar da maraqlı gəlmir, heçkim səni cəzb etmir, heç bir yeni fikir, dəyər, insan maraqlı gəlmir.
Bütün bunlar anidən baş vermədiyi üçün sən də alışırsan, artıq mənəvi dəyərlər də gözündən düşməyə, dəyərsizləşməyə başlayır. Sonda heçnədən, heçkimdən zövq ala bilmirsən. Mən bunu hissizləşmək adlandırırdım amma vikipediya deyir ki, bu nihilizmin göstəriciləridir.
Açığı özümü nihilist adlandırmağa qorxuram, çünki nihilizm haqqında çox şey bilmirəm, sadəcə Bazarovu tanıyıram, onu da illər əvvəl tanımışam və mənə o qədər də çox təsir etməyib. Mənim yadımda qalan Bazarov yalnız və heçnəyi vecinə almayan, amma kefi yerində olan cavan oğlan kimi qalıb. Bir də kitabda deyirdi ki, heçkimin ziyarət etmədiyi bir məzarı var.
Bir Azərbaycanlı kimi özümü nihilizm adlandırmağa qorxuram, çünki bütov xalq olaraq "camaatın anası-bacısı var" söhbətində həmrəy oluruq, namus üstündə ölüb öldürməyə hamımız hazırıq!
Arada görürəm uşaqlar vitrindən telefon seçirmiş kimi fəlsəfi axın seçib adlarını qoyurlar nihilist. Bu yerdə deyə bilərlər ki, nihilizmin axı qolları var, etik nihilist, epistomologik, politik, zad, zud və s. sən axı hansısan?
cavab: bilmirəm
Məndə hərəsindən biraz var, insanları sevmirəm amma nənəmi çox istəyirəm, adətləri sevmirəm amma novruzda tonqalın üstündən tullanmağı sevirəm, mənəvi dəyərlər çox mücərrəd görünür amma yaxın dostlarım var.
Bəlkə yeni termin çıxaraq? adını qoyaq azərbaycansayağınihilizm, yarı ondan yarı bundan fəlsəfəsi.
Sözümün canı: özünü hansısa qəlibə soxmağa çalışma! özünə bir ad qoyub daha sonra qoyduğun o ada uyğunlaşmağa çalışma. Həyat o qədər mürəkkəbdir ki, heç bir düstura, terminə uymur, sığmır. Bu sənin həyatındır, bu sənin fəlsəfəndir, özünü heçnəyə həbs etmə. Vaxt keçdikcə özünü tapırsan(və bu heç vaxt bitmir, hər axtarışda başqa bir sən tapacaqsan), bugün nihilist sabah isə tamam başqa bir ad sənə uyğun görünə bilər.
Sərsəri oğulun qayıdışı
Bəzən sadəcə rəsmin gözəlliyinə baxmaq kifayət etmir, onun hekayəsini bilmək o əsəri anlamağımıza kömək edir.
Sərsəri oğulun qayıdışı adlı bu əsərin hekayəsi belədir ki,Zəngin bir atanın iki oğlu var. Kiçik oğlu ailəsi ilə birlikdə yaşamaqdan bezir və dünyanı gəzib tanımaq, əylənmək qərarı alır. Atası hələ sağ ikən mirasdan öz payını tələb edir və götürdüyü pul ilə evdən ayrılır. Uzun illər başqa diyarlar gəzib,əylənən oğul sonda bütün pulu bitdiyi üçün peşman halda evə qayıdır. Bu illər ərzində böyük qardaş isə atasının yanında qalıb,çalışıb əlindən gələni edir. Evə qayıtdığı zama rədd ediləcəyini düşünən kiçik oğul bayram abu havasında qəbul edilir və qurban kəsilir, qonaqlıq təşkil edilir. Evə qayıdan kimi atasının önündə diz çöküb əfv diləyən oğulu atası həmin an bağışlayır və bu anı rəssam bu əsərdə təsvir edir.
Bu rəsm mənə balaca qara balıq hekayəsini xatırladır. Bizim balaca qara balığımız öz yaşadığı yerdən çıxıb başqa dünyalar tanımaq istəyir. Anası və ətrafdakılar isə ona deyir ki, burdan başqa dünya yoxdur,bizimlə qal. Balaca balıq isə düşünür ki, bu çayda yaşayan balıqlar yeməkdən, yatmaqdan və eyni sıxıcı günlərə davam etməkdən başqa bir iş görmürlər. Və beləcə bizim balaca qara balıq yola düşür, azadlığa, fərqliliyə, yeniliyə doğru… Hekayənin sonu yaxşı bitir və bizim balaca qara balığımız dənizə qovuşur. Sərsəri oğulun sonu isə peşmanlıqla bitir və peşman olaraq geri qayıtmalı olur.
Rəsmdəki oğullardan hansı sizi təsvir edir? İçinizdəki oğul hansıdır?
Bütün qaydaları pozub, risk edib öz istədiyiniz kimi yaşamaq yoxsa həmişə qaydalara əməl edib başqaları tərəfindən təsdiqlənmək və qəbul olunmaq?
Özünü tamamlanmış hiss etmək
Hərdən düşünürük ki, hansısa xəyalımıza, arzumuza çatsaq özümüzü tamamlanmış hiss edəcəyik və ömrümüzün geri qalanını xoşbəxt, rahat yaşayacağıq. Bu heç vaxt baş tutmur, çünki arzular bitib tükənmir, hər arzuya çatanda yeni biri daha çıxacaq. Fərz edək ki, mən ideal insanam :) və heç bir arzum olmadan yaşamağı bacarıram, yenə də özümü tamamlanmış hiss etməyim mümkün deyil. Mən kiməm sualının cavabından da başa düşürük ki, bir dənə mən yoxdu, mən olmaq demək çox mürəkkəb iplərlə bir-birinə bağlı yüzlərlə nöqtə deməkdir.
Özümü tam hiss etmək üçün gərək sevdiyim, tanıdığım bütün insanlar yanımda olsun və daim mənimlə birgə yaşasın. Çünki tanıdığım, sevdiyim hər insanda bir parçam var, xatirələrim var və insan hər zaman hansısa insan üçün darıxır. Tutalım ki, sevdiyim hərkəsi bir araya topladım və ömür boyu yanımda saxladım. Digər bir asılılıq zamandır, zaman keçdikcə mənim bir parçam keçmişdə qalır, keçmiş zamanı isə heç vaxt geri qaytarmaq olmur, arada oturub keçmişdə yaşadığım xoş xatirələri, kədərli hadisələri xatırlayıb keçmişdə qalan o parçam üçün darıxacam. Bir sözlə, həqiqi mənada tamamlanmış hissi heç vaxt tam olmayacaq.
Tamamlanmış olmaq üçün bəlkə də heç parçalanmamaq lazımdır, heç bir insan tanıma, sevmə, heç bir xoş hadisə yaşama, çünki zaman keçəcək və o xoş xatirə üçün həmişə darıxacaqsan. Bir bütün olaraq qalmaq üçün gərək heç yaşamayasan...
Mənimsəmək
Çox maraqlı sözdür. Öz içimizdə olan bir "mən" var, və biz sevidiyimiz, anladığımız şeyləri o "mən"-ə qatırıq.
Nəyisə öyrənmək başqadır mənimsəmək başqa. Biz adətən uşaqlıqdan bəri bizə yeridilən fikiləri mənimsəmişik. Hətta yeni doğulan uşağın "mən"-ini də valideynləri qurur, sonra ona mənimsəməyi öyrədir, daha sonra o "mən" balaca bir qara dəlik kimi ətrafında gördüyü hər şeyi mənimsəyir. İllər keçir amma biz hələ də şüurlu mənimsəməni öyrənmirik, öz ansının hazır, çeynənmiş yeməyini gözləyən bala quş kimi, başqalarından, ətrafdan hazır, çeynənmiş dəyərləri mənimsəyirik.
Bir nöqtədə ayılırsan, öz mən-ini və mənimsədiklərini təhlil edirsən, qara dəliyin içinə girib təmizlik aparırsan. Bəzilərini çıxarıb atırsan, bəziləri isə artıq mən-in bir parçası olduğu üçün onunla yaşamağa məcbur olmağın məyusluğu ilə davam edirsən.
insan, cəmiyyət və mən...
İnsanlarla necə danışmaq lazımdır hələ də öyrənməmişəm. Bir məclisdə paxlava yeyərkən, ayda, ildə bir dəfə gördüyüm tanışlarla, qohumlarla nə danışım, necə danışım bilmirəm. 9-ci sinifdə insan və cəmiyyət dərsi var idi, adətən voleybol, ya da futbol oynayırdıq o dərsdə. Müəllimdən qorxurduq, acıdil və əsəbi idi. Dərsdə səs salan uşaqları hərdən vururdu. Deyəsən o müəllim özü cəmiyyətin bizim sinifdəki təzahürü idi. Müəllim öz varlığı ilə bizə dərs keçirdi, sadəcə biz bunu illər sonra başa düşəcəkdik. Müəllimlər, valideynlər mənə heç vaxt cəmiyyətdə necə danışmaq lazım olduğunu, qısa ayaqüstü söhbətlərədə mövzu tapmağı öyrətmədilər. Mən özüm də öyrənmədim, həmişə bu məsuliyəti qarşı tərəfə atıram. Uzun müddət(illər) sonra ziyarətinə getdiyim hansısa qohuma özümlə bərabər bu məsuliyəti də aparıram. Özümü qəribə hiss etməyim bəs deyilmiş kimi, qonaq getdiyim yerdəkilərə də bu hissi ötürürəm. Sanki onlar da mənim kimi əcaib bir varlıqla nə danışmalı olduqlarını bilmirlər. Tapdığım ən yaxşı üsul tək getməməkdir, özümlə havadan-sudan danışa bilmə bacarığı olan, uzun sükutları mənasız mövzularla poza bilən insanlar aparıram. Beləcə diqqətlər heç vaxt mənim üstümdə olmur, sadəcə soruşulan bir-iki suala cavab verib, yersiz amma hər dəfə işə yarayan eyni zarafatlarla misiyamı yerinə yetirirəm. Mənim qonaq getdiyim ziyarətlər 15 dəqiqədən artıq çəkməməlidir. Bütün bilik və bacarıqlarım sadəcə ilk 15 dəqiqədə bitir. Sonrası qəribə sükut, bir iki suala verilən qısa, mövzunu uzada bilməyən cavablar. Burda məsələ o insanları sevməmək və ya özümə uyğun görməmək deyil, onları buna görə qınamıram, günahlandırmıram. Mənim arxa planda olduğum görüşlərdə, və ya eyni anda başqa bir qonaq da varsa söhbətlər çox maraqlı davam edir.
Hər mövzuda olduğu kimi, bu çətinliyimə də internetdə həll axtarmışam. Tapdığım üsulları sizinlə də bölüşüm, heç olmasa ilk 15 dəqiqə işinizə yaraya bilər. Görüşdən, qonaqlıqdan əvvəl sizi gözləyən adamların maraq dairəsinə aid heç olmasa 3-4 sual hazırlayın. Bu həmin adamın danışmağa başlaması, söhbətdəki gərginliyi yumşaltması üçün vacibdir. Nümunə: Əmim əsgərliyi haqqında danışmağı sevir, ona əsgərlikdə etdikləri, başına gələn hadisələr haqqında bir iki sual verməyim bəs edir ki, ortam yumşalsın. Heç tanımadığınız adamlardabu üsul çətin ola bilər. Ona görə də, ümumi mövzularda bir neçə mövzu hazırlaya bilərsiz. Havalar yağışlı keçirsə bu ilin bərəkətli olacağını, indiki yağların keyfiyyətsiz olduğunu, zaman keçdikcə insanların bir-birinə necə soyuq davranmağını, uşaqların telefonu əlindən düşürməməsi və s. bu mövzular çox vaxt işə yarayır.
İnsanlarla münasibət, ünsiyyət bu qədər çətin olmamalı idi. Susmaq, sükut bu qədər narahat edici olmamalıdır.
Cızıq
Ağ vərəq üstündə gəzən qarışqanın önündə fərqli cızıqlar çəkərək ona yön verildiyi bir video var. Sonda kiçik bir çevrə çəkilir və qarışqa o çevrənin içində ilişib qalır. Kənardan baxanda qarışqa zəif və axmaq görünür. Əslində isə bizim o qarışqadan çox da fərqimiz yoxdur. Cızıqlara dəymədən, cızıqları aşmadan həyatda qalmağa çalışırıq. Bu şeiri oxuyanda həmin video yadıma düşdü, istədim şeiri sizinlə də bölüşüm.
Sorğulama
Cızığından çıxma! - deyir
Atam mənə haçandı.
Bəs çıxmasam, hardan bilim
Cızığım haracandı?!
Həyatımız ətrafımızda çəkilmiş cızıqlardan ibarətdir. Ya həyatımızı o cızıqların içində yaşayacağıq ya da hərdən o cızıqları aşıb digər tərəfinə baxacağıq. Çox vaxt cızıqlarımız ilə potensialımız üst-üstə düşmür. Sərhədini bilməklə limitini bilmək ayrı şeydir. Sərhədi başqası və ya özün qoya bilirsən, limit isə bacarıqlarının, imkanlarının göstəricisidir. Özünü çətinə salmasan, cızıqlarını aşmağa çalışmasan həqiqi cızığını tapa bilməyəcəksən və öz potensialının altında qalacaqsan. Əlbəttə burdakı nüans özünü necə hiss etməyindir, ola bilər ki, cızıqda qalmaq səni narahat etmir və həyatın normaldır. Bu zaman cızıqlarınla xoşbəxt yaşaya bilərsən.
Baş qaldırma
Sən ay mənə cızıq çəkən, tez ol, poz cızığını!
İstəyirəm özüm çəkəm daha öz cızığımı.
Sorğulamadan sonra gələn qarşıdurma, cızıqları pozma arzusu baş qaldırır. Elə ki, ətrafındakı cızıqları gördün, artıq bu səni narahat edir və buna üsyan edirsən. Narahatlıq başlayır, cızığın o tərəfini düşünürsən, bu cızığı çəkənlərə əsəbləşirsən. Özün öz cızığına sahib olmaq istəyirsən.
Hedonizm
İstəyirəm yekə çəkəm bu cızğı, yepyekə.
İçində atılıb-düşəm, ləzzət alam, kef çəkəm.
Cızıqdan çıxmaq çətinləşdikcə içindəki arzular, həyəcanlar səni daha da narahat edir. Cızıqları aşdıqdan sonra kef çəkməyin, zövq almağın, həyəcanların xəyalını qurursan. Elə təsəvvür edirsən ki, bütün problemlərin tək səbəbi bu cızıqdır. Səninlə o rəngli dünya arasında duran tək şeydir. İçində hardasa gizli bir yerdə bu səbəblərin absurdluğunu duyursan amma görməzdən gəlirsən, çünki bilirsən ki, arzuların, həzz acgözlüyünün sonu yoxdur.
Acı həqiqətlə barışma
Çölündə yox, içindədi mən çəkdiyim o cızıq
Artıq özünü dərk mərhələsi başlayır. Görürsən ki, bu cızıqla o qədər yaşamısan ki, artıq bu cızğı mənimsəmisən. Özününküləşdirmisən, bu cızıq artıq sənin bir parçandır, sən özün öz cızığınsan. Çöldəki hər şeyə və hərkəsə baş qaldırsan da özünlə toqquşma yaşamaq sənə çətin gəlir. Cızıqdan çıxmaq özündən çıxmaqdır bəlkə də.
Bəlkə də cızıqsızlıq daha pisdir, səhrada azmış çölçü kimi hara gedəcəyini bilmirsən. Yorulanda, qorxanda sığınacaq bir künc tapmırsan. Cızıqsızlıq yolunu azmaqdır, itməkdir bəlkə də. Özünü axtarışın sonu bəlkə də əlində olanları da itirməkdir.
Bəs sən cızıq çəkənlərədənsən yoxsa cızıqda qalanlardan? Kimin çəkdiyi cızıqlara həbs olmusan?
Ərgən(yeniyetmə) sözünün təhqir kimi istifadə olunması
Yəqin ki, bizə türklərdən keçib. Yetkinliyə ilk addımını atan birindən birbaşa ciddi, qaşqabaqlı bir adam olmağını gözləyirik. Xoşumuza gəlməyən mövzularda danışması, zarafat etməsi bizə əttökənlik kimi görünür. Cəmiyyətdən bu qədər şikayət edib, dəyişməsini istəyib həm də gəncləri bu qədər qınaq altında qoymaq təzad yaradır. Cəmiyyəti dəyişəcək olan adamlar məhz o ərgənlərdi.
Qərbdə böyüyən yeniyetmələri bizimkilərlə müqayisə edəndə görürəm ki, biz yeniyetməliyi normal yaşaya bilmirik. Onlar yeniyetmə vaxtlarında atlanıb-düşür, istədikləri cür fiziki yarışlarda, təbirlərdə iştirak edirlər, elə yeniyetmə olanda bizə düşük görünən hər şeyi edib doyurlar. Yaşları 20+ olanda da başlayırlar daha ciddi mövzularda düşünməyə (özləri istədiyi üçün). Biznes qurur, layihələr başladır həm pul qazanırlar, həm də insanlara, yaşadıqları cəmiyyətə fayda verirlər.
Bizdə isə fikirləri, zarafatları, azadlığı sərhədlənmiş bir adam böyüyür çatır 20-30 yaşına, hələ də içində edə bilmədiyi uşaqca istəklər qaldığı üçün normal formada yetkinliyə çata bilmir. Yaş artır, pul və azadlıq qazanır amma yenə də nəsə çatmır və başlayır kənardan anormal görünən, özünün də başa düşmədiyi, baş yormadığı hərəkətlər etməyə.
İmkan verin yeniyetmələr öz azadlıqlarını doya-doya yaşasınlar, şit zarafatlar edib, bizə boş görünən şeylərlə məşğul olsunlar.
Çoxluqda itmək
Toy və ya bayram şənliklərində, mənə aidiyyəti olmayan bu xüsusi gündə, uzun müddətdir görmədiyim və ya hamısını eyni anda bir arada görmədiyim adamların əhatəsində olanda, suda həll olan duz kimi, mən də o çoxluğun içində öz bərkliyimi, özümə olan diqqətimi itirirəm. Hansısa iş görülməlidirsə görürəm, zarafatlara gülünməlidirsə hamıdan çox gülürəm, əsəbi olanları, küsənləri başa düşmək lazımdırsa başa düşürəm, kiçik toplumuzu ayaqüstdə saxlamaq üçün əlimdən gələni edirəm. Bu yarı şüurlu formada olur. Bu günün müvəqqəti olduğunu, bitdikdən sonra özümlə yenə tək qalacağımı bildiyim üçün çoxluqda itmək məni narahat etmir. Digər tərəfdən eyni anda müxtəlif insanları görəndə həm mənə maraqlı gəlir, həm də görürəm ki, burda heçkim özünü düşünmür, hamılıqla bu kollektiv hadisənin bir parçası oluruq. Məsuliyyət də hamıya bölündüyü üçün heçkim çox stress yaşamır, narahat olmur. Tutalım hansısa əşya, plan pozulursa, mütləq kimsə hardansa tanış bir adam tapacaq və problem həll olacaq və beləliklə bu xüsusi gün qısa ömrünü davam etdirəcək. Çoxlu halda olmağın gətirdiyi qəribə bir rahatlıq var, elə bilirəm belə günlərdə birlikdə aşa bilməyəcəyimiz çətinlik yoxdur.
Axşam evə qayıdanda çox yorulduğumu görürəm, həm də özüm üçün darıxdığımı başa düşürəm. Ətrafda nə qədər çox adam olarsa o qədər hissəyə bölünürəm sanki, sonda özümə qalan çox kiçik bir parçam olur.
Uzun illərdi Facebook və oxşar platformalarda vaxt keçirərkən yaşadıqlarım mənə bu hissləri xatırlatdı. Facebookda hansısa pis bir hadisə olanda toplu formada hamımız məyus olur, günahkarların tapılmasını tələb edir və öz həll yollarımızı təqdim edirik. Kimsə işindən çıxanda, yaxınını itirəndə hamımız onun dərdinə şərik oluruq. Şad günlərində isə yenə toplu formada sevincini bölüşürük. Əlbəttə burdakı hisslər real həyatdakı kimi səmimi və dərin olmasa da biz bunları yaşayırıq. Bunun pis və ya yaxşı olduğunu bilmirəm.
Pis olan şey bu çoxluqda özümüzü itirməyimizdir, beynimiz reallığı və Facebookdakı çoxluğu bir-birindən elə də ayırd edə bilmir, diqqətimiz yenə hamıya bölünür, gülünməli zarafatlara gülür, tənqidi mövzularda fikir bildiririr, vaxtımızı, enerjimizi hamıya bölürük. Ən pis tərəfi isə odur ki, toy-bayram günü axşam evə tək qayıdıb özümüzə dincəlmək üçün fürsət verirdik. Facebook isə gecə yatanda da bizimlədir, biz yuxuya gedərkən də toplu formada yatırıq, yuxudan oyanan kimi yenə həmin qarışıqlıq davam edir.
Bu cür davam edən həyat bizə özümüzü unutdurur, gələcəyimizi, karyeramızı, çox yaxınımızda olan 3-5 nəfəri, hər şeyi unutdurur. Çünki hər an kiminsə həyatında xoş və ya bəd bir hadisə baş verir. Hər an ölkə daxili fikir bildirə biləcəyimiz hansısa hadisə baş verir.
Əvəllər sosial medianı aktiv işlətməyən, gündəmi izləməyən, ölkədə baş verənlərdən xəbərdar olmayan insanlara əcaib varlıq kimi baxırdım. Öz-özümə deyirdim "Nə olsun ki, filan şeyi yaxşı bilir, filan şeydə yaxşıdır, amma ot kimi yaşayır, dünyadan xəbəri yoxdur". Sanki mən gündəmi izləyərək, baş verən hadisələrə fikir bildirərək çox vacib bir iş görürdüm, amma özü ilə məşğul olan, öz həyatını sosial mediadan üstün tutan insanlar eqoist və cəmiyyətə faydasız idi.
Ən böyük təsəllim isə bu idi: hamı bunu edir, hamı facebookdadır, hamı mağazadan qovulan qadın haqqında danışır, hamı yerə yaxınlaşan asteroidə aid zarafat edir. Hamı bunu edirsə deməli hamı özünü unudub. Mən səhv etsəm də tək deyiləm. Hamı səhv edir, məsuliyyət bölünür, günahkar bir adam yoxdur. Mənim başıma da nəsə hadisə gəlsə bu topluluq mənə də dəstək olacaq, fikir bildirəcək.
Zaman keçdi və mən indi başa düşürəm ki, nə qədər vaxtımı, enerjimi indi heç birini xatırlamadığım hadisə və insanlara sərf etmişəm. Virtual olaraq hansısa topluluğun içində yolumu azıb, real həyatda özünü itirmiş bir fərd olmuşam.
Hobbisizlər klubu
Hobbin nədir?
Ornitoloq - quşlarla maraqlanan həvəskarlar və ya mütəxəssilərə deyilirmiş.
Bunu başqa birinin CV-sində görüb öyrənmişəm. Bir proqramçı (insan) necə vaxt tapıb saatlarla quşların izinə düşə bilər? (Qeyd: proqramçıların insan olmağı barəsindəki müzakirələr hələ davam edir)
Hobbi anlayışı ləğv olunsun, insanlardan hobbilərini soruşmaq, maaşlarını soruşmaq qədər ayıb sayılsın. İnsan başqasının hobbisini soruşanların arxasınca necə ədəbsiz olduğunu vurğulasın. Kimsə mənim hobbim filan şeydir demədən əvvəl "siz də məni bağışlayın...", "üzr istəyirəm" ifadələrini işlətsin.
Bir insandan hobbisini soruşmadan əvvəl hobbisi olub omadığını soruşmaq ehtiyacı yoxa çıxıb. Sanki hər insan dünyaya gələn kimi ona bir hobbi təyin olunur. İnsanlarla ünsiyyət onsuz da çətindir, söhbət açmağa çalışan kimi hobbi soruşmaq ayıbdır. Utandığımdan heç kimə deyə bilmirəm ki, mənim hobbim yoxdur (siz də məni bağışlayın).
Əlbəttə kinoya baxmaq, kitab oxumaq kimi şablon (cliché) vərdişlər ölümlü, adi adamların vərdişi kimi görülür (bunu deyənlərə bir təhər baxırlar, dodaq altından gülürlər). Burdan "mən televizora baxmıram, tv adamın vaxtını alır, manipulyasiya edir, boş şeydir" deyib əvəzində saatlarla netflix (və ya hdfilmcehennemi) izləyənlərə alovlu salamlar, mən də sizin cərgənizdəyəm.
Hobbisi olmayanlar azlıq sayılsınlar, onlar üçün xüsusi bayraq dizayn edək, himn bəstələyək, küçələrə çıxıb öz qürurumuzu qoruyaq, "hobbi soruşmaq qadağan olunsun" şüarını səsləndirək. Əgər bunu etmək çətindirsə xüsusi hobbi qurumu, fondu yaradılsın. Dövlət bu işə əl qoysun və hobbisi olmayanlara hobbi təyin etsin. Heç olmasa sənəd üzərində təsdiqlənmiş hobbimiz olsa heçkimin qabağında başı aşağı olmarıq.
Gün ərzində işə gedib-gəlmək üçün saatlarla vaxt sərf edən, evə yorğun qayıdan, bütün vacib işlərini həftəsonun saxlayan insanlardan "hobbin nədir?" soruşmaq mərifətsizlikdir.
Yeni bir kasta sistemi yaransın, hobbisi olanlar sadəcə hobbisi olanlarla dostluq etsinlər. Hobbisi olmayanlar isə öz başlarının çarəsinə baxsınlar.
Sabahdan başlayıram quşlar haqqında sənədli filmlərə baxıb, quşlar haqqında oxumağa (oxumaq və izləmək hobbimi quşlara yönəldərək). Qərar vermişəm, CV-imə hobbi hissəsi əlavə edib, qabağına da qara hərflərlə ORNİTOLOQ yazacağam.
Sən tək deyilsən.
Ümidsiz, çarəsiz, tora düşmüş kimi hiss edirsənsə, nə edəcəyini bilmirsənsə, heçkim səni başa düşmürsə, yaxınında olan insanlar səni tanımırsa, başa düşmürsə, ümidsizliyə qapılma, həyatdan əl çəkmə, sən tək deyilsən.
Biz ortada qalmış bir nəsilik, bizdən əvvəlkilər ilə bizdən sonrakılar arasında.
Ani bir qırılma yaşamışıq və öz aid olduğumuz yerlərə çox uzaq düşmüşük, düşüncə olaraq, qavrayış olaraq. Buna görə yaxınlarını günahlandırma, bu qarışıq zamanda, çətin dövrdə hamının günahı var, amma heçkim günahkar deyil.
Həyatda qalmağı, bu mübarizədə qalib gəlməyi bacarmalısan. Özünü itirmə. Sən tək deyilsən, sənin kimi eyni şeyləri hiss edən, eyni çətinlikləri çəkən minlərlə gənc var bu cəmiyyətdə. Bəlkə də uzaqda yox, biraz aralıda, qonşuluqda sənin kimi hiss edən başqa bir insan da var.
Bu da bizim başımıza gələn, və ya bizim içinə düşdüyümüz bir dövrdür. Nə köhnə dövrdür, nə də yeni, ortaya qarışıq.
Bizdən yaşca böyüklər bizi başa düşməyəcək, yaşca balacalar da çəkdiyimiz əziyyətləri başa düşməyəcək. Bizi ancaq özümüz başa düşəcəyik. Tək olmadığını bilmək sənə dəstək olsun, çünki bu cür olan digər hamı mübarizəyə davam edir, yaşamaq, həyatdan zövq almaq üçün çalışır və müəyyən zamandan sonra xoş günlər başlayır, maddi azadlıq qazandıqdan sonra, yaxşı bir dost tapdıqdan sonra, yaxşı bir sevgili tapdıqdan sonra və ya yaxşı bir macəraya çıxdıqdan sonra hər şey yaxşıya doğru dəyişir. Sən də dəyişirsən, zamanla indi səni narahat edən şeylər, çətin gələn şeylər daha da asanlaşır.
Vaxt gələcək indi çəkdiyin əziyyətləri biraz kədərli, biraz da xoş xatirələr olaraq xatırlayacaqsan. Çünki səni sən edən şey bu ağrılar, əzablar olacaq.
Sən mübarizəyə davam et, uğur qazan, hamıya qalib gəl ki, sənin kimi olan digərləri də sənə baxıb həvəslənsin, ümidlənsin.
Ümidini itirmə, qorxma! Sən bunu bacaracaqsan! Mən sənə inanıram!
Zehin - bədən problemi və Raskolnikov
Bu problem - şüur və bədən arasındakı əlaqənin mürəkkəbliyini göstərir. Düşüncələrimiz və bədənimiz arasında birbaşa və ya dolayı bir əlaqə var. Biz bu əlaqəni unudanda gündəlik həyatda ya bədənimiz əziyyət çəkir, ya da zehnimiz. Verdiyimiz qərarlarda, etdiyimiz seçimlərdə hər zaman rasional olub, duyğularımızı, bədənimizi nəzərə almayanda öz daxilimizdə bir toqquşma yaşayırıq.
Raskolnikov məntiqli düşünürək o zərərverici məxluqu öldürmək qərarı almışdı, amma qəhramanımız da bizim kimi qəra verərkən öz bədənini, emosiyalarını nəzərə almamışıdı. Heç kim görməsə də, bilməsə də onun bədəni bu cinayətə dözə bilmir, zəifləyir, xəstəliyi artırdı. Buna səbəb isə daxilindəki məhkəmənin (digər adı ilə vicdan) onu içdən məhv etməyə başlaması idi. Ona hələ də məntiqli görünən bu qərarın öz emosiyalarına və bədəninə niyə bu qədər ağır gəldiyini başa düşmürdü.
Bu əslində müasir dövr insanının yaşadığı ən böyük problemlərdən biridir.
Bu cür problem yaşamamaq üçün gərək biz öz bədənimiz və zehnimiz arasındakı balansı qoruyaq. İndiki özümüz gələcəkdəki özümüzü empatiya edək. Hansısa qərar və seçimdən sonra necə hiss edəcəyik, duyğularımızın, bədənimizin bu nəticəyə verəcəyi reaksiya necə olacaq. Söhbət təkcə düşüncə empatiyasından yox həm də duyğu empatiyasından da gedir. Empatiya haqqında və kiçik məşqlərlə empatiyanı necə inkişaf etdirə biləcəyimiz haqqında daha sonra geniş danışacağıq.
Mən necə güclü oldum?
(və ya Akademiya üçün hesabat)
İnsan güclü doğulmur, amma güclü olmağı seçir və öyrənir. Sizinlə güclü olmaq hekayəmi bölüşmədən əvvəl Kafkanı yad edək. Akademiya üçün hesabat adlı hekayəsində bir meymunun insana çevrilməsini meymunun akademiyaya yazdığı məktub formasında göstərir. Əvvəllər azad yaşayan bu meymun, digər adı ilə Qırmızı Peter, iki güllənin nəticəsində insanların əlinə keçir, qəfəsə düşür və təlimlərə məruz qalır.
Peter deyir ki, özümü insanlara oxşadaraq, onlardan biri imiş kimi göstərərək bu qəfəsdən qurtula bildim, çoxluqda itə bildim. Əvvəlki azadlığım üçün darıxmıram. İnsan olmağa gedən yolda ilk öyrəndiyi şey tüpürmək imiş. Onun tüpürdüyünü görən insanlar buna çox həyəcanla baxırmış. Daha sonra tütün çəkməyi, içki içməyi çətin də olsa öyrənib. Bu meymun insanın öz daxili dünyasını tərk edib, cəmiyyətə uymağa çalışmasını, tənhalıqdan qorxduğu üçün digərlərini yamsılamalı olduğunu göstərir.
Mənim hekayəm də qırmızı Peterin hekayəsindən fərqlənmir. Əvvəllər güclü və zəif fərqini başa düşə bilmirdim. Digər insanları müşahidə etdikcə özümün zəif olduğunu və zəifliyin ayıb bir şey olduğunu gördüm. Bu yolu keçən hamı kimi mən də başqalarını təqlid edərək güclü göründüm. Güclü olmaq kobud olmaq idi, güclü olmaq insanlara aldanmamaq idi, güclü olmaq ilk tanış olduğun hamıya şübhə ilə yanaşmaq idi, güclü olmaq hisslərini insanlardan gizlətmək idi. Hər kəsin güclü və kobud olduğu yerdə zəif olmaq ayıb idi.
Hansısa müdrik insan demişdi ki, kötüklər sərt və güclüdürlər, kiçik fidanlar isə zəif və gücsüz. Kötüklər ölü ağaclardır, fidanlar isə canlıdırlar. Deməli mən ölü olmağı, özümü ölü kimi aparmağı seçmişdim. Güclülərin arasında olmağın gətirdiyi başqa bir çətinlik isə hər an zəif olduğumu başa düşəcəkləri qorxusu idi. Bəlkə də bu qorxu ilə yaşamaq məni güclü edirdi. Etiraf etməliyəm ki, güclü olmağı heç vaxt sevməmişəm, amma artıq gecdir. Bir dəfə ölülərin sırasına girdinsə bir də dirilə bilmirsən. Əvvəl onları yamsılayırdımsa indi onlardan birinə çevrilmişəm. Ölü, amma güclü olmuşam!
Sorğulamaq xəstəlikdir
Sorğulamaq hər zaman faydalı deyil, bəlkə də ümumiyyətlə faydası yoxdur. Hər şeydə olduğu kimi sorğulamada da balansı itirəndə həyat çətinləşir. Gündəlik həyatımızda gördüyümüz işlərin, qarşılaşdığımız hadisələrin böyük hissəsi sadə, bizə mənəvi olaraq çox şey qatmayan, hətta mənasızdırlar. Bu sıradan və normal həyatdır. Sorğulamaq xəstəlikdir, hansı ki bir dəfə sorğulamağa başladınsa davamını saxlamaq olmur. Əvvəl dünyəvi, ümumbəşəri mövzuları sorğulayırsan, daha sonra öz həyatını, amma bununla bitmir. Sorğulamaq həm də hadisələrdə məna axtarışıdır və sorğuladıqca başa düşürsən ki, bu həyatda mənalı şeylərin sayı çox azdır. Vərdiş halına çevrildiyi üçün atdığın hər kiçik addımı, deyilən hər sözü sorğulayaraq mənasızlaşdırırsan. Birinci mərhələ düşüncə olaraq hər şeyə marağın itməsidir, daha sonra isə davranışların da buna uyur. Sənə mənasız göründüyü üçün çox az hallarda hərəkətə keçirsən. Zamanla çevrilib olursan mənasızlaşdırma maşını. Hərəkət olaraq passiv, sorğulama olaraq aktiv bir maşın.
Həyatımı dəyişən 70 manat…
Tələbə olarkən mənim üçün böyük, insanlıq üçün kiçik sayılacaq bir məbləği verib bir neçə kitab almışdım. Həmin kitabların bəzilərini heç vaxt oxumadım, amma o vaxtdan sonra həyatım tamam dəyişdi. Bunun haqqında bir yazı yazmaq istəyirdim, qəşəng, bəzəkli sözlər də tapmışdım, arada bir-iki motivasiya sitatı da qoyacaqdım, amma sonra fərqinə vardım ki, mən bu hadisəni biraz şişirdirəm.
Buna bənzər şişirdilmiş bəzi ifadələr: bir kitab oxudum, bir video izlədim, bir aforizm gördüm və həyatım dəyişdi.
Əslində isə bu cür konkret bir nöqtədə tamamilə dəyişim baş vermir. Oxuduqlarımız, məruz qaldığımız hadisələr, informasiyalar, insanlar bizi yavaş-yavaş buna hazırlayır. Biz fərqində olmadan dəyişməyə başlayırıq. Əvvəllər bizə məlum olmayan və ya təhlükləli görünən şeylərə qarşı daha tolerant oluruq. Bönövrə zamanla hazır olur və həmin an gələndə. Əlinə o kitabı alanda, o videonu izləyəndə sən bu dəyişimə hazır olduğunu başa düşürsən. İndiyə qədər fərqində olmadan dəyişirdinsə, artıq bunu fərqinə varırsan. O qırılma anı səndə aydınlanma anı kimi görünür.
"Biz fərqliyik"-çilər
Köhnə bir müəllimim Facebookda belə bir post paylaşıb "Fəxr edirəm ki, Qafqazlıyam (universiteti nəzərdə tutur)". Bəzi insanlar olduğu qrupu, mühiti şişirtməyə meyillidir. Yəqin ki, sizin də qarşınıza bu cür insanlar çıxıb. Bizim məktəb fərqli idi, hamımız... . Bunu bir çox şeyə dəyşimək olar: bizim qrup, bizim ofis, bizim iş mühiti, bizim ölkə, bizim dünya və s.
Fərd olaraq öz fərqliliyinə inanıb eqo sərgiləyən insanları başa düşmək olur (gülərək), amma toplu formada fərqliyik deyənlər daha çox gülməlidir. Öz fərqliliyini biraz azaldıb digər qrup üzvləri ilə bölüşmək. Bunun bir neçə səbəbi ola bilər. Məncə ən böyük səbəbi tezliklə o qrupa aid olan digər insanlardan təsdiq almağın asanlığı və bu təsdiqlə öz eqonu biraz da olsa rahatlatmadır. Tək özünün fərqli olduğunu vurğulasa yəqin ki, bir çox adamdan tənqid alacaq, amma öz fərqliliyini bir qrupa qarışdıranda asanlıqla bu təsdiqi ala bilir.
Mən bunu belə başa düşürəm: Mən fərqliyəm, ona görə də olduğum qrup fərqlidir. Birinci hissəni gizlədib, ikinci hissəni göstərərək gizli bir fərqlilik ehtiyacını qarşılamaq.
Eqonu qrup üzvləri ilə bölüşür, amma bəzi limitlər gətirir. Qrupun böyüməsini istəmir. Bunun isə çox sadə bir üsulu var. Cümlənin ən başına "Bizim vaxtımızda" əlavə edirsən. Beləcə Həmin məktəbdə özündən əvvəl və sonra oxuyanları qrupdan çölə atırsan. Sadəcə o kiçik qrupun fərqli olduğunu vurğulayırsan.
Öyüd
Hansısa bir sahədə ixtisaslaşan adamlar başa düşürlər ki, həmin mövzu haqqında kiməsə nəsihət vermək çox çətindir. Bir şeyi çox yaxşı biləndə onun nə qədər mürəkkəb olduğunu görürsən və başqalarına bu haqda yön vermək də bir o qədər çətinləşir.
Bizim nəsihət verməyə meyilli olan qocalar da özlərini yaşamaq üzrə, qərar vermək üzrə mütəxəssis saydıqları üçün hamıya nəsihət paylayırlar.
Mən də özümü ağıllı saydığım dönəmlərdə ətrafımdakılara bəzi məsləhətlər verməyə cəhd edib, uğursuz olduqdan sonra məsləhət al-verinin o qədər də uğurlu olmadığı qənaətinə gəldim. Özümə söz verdim ki, bir də heçkimə məsləhət verməyəcəm.
Qədim dövrlərdə nəsillər arası biliyin, təcrübənin ötürülməsi yaşlılardan gənclərə verilən öyüd, nəsihət sayəsində baş verirdi və bu həmin toplumun həyatda qalmağını təmin edirdi. İndi isə bütün bunlara ehtiyac qalmayıb. Əslində yazı və kitablar kəşf olunandan buna ehtiyac azalmışdı, amma internetin bu qədər əlçatan olması nəsihətləri mənasızlaşdırır. Hətta bizim qocalar da indi öz vatsap statuslarında tiktokdan video paylaşırlar.
Kimsə önəmli mövzularda konkret bir yön verməyə çalışırsa bilin ki, bu adamın o mövzuda o qədər də biliyi, təcrübəsi yoxdur. Üstəlik nəsihət verən adam öz təcrübəsinə əsaslanaraq fikir bildirir, sizin isə yaşadıqlarınız tamam başqadır.
Məndən sizə məsləhət(söz verirəm ki, sonuncudur):
1. Heç kimin məsləhətini birbaşa həyatınıza tətbiq etməyin.
2. Heç kimə məsləhət verməyin.
Öyrənmə əyrisi
Yeni bir sahəni, mövzunu öyrənməyə başlayanda sıfırdan başladığımız üçün tez zamanda çoxlu yeni məlumat öyrənirik. Başlanğıcda bilmədiklərimizin çoxuluğu buna səsəb olur. Zaman keçdikcə, biz öyrənməyə davam etdikcə öyrəndiklərimiz artır, bilmədiklərimiz isə azalır. Bir nöqtədən sonra sürətimiz, öyrənmə instensivliyimiz yavaşlayır. Mənə görə bu nöqtə ən vacib nöqtələrdəndir. Bəziləri burda hər şeyi bildiyinə qərar verir və öyrənməni dayandırır. Beləcə həmin mövzuda dərinləşə bilmir. Daha əzmli insanlar isə öyrənməli olacağı şeylərin azlığına, mövzunun daha dar bir çərçivəyə düşməsinə baxmayaraq davam edir və o işin mütəxəssisi olur.
Məncə bu əyrini bir çox mövzuya şamil etmək olar.
Yeni bir insana sevgi duyanda emosiyalarımız sıfırıdan üzü yuxarı doğru artmağa başlayır. Biz bu fərqi asanlıqla hiss edirik, çünki birdən-birə həyatındakı sevgi sıfırdan göylərə qalxmış olur. Bir əmması var ki, zaman keçdikcə bu sevginin də şkalası sabit bir formaya keçməyə başlayır, hətta bəzən üzü aşağı davam edir. Bir müddət sonra fərqinə varırsan ki, bu sevgi sənin üçün çevrilib olub vərdiş(bu pis bir şey deyil).
Digər bir nümunə kədər, itki, çətinlik ola bilər. Anidən bir itki baş verəndə şkalamız sıfırdan mənfiyə doğru sürətlə düşür və bu kəskin dəyişim bizdə çöküşə səbəb olur. Biraz zaman keçdikdən sonra artıq bu çətinliyə alışırıq, çətinliyin, itkinin səviyyəsi artıb, azalmasa da bizim buna qarşı olan dözümlülüyümüzdə dəyişim olmur. Beləcə çətinliyə qarşı dözümlü, güclü oluruq. Ona görə də bir çətinlik yaşayanda hər şey yaxşı olmasa da, biz buna alışırıq.
Həyatını dəyişməyə çalışan bir insan üçün də bu keçərlidir. Dəyişimə qərar verdikdən sonra dəyişim əyrisi sıfırdan yuxarı doğru qalxmağa başlayır. Yeni başladığın üçün dəyişməli bir çox şeyi görürsən və üzərində işləyirsən. Zaman keçdikcə dəyişimin sürəti də azalır və bir nöqtədən sonra monotonluq başlayır.
Qumar və ya narkotik aludəçiləri üçün də bu əyri keçərlidir. Başlanğıcda dopamin ifrazı anidən artır. Zamanla bu artış da azalır və bir yerdən sonra monotonlaşır.
Xülasə:
Həyatında bir xoşbəxtlik varsa birazdan monotonlaşacaq, buna hazır ol!
Həyatında bir çətinlik varsa birazdan öyrəşəcəksən və bu qədər çətin gəlməyəcək.
Həyatda bəzən enişlər, bəzən də yoxuşlar olur və bununla bacaramaq nisbətən asandır. Həyatda daim monotoluq olur, bütün əyrilər, bütün enişlər və yoxuşlar monotonluğa meyillidir. Mənə görə monotonluqla bacarmaq daha çətindir.
Bombalar və uşaqlar...
Bu səhər kefim yoxdu...
Qatardayam, kofem biraz soyuq olduğu üçün heyfisləndim. Xəbərləri oxuyum, olub qalan yuxum da, kefim də qaçsın.
Gecə çoxlu bomba atılıb, o bombaları satan adam da yəqin bu səhər kofesini içərkən, bu qədər az atıldığı üçün heyfislənir. Biraz çox atsaydılar nolardı?! Kefi kök olardı. Kimsə şərh yazır, hər şey cəhənnəm, bitkoinin dəyəri aşağı düşdü. Bombaların düşdüyü yerdəki uşaqlar cəhənnəmi görüblər, gecənin qaranlığı qırmızı bir alova bürünür. Hər şey cəhənnəm...
Alimlər ana südündə mikro plastik tapıb. Deməli artıq dünyaya gələn kimi plastik yeməyə başlayırıq. Kofemi plastik qabdan içirəm. Artıq heç kim başqalarını süni olduğu üçün qınaya bilməz, çünki artıq hamımız mikro formada süniyik, çaşdım, mikro plastikdən ibarətik. Dəyişim birdən olmur. Yavaş-yavaş, mikro-mikro çevrilib oluruq plastik. Vaxt gələcək uşaqlar 100% plastik doğulacaq, alimlər bununla fəxr edəcək! Çürüməyən uşaqlar! Bombaya dözümlü uşaqlar!!
Bombalar göydə vurulub, ölü sayısı 1. Bombanı atanların da bu səhər kefi yoxdu, heç olmasa biraz adam öləydi, biraz. Kofem biraz isti olsaydı kaş, biraz... Deməli bu səhər kefi qaçan tək mən deyiləm, bombanı atanlar, satanlar və bitkoni dəyər itirən o "adam"lar. Bəs cəhənnəmi görən uşaqlar? Onların heçnəyi yoxdur...
Plastik, bomba, bitkoin, kofe...
Çətinliyə, ağrılara, əzablara layiq olduğu dəyəri vermirik!
Hamımız xoşbəxtlik arxasınca gedirik, bir-birimizə arzuladığımız tək şey xoşbəxtlikdir. Əslində isə insanı formalaşdıran şey çətinliklər olur. Əziyyət, kədər, çətinlik qarşısında verdiyimiz reaksiyalar, ondan öyrəndiklərimiz bizi dəyişir. Özümüzü bu çətin anlarda tanımağa, formalaşdırmağa başlayırıq. Geri dönüb baxanda da bizi formalaşdıran şeyin xoşbəxtlik olmadığını görürük.
Xoşbəxt insanın dəyişməyə ehtiyacı olmur, çünki o, halından razıdır. Xoşbəxt olmaq yatmaq kimidir, nə özünün fərqində olursan, nə də ətrafdakıların. Buna görə də xoşbəxtlik müvəqqəti olur.
Hətta xoşbəxtliyin özünü də daha dəyərli edən şey çəkdiyimiz çətinlikdir. Heçlikdən gələn xoşbəxtlik ilə əziyyətin nəticəsi olaraq gələn xoşbəxtlik eyni olmur. Çəkdiyimiz əziyyətlər xoşbəxtliyə də dəyər qatır.
Bütün bunlara baxmayaraq çətinlikdən qaçıb, xoşbəxtlik arzu etmək biraz qəribədir.
20 Faizlər
Hərdən düşünürəm ki, boş vaxtım çox olsaydı zövq aldığım işlərə daha çox vaxt ayırardım. Gündüzlər monoton işləyib axşamlar isə mənə zövq verən vərdişlərlə məşğul olmaq sanki bəs etmir. Bəlkə də bunu özüm də bilmədən qəsdən edirəm. Kimyagər romanında bir tacir var idi, bu tacirin ən böyük arzusu həccə getmək idi, amma bu xəyalına çata biləcək pulu yığsa da ora getmirdi. Deyirdi ki, mənə bu həyatda yaşamaq gücü verən tək şey bu xəyaldır. Bu xəyalıma çatdıqdan sonra nə üçün yaşayacağımı bilmirəm.
Mənim də tətillərdə bə ya həftə sonları bol vaxtım olur, amma normal günlərdə olduğu kimi sadəcə axşamlar bu vərdişlərə vaxt ayırıram. Bilirəm ki, pul qarşılığında etmədiyim bütün işlər, zövqlər az olduğu üçün bu qədər dəyərlidir. Kimsə mənə xoşladığım şeyləri görmək üçün pul versəydi və gündə 8 saat bununla məşğul olsaydım, bir müddət sonra bundan bezərdim. İşinizi sevin və ya sevdiyiniz işdən pul qazanın ifadəsi deyəsən yalandı. Burdakı məsələ pulun həmin zövqü çirkləndirməsi deyil, davamlılığın, monotonluğun bu zövqü sıxıcılaşdırmasıdır. Nifrət etmədiyin bir işdə işləyirsənsə buna davam etmək olar, onsuz da bütün işlər bir yerdən sonra sıxıcı və zövqsüz formaya düşməyə məhkumdur. Pareto deyirdi ki, nəticələrin 80 faizini gördüyümüz işlərin 20 faizi gətirir. Həyatda zövq aldığımız şeylərin 80 faizi də həyatımızın 20 faizində olur. Biraz cəhd edib faizi artıranda dadı da qaçır. Həyatınızdakı 20 faizlərin qədrini bilin və onların artıb-azalmasına çalışmayın.
Layihə
Öz itləri və pişikləri üçün sosial şəbəkələrdə hesab açaraq bir imic yaratmağa, pul qazanmağa və ya like toplamağa çalışanlardan sonra yeni nəsil valideynlər ortaya çıxdı.
Bu varlıqlar öz uşaqlarına layihə kimi yanaşaraq uşaqlarının hər addımı, seçimi, hərəkəti haqqında qərar qəbul edib, öz ideallarındakı insanı yaratmağa çalışırlar. Bu bəs deyilmiş kimi hər şeyi video formatında hamıyla bölüşərək layihənin gedişatından bizi də xəbərdar edirlər. Öz uğurlu layihəsi ilə fəxr edən hər bir layihə meneceri kimi bu valideynlər də övlad adlı layihə ilə qürur duyurlar. Bəzilərinin isə gözü doymaq bilmir. Nitsşenin uber-insanını yaratmağa çalışan bu məxluqlar uşaqlardan hər şeyi eyni anda mükəmməl formada etməsini gözləyir. Mənim oğlum əlaçıdır, üstəlik pianinoda ifa edir, axırıncı boks yarışında qızıl medal aldı, bir aya 10 kitab oxuyur, həftəsonları rəsm çəkməyi öyrənir, 3 dildə səlis danışır, 4 dildə ana söyüşü söyə bilir və s.
Öz bacarmadıqları, arzulayıb çata bilmədikləri hər şeyi, başqasında görüb qısqandıqları və ya instagramda təsadüfən gördüklərini bu layihə üzərində sınaqdan keçirirlər.
Artıq hər yerdə yeriyən balaca layihələr görürəm. Yolda tanımadığım uşaq görəndə soruşmaq istəyirəm: a bala, sən kimin layihəsisən?
Bayram xaosu
Axırıncı bayramda bir qohum ziyarətindəyik. İldə bir dəfə gördüyüm qohumlardandı, evlərini təmir ediblər yoxsa bu evə heç vaxt gəlməmişdim? Mətbəxdə oturub çay içirik, ev sahibi tələsik çayın altını yandırır. Divarda televizor hamıdan yuxarıdan bizə baxır, evdən küftə iyi gəlir, amma biz sadəcə çay içəcəyik. Biraz acam. Televizrorda adını bilmədiyim bir veriliş gedir. Salamlaşarkən, mənə verilən sualları cavablayarkən və deyilən hər şeyi başımla təsdiqləyərkən televizora diqqətlə baxmağa imkan tapa bilmədim. Yaşlı adamlardı, uşaqlar başqa yerlərə gedib, bir-birinə qalan bir cüt köhnəlmiş adam. Baxmasam da bir qulağım televizordadı, hansısa gənc qadın kiməsə qoşulub qaçıb. Süfrəyə paxlava gəlir. Adam səninlə danışır, üzünə bax. Baxdım. Biraz gülümsə, narahat görünürsən daha çox sual gələcək və danışmalı olacaqsan. Paxlavaya baxmaq olmaz, televizor soldadı, başını çevirmək olmaz. Qonaq ziyarətinin ən vacib nüansı ev sahibinə baxıb, onu başınla təsdiqləməkdi. Hansısa xalq artisti gedən qadını tənqid edir. Danışan tərəf kim olursa olsun adamların gözünə baxa bilmirəm. İnternetdə yazılmışdı ki, yalan danışanlar adamın gözünə baxa bilmir. Mən yalan danışmıram, ümumiyyətlə danışmıram axı. Durduq yerə özümü yalançı çıxarıb stres yaşadım. Dinləyirmiş kimi edib, başqa şeylər düşünürsən, bu da yalan danışmaqdır. Sən yaxşı ana olsaydın uşağını atıb yad adamla qaçmazdın. Qaçmıram, bütün diqqətimlə bu qohuma baxıram. Növbə mənə çatdı, nəsə sual verməliyəm. Kiçik bir təlaş yaşayıram. Paxlava qəşəng olub. Yox sən acsan ona görə sənə elə gəlir. Uzaq qohumları ziyarətə bayramdan bir neçə gün sonra gedilir, qarşına da köhnə yeməklər qoyulur. Çay gəlir. Görəsən deyilən heçnəyi dinləmədiyim üçün ayıb olur? İstəyirəm ayağa durum və onlara hər şeyi izah edim: bu adətlər köhnəlib, mən sizə vatsapdan səsli mesaj göndərmişdim. İnsanlar səsli mesajla kifayətlənməyi öyrənməlidir. Qonağa köhnə yemək qoymaq olmaz. Sən axlaqsız qadınsan, buna görə də uşaqları sənə vermək olmaz, o uşaqlara dövlət baxacaq! Yaxşıdı, ən azından kimsə qadını bıçaqlamayıb. Bu şoudur, günahkar qadınlar həmişə bıçaqlanaraq ölür! Görəsən ikinci çayı istəsəm ayıb olar? Paxlavam yarım qaldı axı, hamıdan qabaq bitirdim çayı. Hamısı televizorun günahıdır çox maraqlı danışır. Bəs ev sahibi? televizor onun əvəzinə danışır, qoy istirahət etsin. İşdə yarım qoyduğum tapşırığı görəsən kim tamamladı? Burdan çıxsaydıq biraz rahatlayardım. Paxlava köhnə olsa da yaxşı idi. Yazıq qadın, uşaqlarını görə bilməyəcək...
Laboro, ergo sum
Əvvəl adımızı qoydular homo sapiens yəni ki, düşünən insan. Sonra biri çıxdı və dedi ki, yox biz düşünə bilən heyvanlarıq. İndi də deyirlər ki, biz homo laborans-larıq yəni ki, işləyən heyvan.
Əslində bu termin bizi yaxşı təsvir edir, ömrümüz işləməklə keçir, nəinki düşünməklə. Düşünən heyvan ola bilmək üçün düşünməyə vaxt ayırmalıyıq, amma biz həyatda qalmaq üçün işləməliyik. İşləməkdən düşünməyə vaxt qalmır.
Bəzilərimizin əlində bircə həftəsonları var, onda da çevrilib oluruq homo consumer. Yəni ki, istehlak edən, istismar edən, tükətən heyvan. İşləyərək qazandıqlarımızla nələrisə satın alırıq. İşlə - satın al - işlə - satın al - sonunda da öl.
Dekartın Cogito-sunu dəyişib edək Laboro.
Laboro, ergo sum - işləyirəmsə deməli varam!
Panoptikon
Bu dizayna əsasən mərkəzdə nəzarət qülləsi və ətrafında inşa edilmiş dairəvi həbsxana var. Hər biri tək otaqlı kameradan ibarətdir. Panoptikonda hər bir məhbusu tamamilə nəzarətda saxalamaq olar, özləri ilə tək qala biləcəkləri, gizlənə biləcəkləri heç bir yer yoxdur. Hər an izlənildiyini bilən məhbus heç vaxt qaydalara zidd getməyəcək, etdiyi hər hansı bir səhvin, hər an cəzalanacağını biləcək.
Müasir dövrdə hamımız rəqəmsal bir panoptikonun içində yaşayırıq. Hər şeyin və hər anın internet üzərindən hamı ilə bölüşülməsi, mərkəzi bir nəzarət üçün əlverişli mühitdir. Artıq insanlar qanunlardan çox internetdən qorxurlar. Üstəlik bu nəzarət sistemi bizə zorla verilməyib, biz öz istəyimizlə panoptikona girmişik. Bilirik ki, hər an, hər yerdə bizi izləyən facebooklar, google-lar var.
Artıq gizlənəcək bir yer yoxdur, evlərimiz kameralarla doludur, bizi açıq-açıq dinləyən mikrofonlarla əhatə olunmuşuq.
İnternet bizə verilmiş bir azadlıqdır, ifadə azadlığı. Biz öz fikirlərimizi, şəkillərimizi, xatirələrimizi azad formada burda bölüşə bilirik. İronik olaraq, bizə verilən bu azadlıq özü çevrilib olub həbsxana. İnsanlara azadlıq verərək onları idarə etmək, necə də gülməli vəziyyət.
Ev
Ev dediyimiz yer haradı? doğulduğumuz, böyüdüyümüz, həyatı, insanları tanıdığımız yer? Bəs bütün bunların hamısını ayrı-ayrılıqda hərəsini başqa yerlərdə yaşamışıqsa? Onda deməli adamın bir evi yox çoxlu evi ola bilər? Çoxlu kainatlar nəzəriyəsi vardısa çoxlu evlər nəzəriyyəsi niyə olmasın?
Məncə Ev dediyimiz şey bizim içimizdədir, sevdiklərimiz, xoş xatirələrimiz, kədərli anlarımız, bizə aid olan hər şey, aid olduğumuz hər şey bizim içimizdədir, hara gediriksə özümüzlə aparırıq. Ona görə də heç vaxt özümü evdən uzaqda hiss etmirəm, çünki həmişə evimdəyəm, həmişə sevdiyim hamı yanımdadı. Bunu yenicə başa düşmüşəm, son 10 ildə 10 dan çox fərqli evdə yaşamışam və heç birində tam olaraq evdə imiş kimi hiss etməmişəm, elə bilirdim hansısa fiziki evə aid olmaq hissimi itirmişəm, özümü evsiz kimi hiss edirdim. Sən demə elə adam evsizləşəndə başa düşür ki, Ev anlayışı daş bir binadan ibarət deyil. Doğulandan bəri hamımız daxilimizdə öz evimizi tikirik, zaman keçdikcə o evi həm tikməyə davam edirik həm də xatirələrimizi, sevdiklərimizi hətta sevmədiklərimizi də o evə qonaq edirik. İllər keçir yeni insanlar tanıyrıq, bəzilərini unuduruq bəzilərini isə unudacağıq. Evimiz bəziləri üçün müvəqqəti sığınacaq, yol üstü girib baş çəkdikləri yerdir. Bir də elə adamlar var ki, onlar evimizin daimi üzvləridir, ya da onlar olmasa evimizin mənası qalmayacaq. Onlar ən yaxınlarımız, ən sevdiyimiz insanlardır. Evimizin ən yaxşı otağını, ürəyimizi, onlara açmışıq, onları heç kim ordan çıxara bilməz. Evimizin ilk qonaqları ailə üzvlərimiz, ən yaxınlarımız, evimizi onlarla birlikdə tikməyə başlamışıq, davam edirik.
Qısacası mən öz eviməm…
Yüz il qoşa atılsaq da qoşa düşmərik…
Markes yüz ilin tənhalığı kitabında maraqlı bir üsula əl atmışdı. Yüz il boyunca eyni nəsildən gələn bir ailənin bütün üzvləri sonda eyni tale ilə barışmalı olurdu, tənhalıq. Ata, oğul, nəvə, nəticə hamısının adı da eyni idi, fərqli həyatlar, fərqli hekəyələr yaşasalarda necəsə hamısının taleyi birbirinə bağlı idi, sanki bir ağacın kökləri kimi, hər biri fərqli istiqamətdə getsə də hamısı eyni ağaca bağlıdı. Tam xatırlamıram amma, belə bir hissə var idi, deyəsən bezdikləri üçün ailənin ən yaşlı qadınını həyətdəki böyük ağaca bağlamışdılar, o ağac və qadın bəlkə də eyni mənaya gəlirdi.
Dark serialında da bu yanaşma ilə qarşılaşırıq, hər 33 ildə hər şey təkrarlanır. İnsanlar öz taleyindən qaça bilmir, eyni faciələri yaşayan insanların uşaqları da eyni taleyi bölüşürlər.
Bugünlərdə gündəmə gəlmiş mahnı hamımızın dilinə düşüb, dünya sənin dünya mənim. Fərqli formada, eyni mahnını ifa ediblər. Təsadüfə bax ki, bu mahnı da ilk dəfə təxminən 36 il bundan əvvəl çıxıb və bu mahnı təzə çıxan vaxtlarda da bizim valideynlərimizin dilində əzbər idi. Deyəsən bu dövrü qırmaq olmur, nə qədər fərqli olduğumuzu düşünsək də, hamımız eyni adamlarıq, eyni taleyə, eyni duyğulara sahibik. Bu sözü daha çox müharibə ərzində də eşidirdim. Hər nəsil müharibədə öz sevdiklərini itirib, hər nəsil o qorxuları yaşayıb. Hətta valideynlərimizin valideynləri də uşaqlığı ikinci dünya müharibəsini görüb, onların valideynləri isə hər iki dünya müharibəsini, belə davam edir.
Fərqli müharibələr, fərqli olduğunu düşünən insanlar, fərqli mahnılar amma eyni adamlar, eyni duyğular, eyni talelər…
Gedənlər
İnsanlar adətən gedirlər və biz gedənləri heç cür bağışlaya bilmirik. Əşyaları sahibləndiyimiz kimi insanlara da sahib olmaq istəyirik. Sahiblənmək və həbs etmək, sanki eyni mənaya gəlir. Getmək, gedə bilmək azadlıqlıdır, bəlkə də gedənlərin azadlığını qısqandığımız üçün gedənləri həmişə vəfasız, sədaqətsiz adlandırırıq. Bəzi ruhlar azaddır, onları özümüzə həbs edə bilmərik. Bizi xoşbəxt hiss etdirdikləri üçün yanımızda saxlaya bilmərik. Bəlkə də onların xoşbəxtliyi elə getməklərindədir.
Bəzən insanların həyatından getməyinə icazə verə bilməlisən. Bununla barışmalısan.
Yollar ayrıla bilər, insanlar dəyişə bilər, həyat tərzi dəyişə bilər, həyata baxışı dəyişə bilər.
Həyatından çoxdan getmiş bir insanı, bir dostu, bir sevgilini, bir yaxını zorla yanında saxlamağa çalışmaq, hər şeyin əvvəlki kimi, olmağını arzulamaq vəziyyətlə barışmamaqdır.
Bu sənə əziyyət verəcək.
İnsanlar həyatımıza gəlir, bizə nəsə qatır və bəzən vaxtı gələndə gedir. Yaşananlar və xoş xatirələri yadda saxlayaraq, icazə ver insanlar həyatından gedə bilsin...
Sən insanlar üçün qəfəs deyilsən...
Həyatda özünə yer tapmaq
Bu ifadə nəsə düz gəlmir, sanki böyük bir sistem var, sən də bu sistemin içində balaca bir çarxsan və gedib öz yerini tapıb, ora ilişib qalmalısan.
Adətən bizim kimi olmayanları, "normal" yaşamayanları belə adlandırırıq. Hərdən özümüzü elə hiss edirik. Bəlkə də sən çarx deyilsən, bəlkə də elə sənin üçün xüsusi hazırlanmış bir yer yoxdu, bəlkə də heç vaxt özünü heç bir yerə aid hiss etməyəcəksən, bəlkə də elə hər yer sənin üçündür...
Dar düşüncəli olmağa çalışmaq niyə faydalıdır?
Hər şeyi ən incə detalına qədər düşünmək, bütün ehtimalları nəzərə almaq, hər kiçik düşüncəyə həyati önəm verib, vaxt və enerji sərf etmək gətirib çıxarır fokusumuzun itməyinə. Sosial mediada gördüyün hər pis xəbərə reaksiya vermək, oturub o hadisə haqqında düşünmək və ya atdığın hər hansı addımın ətrafdakı insanlara necə təsir edəcəyini detallı düşünmək və s.
Diqqətimizi hər şeyə maksimum həssaslıqla yönləndirəndə vacib bir şeyi əldən veririk. Özümüzə qarşı olan diqqət və qayğı.
Buna görə bəlkə də dar düşüncəli olmaq, başqa hadisə və insanlara qarşı bu qədər həssas olmaqdan daha faydalıdır. Bir düşüncəyə diqqətini ver və o düşüncənin mərkəzində özün ol!
Bu sənin həmin anda gördüyün işə, yaşadığın an'a fokuslanmağına da kömək edəcək.
Həyatı aforizm kimi yaşamaq və ya yaşaya bilməmək...
Aforizmlər çox gözəl görünür, mənalı , doğru və yığcam. Qısa olmağına baxmayaraq geniş mənaları özündə toplayır. İnternet əsrində aforizmlər müdrikliyin simvoludur. Müdrik görünməyə və ya özümüzü o cür olduğumuza inandırmağa çalışan biz. həyatımızı aforizm dadında yaşamağa çalışırıq. Qısa mesajlar, qısa statuslar və başa düşülməyi gözləyirik. Halbuki, heç özümüz nə istədiyimizi, nə düşündüyümüzü bilmirik (deyəsən özümüzlə də aforizm dilində danışırıq).
Uzun-uzun danışmaq, bir şeyi bir neçə cümlə ilə ifadə etmək axmaqlıq deyil, əgər başa düşülmək istəyirsənsə, normal ünsiyət istəyirsənsə normal cümlələr qurmalısan, özünü ifadə etməlisən. Aforizmlər uzun məsəlləri qısaltmaq üçün yaxşı idi, amma uzun ömürlərimiz üçün yaxşı deyil.
Sözümün canı, kitabda yaşamırsan, sən müdrik deyilsən, ya da sən müdrik olsan da digər fani insanlar elə deyil. Özünü ifadə etmək üçün normal sözlərdən istifadə etməyə qorxma!
Güzgü, mən və instagram...
Bugün güzgünün qabağında saçımı darayarkən anidən özümdən xoşum gəldi və foto çəkib paylaşmaq istədim. Bəli inanmaq çətindi amma nadir hallarda olsa da saçımı darayıram. Özümdən xoşumun gəlməyi mənə eqoist olduğumu düşündürdü və özümü bəyəndiyim üçün günahkar hiss etdim. Bu hiss mənə instagramda yediyi yeməyin şəklini paylaşan insanları xatırlatdı. Etiraf etməliyəm ki, hər yediyini paylaşan insanları xoşlamıram. Səbəbini isə xatırlamıram, illər əvvəl hansısa ted çıxışında bir adam çox ağıllı və məntiqli danışaraq onları qınamışdı və mən də ona inanmışdım. Hələ də inanıram amma səbəbini unutmuşam. Bu da ayrı bir dərddi, doğru olduğuna inandığın şeyin niyəsini yaddan çıxarsan da inanmağa davam edirsən. Yemək şəkli paylaşanlar və özümdən xoşum gələn mən, deyəsən onları başa düşməyə başlayıram. Səbəbi axtararkən ağlıma gələn bir-iki açar sözə fokuslanaq, eqo və dəyərsizlik. Bir insan niyə öz şəklini paylaşsın ki:
Səbəb 1: eqoist, özünü bəyənmiş bir insandı və paylaşır.
Səbəb 2: daxili boş olan insanlar xarici görünüşə əhəmiyət verir.
Bunun kimi çoxlu neqativ səbəb sadalamaq olar, əgər əksini düşünmürsənsə. Bugün mən əks tərəfdə idim, Kafka olsaydı mənim hekayəmə belə başlayardı:
Bir səhər qorxulu yuxulardan oyanan Samsa özünü instagramda yediyi yeməyin şəklini paylaşan bir insana çevrilimiş olaraq gördü.
Başa düşdüm ki, inandığım şey, saydığım səbəblər o qədər də obyektiv deyil. İnsanlar yaxşı bir yemək yediyi zaman özlərini yaxşı hiss edirlər və bunu dostları ilə paylaşmaq istəyirlər. (Əlbəttə mənim kimi bədniyətli dostları nəzərə almırlar) Bu isə çox təbiidir, xoşladığın bir şeyi paylaşmaq.
Normalda sözü uzatmağı sevmirəm, amma bugün kefim yaxşıdı görək hara qədər uzanıb gedəcək. Yediyi yeməyin şəklini paylaşanlara hücum edib aşağılamaq asan görünür, gəlin biraz çətin yol ilə gedək. Oxuduğu kitabın şəklini paylaşanlara (yəni özümə) söz ataq. Bir insan oxuduğu kitabın şəklini niyə paylaşa bilər:
Səbəb 1: Özünü intellektual və dünya görüşlü göstərmək
Səbəb 2: Kitabları sevdiyini göstərmək üçün
Səbəb 3: Başqalarına kitab oxumağı aşılamaq üçün və s.
Kitab şəkli paylaşanları niyə xoşladığımı düşünəndə ağlıma gələn ilk səbəb mənə oxşamaqlarıdır. Əlbəttə özümü ağıllı sayıram, ona görə də onların da ağıllı olduqlarını düşünürəm(mənim qədər olmasalar da :)).
Dostu tanışı şübhə altında qoymamaq üçün, hamını özümlə əvəz edirəm və bu qarşıdurmanı özümlə aparıram. Ortada iki cür mən var, xarici görünüşündən xoşu gələn və bunun şəklini çəkib paylaşmaq istəyən, daxilən özünü zəngin sayıb kitab şəkli paylaşan mən. Burda bir ziddiyət olduğunu düşünürəm, qərar verməliyəm instagramda hansını paylaşacam.
Öz şəklini paylaşan içiboş mən yoxsa kitab paylaşan içidolu mən? Əslində cavab sadədir, oxuduğum kitabla selfi çəkib paylaşsam problem həll olacaq :) Öz içimdəki problem həll olduğuna görə keçək ümumbəşəri problemə.
Bu dəfə sualı biraz genişmiqyaslı götürək:
Niyə biz(və ya mən) bahalı əşyalarını, yeməklərini paylaşan insanları xoşlamırıq amma oxuduğu kitabı və ya gəzdiyi yerin şəklini paylaşanları xoşlayırıq?
Kitablar niyə dəbdən düşüb?
İnstagramda bahalı əşyaları ilə fəxr edən tipli insanlara təşəkkür etməliyik ki, dəyərli kitabları bizim üçün status xətrinə də olsa qoruyub saxlayıblar. Hərdən fikirləşirəm ki, kaş texnologiya bu qədər inkişaf etməsəydi və kitablar yeganə bilgi mənbəyi olaraq qalsaydı necə yaxşı olardı. Ətrafda əlində telefonla gəzən insanlar əvəzinə əlində kitabla gəzən insanlar olardı, necə də romantik bir dünya :). Fikirləşə bilmirəm ki, texnologiya bu qədər inkişaf etməsəydi, mənim kitab tapıb oxumağım imkansız olardı.
Əslində isə söhbət belədir ki, kitabların dövrümüzə qədər gəlib çıxması, dəbdə olması sırf zadəganların(zəngin, maddiyatçı) insanların hesabına olub. Əvvəllər kitablar bahalı əşyalar idi, üstəlik çox az idi, ona görə də hər kəs kitab tapa və ya oxuya bilmirdi. Üstəlik kitab oxumaq üçün gərək boş vaxtın da olsun. Bütün gün işləyib, axşamlar isə yorğun düşüb yatan işçi sinifi heç vaxt kitablara lazımi dəyəri verə bilməzdi. Kitab oxumaq zəngin olmağın göstəricisi idi. Buna görə də onlar kitabları alıb saxlayır, yazıçıları dəstəkləyirdilər. Elə o günlərdən evində böyük kitab rəfləri olan, tapılmayan kitabları saxlayan insanlar "xüsusi" sayılır el arasında.
Sənaye inqilabından sonra hər şeydə olduğu kimi, kitabların da istehsalı asanlaşdı, və kitablar hamı üçün əl çatan oldu. Kütləviləşən bir şey isə heç vaxt status göstərici ola bilməz. Ona görə də #kitab oxumaq və ya yığıb saxlamaq dəbdən düşdü məncə.
Çığırtı
Öz səsindən asılıb,cavan-qoca çığırır. Ağıllısı-dəlisi, toxu-acı çığırır.
Hamımız qışqırırıq sözün əsl mənasında da, məcazi mənasında da. Ünsiyyət qurmaq o qədər çətin hala gəlib ki, qarşı tərəfə fikrimizi çatdırmaq əvəzinə yeridirik, qışqıraraq özümüzü haqlı çıxarırıq. Doğru söyləyən yox, səsi çox çıxan haqlıdır. Bu vərdişimizi hər yerdə nümayiş elətdiririk, elə hey hardasa hansısa statusun altında kimlərsə qışqıra-qışqıra insanlara həqiqəti çatdırmağa çalışır, qarşı tərəfi susdurmağa çalışır. Bəlkə də ehtiyacımız olan tək şey susmaqdır, susub ətrafı dinləmək, insanların nə dediklərinə diqqətlə qulaq asmaq. Bəlkə də mən haqlı deyiləm, bəlkə də qışqıraraq elə özümü də inandırımışam ki, haqlıyam? Özümlə də qışqıra-qışqıra danışıram, özüm-özümdən qorxduğum üçün həmişə özümü haqlı çıxarıram. İçim də çölüm də səs-küydü, bəlkə özümlə danışarkən qışqırmamağı öyrənsəm başqaları ilə də sakit danışa bilərəm.
Birdən bu dolaşıq səs düyünündən adam öz səsini ayıra bilməz.
Mən artıq öz səsimi itirmişəm, bəlkə də bu qışqırıq mənim deyil, sahibsiz yoldan keçən bir qışıqırığı tutub saxlamışam, elə bilirəm özümə aiddi, axı bütün çığırtılar bir-birinə oxşuyur, necə çıxım bu səs küydən, öz səsimi necə tapım? Hər yerdə üstümə qışqırırlarsa mənim qışqırmaqdan başqa yolum varmı?
Bəlkə də insanlardan, daha doğrusu çığırtılardan həmişəlik uzaqlaşıb təbiətə qoşulmalıyam.
Çöldə kin bilməyən,acıq bilməyən, quşların səsinə qatım səsimi.
Biraz əllərimlə üzümü örtüm, nəfəsim ovucumda isinsin biraz,
Dodaqlarımdan çıxan pıçıltı nəfəsimdə isinsin.
Pıçıltım və mən təbiətdə o qədər vaxt keçirim ki, hamının çığırmaqdan səsi batanda, yer üzündə sakitlik höküm sürəndə, öz isti pıçıltımı da götürüb geri qayıdım. Köz parçası kimi çatıranda pıçıltımı insanlara hamı öz səsini o közdən alovlandırsın, bəlkə onda hamı pıçıltıyla danışdı…
Ramiz Rövşənin Çığırtı şeirinə dair…
Özümə məktub
Özümə danışdığım romantik yalanlardan biri…
Bu məktubu günəşli bir gündə, dəniz kənarından yazıram. Özümü çox yaxşı hiss edirəm və düşündüm ki, bu pozitivliyi məktub formasında yazıb özümə göndərim. Beləcə bu mənzərə və duyğular mənə qaranlıq və çətin günlərdə ümid verəcək. Əslində sözü uzatmağa ehtiyac yoxdur, hər şey zehnimdə aydın formada qalır və ümid edirəm qalacaq. Bu ilk dəfə deyil ki, özümü yaxşı hiss edirəm, əvəllər dəfələrlə olub amma heç vaxt bunu yadda saxlayıb gələcəkdə istifadə etmək haqqında düşünməmişdim. Bu, dəftər arasında sənə hədiyyə edilən gülü qurutmaq kimi bir şeydi. İllərlə onu saxlaya bilirsən, əvvəlki kimi qoxmasa da əvəlki kimi hiss elətdirməyi bacarır. Ümid edirəm ki, işə yarayar.
Etdiyim səhvlərdən biri budur ki, məndən başqa hamının xoşbəxt olduğunu düşünürdüm. Çünki kənardan hamı xoşbəxt və dərdsiz görünür. Biraz fikirləşəndə mən öz instagram profilimə baxanda özümü dünyanın ikinci(və ya 7-ci) ən xoşbəxti kimi adlandıra bilərəm. Həqiqət belə deyil. Dünya kədərlə doludur, bədbəxt insanların sayı xoşbəxtlərdən həmişə qat-qat çoxdur.
Kainat qaranlıqdan ibarətdir amma biz sadəcə işığı görürük və ona doğru getməyi seçirik. Qaranlıq həmişə var, olacaq və hər zaman işığı udub ona qalib gələcək. Qaranlığa baxanda, onun içində olanda həyat həmişə ümidsizlik və bədbinliklə dolur. Məhz elə qaranlıq günlərdə özünə bunu de:
" Hər şey bir gün yaxşı olacaq "
Bu cümlə böyük bir yalan kimi görünür, amma baxır sən bu cümləni necə dəyərləndirirsən. Adama elə gəlir ki, bir gün hər şey yaxşı olacaq və o cür da qalmağa davam edəcək. Hər şey bir gün yaxşı olur, amma sonra yenidən pozulur. Bu enişli və yoxuşlu bir yol kimidir. Hər kəsin həyatında günəşli günlər olur, qısa olsa da onu yaşamağa dəyər. Qısa olan günəşli günlərin ümidini heç vaxt itirmə !
Kədərin, çətinliyin ən yaxşı tərəfi isə qazandığın insanlar olur. Həyatda hər zaman yanında olan insanlar ən önəmli olanlardır. O işıqlı günü bölüşəcəyin, bölüşdüyün zaman birlikdə zövq alacağın insanlar çox vaxt qaranlıqda tanış olduqlarındı. Bir sözlə günəşli günləri ümidə çevirən, xoş edən hər şeyi qaranlığa borclusan.
Həyatında günəşli günlərin sayını çoxaltmaq və ya onları bölüşəcəyin insanları tapmaq üçün səhv etməkdən qorxma. Sənə qarşı səhv edən insanlara görə bütün insanlardan küsmə. Yaxşı və ya pis insan yoxdur, qaranlığı səninlə bölüşən və ya bölüşməyən var.
Ardı olacaq… (amma qaranlıq bir gündə yazılacaq)
İtirdiklərimə...
İtirdiyi əşyalar üçün yas tutan bir adamın hekayəsinin eşitdikdən sonra qərar verdim ki, mən də itirdiklərimi yad edim. Beləcə bir yazının planına başladım, itirdiyim xəyallar, qorxular, ümidlər və ən əsası insanlar. Elə yazının ortasına çatmamış həvəsimi də itirdim. Parkda gəzərkən böyük bir ağacın altında bir dəqiqəlik sükut ilə hamısını yad etməklə kifayətləndim.
İtirmək həm də nəsə qazanmaqdır, ən pis halda təcrübə. Bir dəfə itirdiyi dişinin boşluğu ilə yaşamağa çalışan bir insanın hekayəsini eşitmişdim. Bu boşluğu itirdiyi insanların həyatında açdığı boşluğa bənzədirdi. Əvvəl heç cür alışa bilmədiyin, narahat edici bir boşluq olsa da zamanla onunla yaşamağı və o boşluğu özünün bir parçası olaraq görməyə başlayırsan. İtirdiyin bir diş belə sənə boşluq qazandırırsa deməli bütün itirdiklərimizə nə isə borcluyuq. Balaca olanda çox şey itiriridik amma onlar da özümüz kimi balaca idilər. İnsan böyüdükcə itirdikləri də böyüyür.
Bu mövzuda insanı kosmik gəmiyə bənzədə bilərik, yolun əvvəlində çox nəhəng olur, amma yuxarı doğru qalxdıqca hər mərhələdə bir parçasını geridə qoyub yoluna davam edir. Ən sonda kosmosa çatanda gəminin özü deyə biləcəyimiz çox kiçik bir parçası qalır. Bəlkə biz də nələrisə itirdikcə geriyə əsl özümüz qalırıq.
Nə olursa olsun xəyallarının ardınca getmə!
Şişirdilmiş(overrated) ifadələrdə bugün: Nə olursa olsun xəyallarının ardınca get.
Yenicə kəşf elədiyim youtube kanalında bir neçə saat vaxt keçirdikdən sonra bu nəticəyə gəlmədim əlbəttə ki(sadəcə yadıma düşdü).
Ən təhlükəli ilan növlərini saxlayan(qayğısına qalan), xüsusilə Kobralara marağı olan müəllif, yeni kobra tutmaq üçün Hindistana gedir və elə video çəkərkən dünyanın ən zəhərli ilanı onu sancır.
Xəstəxanada zəhərlə mübarizə apararkən, üzündəki ölüm qorxusu silinməmiş qurduğu cümlə: "dostlar nolursa olsun öz xəyallarınızdan vaz keçməyin".
Sanki özünə təsəlli verirdi, yəni indi burda ölsəm də xəyalım uğrunda ölmüş olacam.
Sual yaranır, buna dəyərmi? Bütün xəyallar uğurunda ölməyə layiqdirmi? Məncə yox. Elə bu oğlanın özünü götürək, sənin evində onlarla ilan var, onları bəsləyir, çoxaldır və vaxt keçirirsən.
Artıq öz xəyalına çatmısan. Subay oğlansna otur özünə plan qur, ailə qur, bir işə gir :) zarafat edirəm. Özünə yeni misiyalar, yeni xəyallar yarat onların ardınca get.
Bu dünya yarananda hər insana bir xəyal təyin olunmayıb, birinə çata bilmirsənsə, yeni birini tapmaq olar, və ya eyni anda çoxlu xəyal, hədəf üçün yaşamaq olar.
Sadəcə bir xəyala ömrünü sərf etmək və ya bu uğurda ölmək, yerdə qalan yüzlərlə xəyal və hədəfə çatma şansını yox edir.
Əlbəttə bu biraz riyazı, məntiqi yanaşmadır.
Məsələnin kökünə enəndə xəyal üçün yaşamaq özü də nəsə mübahisəli mövzudu, bəs xəyalı olmayanlar nə etsin? O zaman onların yaşamağının mənası yoxdur?
Çoxumuz sadə bir həyat yaşayıb, sadə şeylərdən zövq alaraq yaşayırıq. Əlçatmaz xəyallar qururuq amma heç vaxt onların ardınca gedib öz həyatımızı məhv etmirik.
Fərz edək ki, mən qərar verdim ki, bir xəyal seçirəm və geri qalan həyatımı ona həsr edəcəm. Bu xəyal gedib Hindistandan ilan tuturb gətirmək olmayacaq yəqin ki.
Uğuruna yaşadığın/öldüyün xəyalı gərək çox diqqətlə seçəsən. Digər halda bir də görəcəksən ki, çatmısan 70 yaşına və geri dönüb baxanda bir ömrü indi (yəni qoca olanda) sənə çox da məna kəsb etməyən bir şey üçün yaşamısan.
Fərqi yoxdur çatmısan ya yox, həyatını bir şeyə sərf etmisənsə, yanında olan, əlçatan olan yaşaya biləcəyin bir çox şeyi qaçırmısan.
Bu mövzunun üzərinə biraz da düşünmək lazımdır. Hələlik isə həmin videonu izləyə bilərsiniz (ilan görməkdən qorxmursunuzsa əlbəttə).
Qeyd: Həmin adamı və ya xəyalını tənqid etmirəm, ifadənin özünü tənqid saya bilərik.
Az inkişaf etmiş şəxsi fikirlərim.
Məncə çoxlu bədii kitab oxumaq, hələ şəxsi inkişaf deyil. Fəlsəfə oxumaq, filmə baxmaq da şəxsi inkişaf deyil. Bunlar dünyagörüşü saya biləcəyimiz, məclislərdə, dostlar ilə oturarkən danışmağa nəsə olsun deyə var. Hamı gənclərə “kitab oxu” tövsiyəsi verir, amma heçkim demir ki, necə və hansı kitablar. Mənim fikrimcə Dostoyevski və Tolstoy oxumaq hələ inkişaf etmək deyil. Nağıl, hekayə, roman oxuyaraq inkişaf olmur. Şəxsi inkişaf özünü tanımaqdan başlayır. Nə istədiyini bilmək, zəif olan tərəflərini tapıb onu gücləndirmək şəxsin özünü inkişafı kimi sayıla bilər. İxtisas seçimi, öz ixtisasında nəsə oxuyub öyrənmək və ya öz xarakterində olan boşluqları düzəltmək. Məsələn insanlarla olan ünsiyətini, insanlara qarşı necə davranacağını, onların sənə necə davrandığını, gündəlik həyat tərzini, nə yediyini, içdiyni və s. kimi mövzular şəxsi inkişaf sayıla bilər.
Hər mövzudan az-maz nəsə bilmək əvəzinə daha az mövzuda daha dərin bilik sahibi olmaq, kitablardakı, filmlərdəki xəyal dünyalarına qapılmaq əvəzinə hazırda olduğun vəziyəti, sistemi başa düşüb onunla mübarizə aparmağı, sağ qalmağı bacarmaq.
Bu haqda qısa bir yazı (https://link.medium.com/vFVTGLjYDEb) da yazmışdım:
Qocalıq
Hərdən yorulanda və ya evdən çıxmağımın üstündən onca dəqiqə keçməmiş evə qayıtmaq xəyalları quranda qocaldığımı düşünürəm. Bəs bunu necə ölçə bilərəm? Qocalıq hardan başlayır? Neçə yaşdan sonra qoca sayılıram? Şair qocalığı tənhalıqla ölçürdü, tənhalıq başlayır burdan o yana.
Yox belə tez qocala bilmərəm! Qocalığın yaş həddi var, 50ni keçdinsə qocasan. Bəs 49 ilə 50 arasında nə fərq var? Deməli 49 da qoca sayıla bilər. Əgər 49 qocadırsa 48 niyə qoca deyil?
Bu cür soruşa-soruşa gəlib çıxdım öz yaşıma və qərar verdim ki, elə mən indidən qocayam, hətta doğlanda da qoca idim. Hamı öz qocalığı ilə doğulur. Doğulmamış körpələr də qoca imiş.
Əslində hamımız gənclik donunun altında qocalığı gizlədirik. Vaxt keçdikcə soğan kimi soyuluruq və qocalığımız ortaya çıxır.
Qocalıq isə öz içində ölümü gizlədir.
Quyu
Hərdən hər şeyə həvəsim itir, elə yazmağa da. Zəncirini qırmış kölələr kimi qaçan həvəslərimi necə geri qaytarım bilmirəm. Pozitiv nə isə yazmaq öz işığından digərlərinə də paylamaq kimi birşeydir. Əgər öz içində nəsə yanmırsa, öz içini aydınlatmağa kifayət edən bir işıq yoxdursa ətrafa nə yayacaqsan?
Bir dəfə kənddəki həyətimizdə olan quyunun içindəki köhnə su motoru xarab olmuşdu. Məndən soruşanda ki, səni ip ilə ora salsaq onu çıxara bilərsənmi, cəsarətlə demişdim ki, hə! Belimə bir ip bağlayıb o dərin quyuya düşməyə başladım. Elə təzəcə enməyə başlamışdım ki, ürəyim sürətlə döyünməyə başladı. Özümü bir neçə saniyə da saxlayandan sonra qışqırdım ki, məni geri çəkin. Bəli quyudan, qaranlıqdan, o darısqal yerdən qorxmuşdum.
Deyirlər ki, quyuya çox baxanda quyu səni özünə çəkir. Özümü quyudaymış kimi hiss edirəm. Məni bu quyuya özüm atmışam, tək ümidim özüməm. İşin pis tərəfi ordadır ki, gözüm qaranlığa alışdıqca, oranı daha çox sevirəm. Hərdən mənə elə gəlir bu qaranlıq quyunun sonu yoxdur və mən hələ də düşməyə davam edirəm.
Qaranlıq kosmosda süzülən sönmüş bir daş parçası kimi öz quyumun dibinə doğru süzülürəm.Düşünürəm ki, yaxşı və pis insan yoxdur. Hər insanın içində yaxşılıq və pislik eyni nisbətdə bölünüb. Ağ və qara bizim içimizdədir, biz özümüz hansı olacağımızı seçirik. Əslində isə təcrübələrim göstərir ki, bəzi insanların içindəki qaralıq, ağlıqdan çoxdur. Hamımız səhvlər edirik, pis şeylər düşünürük, hətta başqalarının pisliyini istədiyimiz vaxtlar da olur, amma sonra özümüzə qayıdırıq (özümüzün əslində ağ olduğunu fərz edərək). Bir müddət içimdəki pis tərəfə azadlıq verib düşüncələrimi və beynimi ələ keçirməsinə icazə verirəm. Görürəm ki, ətrafdakılara qarşı olan qara/pis tərəfim o qədər pis deyilmiş. Özümə qarşı olan qaranlığın sərhədini isə quyunun dibinə çatanda biləcəyəm. Əlbəttə mənim də ümidim var, yuxarı baxanda gördüyüm tək şey getdikcə uzaqlaşdığım parlaq bir işıqdır. Qəribədir quyuya düşməzdən əvvəl, o parlaq işıqlı dünyanı qoyub elə hey bu quyuya baxırdım, indi isə quyudayam amma çöldəki işığa baxıram. Deyəsən içimdəki maraq həmişə əlimdə olmayanlara baxır, olmadığım yerdə daha maraqlı olacaqmış kimi düşünürəm. Özümü toplamalıyam, qorxularıma qalib gəlib qollarımı açmalı, yaranacaq bütün o qan və yaralara baxmayaraq sürətimi azaltmalıyam. Yuxarı çıxmaq üçün çalışmalı, o işığın gözdən itməsinə icazə verməməliyəm. Çünki quyunun dibinə çatanda yığdığım sürət məni öldürəcək. Belə bir kitab var idi, sürətləndikcə kiçilirəm, indi isə mən sürətləndikcə gördüyüm işıq kiçilir.
Quyu, qaranlıq, dərinlik…
Bəlkədə dərinlik qorxmalı bir şey deyil. Dərin düşünənlər, çox düşünənlər, bir mövzunu ələk-fələk edənlər həm də dərin hiss edənlərdir. Çünki bir şeyi çox sevmək üçün onu gərək çox yaxşı tanıyasan, onu çox yaxşı başa düşəsən. Buna görə də dəyərli, mənalı olan şeylərə daha çox məna, dəyər yükləyir və daha dərin hiss edir. Kədəri də dərin yaşayır, xoşbəxtliyi də.
Bu quyu mən özüməm. Öz içimə o qədər çox baxmışam ki, sonda o quyuya düşmüşəm.
Tənqidi düşüncə
Tənqidi düşüncəni adətən müzakirələrdə qalib gəlmək üçün istifadə edirik. Bəs öz düşüncələrimizə qarşı tənqidi yanaşırıqmı ? Yazılı və ya şifahi, bütün müzakirələrdə qarşı tərəfə heç vaxt ədalətli davranmırıq. Hətta qəddar davrandığımızı da deyə bilərik. Qarşı tərəfin qurduğu cümlədə səhv məna çıxara biləcəyimiz ən kiçik bir nöqtəni belə ola biləcək ən sərt formada şərh edirik.
Hər hansı müzakirədən əvvəl özümüzə qarşı səmimi olaq və düz/haqlı olduğumuz (düşündüyümüz) bir mövzu haqqında bu sualları cavablayaq.
1. Bu mövzu haqqındakı fikrim tam olaraq nədir?
2. Bu nəticəyə necə gəldim?
3. Həmişə belə düşünürdüm?
4. Başqaları niyə fərqli düşünür?
5. Nə vaxt fikrim dəyişə bilər?
Qorxmaq lazım deyil, özümüzü səhv çıxarmalıyıq demirəm. Sadəcə hərdən öz düşüncələrimiz üzərinə də düşünməliyik.
Sonuncu sualı xüsusilə bəyənirəm. Əgər bu sualın cavabı heçvaxtdırsa müzakirə etməyin də bir mənası yoxdur. Öz fikrini dəyişə bilmirsənsə müzakirə sənə nəsə qatmayacaq. Müzakirələrin ən yaxşı tərəfi hər iki tərəfin inkişaf etməsi, dəyişməsidir (az da olsa).
Peşman olmaq haqqında…
Peşmanlığın mənfi bir mənası olduğuna inanırıq. Kimsə peşmandırsa deməli nəsə düz deyil.
Əslində isə peşman olan şəxs səhv etdiyini başa düşən, qəbul edən adamdır. Peşman ola bilən adamlar səhvlərindən öyrənənlər, inkişaf edənlərdir.
Bir çox adam peşman olmaqdan qorxduğu üçün seçdiyi səhv yolda getməyə davam edir.
Bir çox mövzuda etdiyim səhv seçimlərə görə peşmanam və bu səhvlərdən çox şey öyrənmişəm.
Heç vaxt peşman olmayan adamlarda nəsə düz deyil bəlkə də…
Midas
Deyəsən hamımız Midasa oxşayırıq.
Çox zəngin olmaq istəyən Kral Midas tanrılardan toxunduğu hər şeyi qızıla çevirə bilmək gücünü arzulayır və buna çatır.
Daha çox zəngin olmaq istəyi Midasın kabusuna çevrilir. Toxunduğu hər şey qızıla çevrildiyi üçün sevdiyi şeylərə toxuna bilmir. Hətta bir gün öz qızını da qızıldan bir heykələ çevrir.
Biz də ətrafımızda olan hər şeydən və hər kəsdən bizi daha xoşbəxt etməsini gözləyirik. Bizim xoşbəxtlik gözləntilərimizi qarşılamayan insanlar gözümüzdə çevrilib olur heykəl. Dönüb geriyə baxsaq arxamızda bir heykəl ordusu var. Gözümüz doymur, daha çox xoşbəxtlik, daha çox pul, daha çox insan, daha çox əyləncə, daha çox…
Midas kral idi və istədiyi hər şeyə onsuz da gücü yetirdi. Daha çoxunu istəmək əlində olanları da itirməsinə səbəb oldu.
Əlində olan kiçik xoşbəxtlik ilə kifayətlənməyi öyrən. Hətta əlində olan kiçik kədəri də sevməyi öyrən.
Vaxt keçir sonda sən özün də çevrilib olursan heykəl və heç bir xoşbəxtlik, bədbəxtlik sənə heçnə hiss elətdirmir. Midas özünə toxunur sanki…
Əfsanəyə görə Midasın sehrli gücünü tanrılar geri alıb amma bizə özümüzdən başqa heçkim kömək edə bilməyəcək.
Ay işığı
Bu gecə ay işığına çarmıxlanıb qalan mənəm…
Tənha və qaranlıq bir gecədə gözüm ilişdi ona. Heç olmadığı qədər gözəl və parlaq idi. Ayrıla bilmədim ondan, gözlərimdən ruhuma axırdı sanki. Getməyə çalışdıqca daha möhkəm tutub saxlayırdı. Məkanı və zamanı unutdum, elə bildim min illərdi ona baxıram. Məni özünə çəkdi, bu parlaq şüalarla ona tərəf axdım. Sonda ona qovuşdum, çevrilib işıq oldum…
Ay işığı düşdü göydən,
Canımdan - qanımdan keçdi.
Gözümün içindən keçdi,
Özümün içindən keçdi.
Keçdi,dabanımdan keçdi,
Az qaldı ki,
İki yerə bölə məni,
Başımdan göyə mıxladı,
Dabanımdan yerə məni.
Ha istədim...
Addım ata bilmədim...
Məncə hər kəsin öz ay işığı var. Onu tapdınsa ona tutulub qalırsan. Ay işığı metaforasını günəşdən daha çox sevirəm. Çünki ömrümüzün qaranlıq vaxtlarında hadisələr, düşüncələr, insanlar ay kimi işıq saçıb yolu tapmağımıza kömək edirlər. Öz ay işığını tapa bilməyənlər isə ya yollarını azırlar, ya da hələ axtarışdadırlar.
Bu şeirdəki ay işığı şair olmağın, mübarizənin, sevginin və ya hansısa insanın simvolu ola bilər. Gözəlliyi də məhz burdadır. Oxuyanlar öz ay işıqlarını təsəvvür edirlər.
Yanımdan adamlar keçir,
Ay işığı nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.
Bu nə işdi, Ay işığı,
Niyə yolun məndən keçdi?
Gecə sayıqlamaları…
Yorğunam və yorğunluğumun xüsusi bir mənası yoxdur. Atdığım hər addımda mübarizə aparmalı,vuruşmalıyam. Ən sadə insan münasibətlərində belə ehtiyatlı olmalı, dediklərimi dəfələrlə düşünməli, səhv etməməliyəm. Çünki heçkim səhvləri bağışlamır. Hər şeyin səhvsiz olduğu, olmağa çalışdığı bir dünyadayam. Yaşamaq mübarizə aparmaqdır bilirəm amma mənim üçün əhəmiyətsiz olan şeylər üçün vuruşmaq yorğunluğumu daha da tezləşdirir. O qədər yorğunam ki, əhəmiyətli, mənalı şeylərin axtarışına da çıxa bilmirəm.
Bir gün hər şey düzələcəklərə, bir gün kimlərsə səni tapacaqlara, aydın sabahlara olan ümidim də yorulub. Artıq özümü aldada bilmirəm, vaxt keçir və heçnə gəlmir, düzəlmir, ümid ölür. Yorğunam və niyəsini bilmirəm. Yol yorğunluğdur bəlkə də, özüm öz yolumam bəlkə də, özümə gedən yolda azmışam, yorulmuşam. Yollar məni özümə aparmır. Yolsuzlanıram, yolsuz oluram. Yorulduqca, tükəndikcə özüm çevrilib yol oluram.
Yuxum gəlmir, yata bilmirəm. Yata bilmədiyim gecələr gözüm qaranlığa alışır amma içim yox. Yatmadığım hər an qaranlıq məni ələ keçirir. Bütün xatirələrimə, sevgilərimə, ruhuma qarışır. Yata bilmədikcə qaralıram, qaranlıqda batıram.
Yox bu yuxusuzluğun gətirdiyi ümidsizlik deyil. Bu qaranlığın ortaya çıxardığı, içimdə gizlənib qalan depresiyadır/vecsizlikdir. Özümə o qədər yadlaşmışam ki, öz hisslərimi o qədər dərinə basdırmışam ki, özüm də tanıya bilmirəm, bu yuxusuzluğun gətirdiyidir yoxsa özümdə olan??
Boğuluram, yorğunluqdan boğulub öz içimə batıram. Çevrilib olduğum yol bataqlıqda imiş. Bu yola girən hər şey batır. Ümidlər, sevgilər, həyəcanlar, insanlar. Daha sonra batan o parlaq və saxta şeylərin yerində sarmaşıqlar göyərir. Qapqara, mənim olan, məndən olan sarmaşıqlar.
Özgüvənli olmaq niyə bu qədər vacibdir?
Axı niyə insanları olmadıqları kimi davranmağa məcbur edirik? "mədəni" insanların yaratdığı bu cəmiyyətdə özgüvən adlı maskanı taxmayanlar əzilənlərdir, uğursuzlardır, uduzanlardır. Karyera, biznesi hardasa başa düşmək olar (çünki biznesmenlər "mədəni" deyil, biznes adlı cəngəlliyin öz qanunları var.)
Şəxsi münasibətlərdə niyə özgüvənli olmalıyıq axı?! Bu necə sevgidir ki, sən qarşı tərəfə olmadığın kimi davranmalısan, bu necə dostluqdur ki, sən üstünlük ələ keçirməyə çalışırsan, bu necə münasibətdir ki, hər ikiniz fərqli maskalar taxırsınız?
Heçkim bizə özümüz olmağa imkan vermir. Beləcə taxdığımız maskalara o qədər alışırıq ki, həqiqi özümüzə yadlaşırıq.
Ən yaxşı münasibətlər özgüvənli olmadğınız, olmağa məcbur olmadığınız münasibətlərdir. Çünki onlar sizi istismar etməyənlərdir, onlar sizə qalib gəlməyə çalışmayanlardır.
(axşam yata bilməyəndə kira qaldığım bütün ev sahiblərini və bu cür populyar terminləri səhv çıxarmağa çalışıram)
Ürək döyüntüləri
Ürək döyüntülərini göstərən diaqramda həmişə enişlər və yoxuşlar olur. İnsan öləndə bu diaqram düz xətt olaraq davam edir. Uzun zamandır emosional olaraq heçnəyin məni həyəcanlandırmadığını və ya kədərləndirmədiyini görəndə bu diaqram yadıma düşdü. Artıq əyləncəli və ya kədərli bir şey baş verəndə etdiyim tək şey bitməsini gözləməkdir. Bir təhər yola verim, bitsin və canım qurtulsun. Bir gün başa düşdüm ki, artıq heçnə hiss edə bilmirəm. Diaqramım uzun müddətdir düz xətt olaraq davam edir. Hər şey öz ciddiyətini, əhəmiyyətini itirib. Yaşamaq artıq dözməli olduğum hissiz bir şeyə çevrilib. Bəlkə də emosional olaraq ölmüşəm.
Kinoda görmüşəm, ölmüş adamları elektro-şok verərək geri qaytarmaq olur. İndi axtarışa çıxmışam, məni özümə gətirəcək o şoku axtarıram. Bəlkə hələ o qədər də gec qalmamışam...