Quyu
Hərdən hər şeyə həvəsim itir, elə yazmağa da. Zəncirini qırmış kölələr kimi qaçan həvəslərimi necə geri qaytarım bilmirəm. Pozitiv nə isə…
Hərdən hər şeyə həvəsim itir, elə yazmağa da. Zəncirini qırmış kölələr kimi qaçan həvəslərimi necə geri qaytarım bilmirəm. Pozitiv nə isə yazmaq öz işığından digərlərinə də paylamaq kimi birşeydir. Əgər öz içində nəsə yanmırsa, öz içini aydınlatmağa kifayət edən bir işıq yoxdursa ətrafa nə yayacaqsan?
Bir dəfə kənddəki həyətimizdə olan quyunun içindəki köhnə su motoru xarab olmuşdu. Məndən soruşanda ki, səni ip ilə ora salsaq onu çıxara bilərsənmi, cəsarətlə demişdim ki, hə! Belimə bir ip bağlayıb o dərin quyuya düşməyə başladım. Elə təzəcə enməyə başlamışdım ki, ürəyim sürətlə döyünməyə başladı. Özümü bir neçə saniyə da saxlayandan sonra qışqırdım ki, məni geri çəkin. Bəli quyudan, qaranlıqdan, o darısqal yerdən qorxmuşdum.
Deyirlər ki, quyuya çox baxanda quyu səni özünə çəkir. Özümü quyudaymış kimi hiss edirəm. Məni bu quyuya özüm atmışam, tək ümidim özüməm. İşin pis tərəfi ordadır ki, gözüm qaranlığa alışdıqca, oranı daha çox sevirəm. Hərdən mənə elə gəlir bu qaranlıq quyunun sonu yoxdur və mən hələ də düşməyə davam edirəm.
Qaranlıq kosmosda süzülən sönmüş bir daş parçası kimi öz quyumun dibinə doğru süzülürəm.Düşünürəm ki, yaxşı və pis insan yoxdur. Hər insanın içində yaxşılıq və pislik eyni nisbətdə bölünüb. Ağ və qara bizim içimizdədir, biz özümüz hansı olacağımızı seçirik. Əslində isə təcrübələrim göstərir ki, bəzi insanların içindəki qaralıq, ağlıqdan çoxdur. Hamımız səhvlər edirik, pis şeylər düşünürük, hətta başqalarının pisliyini istədiyimiz vaxtlar da olur, amma sonra özümüzə qayıdırıq (özümüzün əslində ağ olduğunu fərz edərək). Bir müddət içimdəki pis tərəfə azadlıq verib düşüncələrimi və beynimi ələ keçirməsinə icazə verirəm. Görürəm ki, ətrafdakılara qarşı olan qara/pis tərəfim o qədər pis deyilmiş. Özümə qarşı olan qaranlığın sərhədini isə quyunun dibinə çatanda biləcəyəm. Əlbəttə mənim də ümidim var, yuxarı baxanda gördüyüm tək şey getdikcə uzaqlaşdığım parlaq bir işıqdır. Qəribədir quyuya düşməzdən əvvəl, o parlaq işıqlı dünyanı qoyub elə hey bu quyuya baxırdım, indi isə quyudayam amma çöldəki işığa baxıram. Deyəsən içimdəki maraq həmişə əlimdə olmayanlara baxır, olmadığım yerdə daha maraqlı olacaqmış kimi düşünürəm. Özümü toplamalıyam, qorxularıma qalib gəlib qollarımı açmalı, yaranacaq bütün o qan və yaralara baxmayaraq sürətimi azaltmalıyam. Yuxarı çıxmaq üçün çalışmalı, o işığın gözdən itməsinə icazə verməməliyəm. Çünki quyunun dibinə çatanda yığdığım sürət məni öldürəcək. Belə bir kitab var idi, sürətləndikcə kiçilirəm, indi isə mən sürətləndikcə gördüyüm işıq kiçilir.
Quyu, qaranlıq, dərin…
Bəlkədə dərinlik qorxmalı bir şey deyil. Dərin düşünənlər, çox düşünənlər, bir mövzunu ələk-fələk edənlər həm də dərin hiss edənlərdir. Çünki bir şeyi çox sevmək üçün onu gərək çox yaxşı tanıyasan, onu çox yaxşı başa düşəsən. Buna görə də dəyərli, mənalı olan şeylərə daha çox məna, dəyər yükləyir və daha dərin hiss edir. Kədəri də dərin yaşayır, xoşbəxtliyi də.
Bu quyu mən özüməm. Öz içimə o qədər çox baxmışam ki, sonda o quyuya düşmüşəm.