Ağlıma gələni yazıram, vaxt olsa düzəliş edəcəm
İnsan nə vaxt tənhalaşır? Ya da insan nə vaxt tənha olduğunu başa düşür?
Bəziləri deyir qocaldıqca tənhalaşırıq, bəziləri də deyir elə ən başdan, doğulandan bəri tənhayıq. Qəribə vaxtlarda tənha olduğumuzu hiss edə bilirik, məsələn hər kəsin toplaşdığı bir qonaqlıqda, hamı deyib gülərkən qəribə bir yalnızlıq hissi bürüyür insanı, anidən sorğulamağa başlayırsan mən kiməm? bu adamların arasında nə işim var? və özünü ora aid hiss etməməyə başlayırsan. Ya da hamıdan uzaqda, sakit bir evdə çay içərkən həmsöhbət tapmayanda sorğulamağa başlayırsan həyatı və tənhalığını.
Əvvəl-axır o hiss gəlib səni tapacaq və anlayacaqsan ki, tənhasan. Sırf tənhalığını unutmaq üçün insanlara qarışmağa çalışacaqsan, bir iş tapıb başını qatacaqsan. Elə ki, biraz boşluğa çıxan kimi, yenə görəcəksən ki, hamı getsə də, bütün işlər bitsə də tənhalıq bitmir ki, bitmir. Hərdən bir ad qoyacaqsan öz tənhalığına, sıxılıram, darıxıram, kefim yoxdu, kədərliyəm deyəcəksən.
Bəlkə də həmişə bir ucundan başlayıb yavaş-yavaş beynimizin yeyən ölüm qorxusudur o tənhalıq.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
Bir kitab, film və ya musiqi adamı tənhalaşdıra bilir. Alber kamünün çöküş kitabı, Tarkovskinin Nostalgia filmi və ya bu musiqi. Haçan dinləsəm elə bilirəm hamımız öz tənhalığımızda boğuluruq…