Tolstoyun məna axtarışı (Etirafları)
Bu yazıda sizinlə Tolstoyun Etiraflar adlı kitabından götürdüyüm qeydləri və bu mövzu haqqında olan bəzi düşüncələrimi bölüşürəm. Kitabda…
Bu yazıda sizinlə Tolstoyun Etiraflar adlı kitabından götürdüyüm qeydləri və bu mövzu haqqında olan bəzi düşüncələrimi bölüşürəm. Kitabda oxuduğum və mənimsədiyim o qədər fikir var ki, hansının mənim öz fikrim, hansınınsa yazıçını fikri olduğunu ayırmaq çətin oldu, ona görə bu həm kitab təhlilidir həm öz düşüncələrimin təhlili.
Roman və ya hekayə oxuyanda yazıçının fikirlərini dolayı yolla, üstü örtülü formada öyrənirik. Buna görə də roman oxuyaraq hansısa suala cava tapmaq məni yorur. Roman oxuduqdan sonra səndə yeni cavablar yaranır. Romanı cavab tapmaq üçün oxumursan amma həm də cavablar tapırsan.
Məna axtarışı haqqında yazdığım yazıların üstündən 1 ildən çox keçməsinə baxmayaraq mən hələ də axtarışdayam. Yeni mənalar tapıram, yaradıram əvvəl tapdıqlarımla müqayisə edirəm, mövcud olanları inkişaf etdirirəm.
Bu axtarışlar zamanı “Həyatını dizayn et”- adlı online bir kurs tapdım. Kursu Stanford universitetində hazırlayıblar, yəni ustalar. Çox sevincliyəm kursu bitirib, necə yaşamalı olduğumu öyrənəcəyəm. Üstəlik sertifikat da verirlər. Sertifikatı alandan sonra olursan yaşamaq üzrə mütəxəssis. Hətta kouç olmaq üçün ayrıca sertifikat da verirlər. Aldıqdan sonra başqalarına da necə yaşamlı olduqlarını öyrədə bilərsən.
“Niyə yaşamalı?” adlı daşıdığım yük qurbağanın göldə üzərkən üzərində daşıdığı əqrəb kimidir, əlinə düşən hər fürsətdə məni sancır, öz zəhərini düşüncələrimə bulaşdırır. Naməlum olan hər şey, dəqiq olmayan hər şey məni narahat edir, həyat özü ən böyük məchuldur, yaşamaq məni narahat edir. İş burasındadır ki, yaşamağa fasilə verib, axtarıb, tapıb, daha sonra yaşamağa davam etmək olmur. Odur ki, həm yaşamalı, həm də axtarmalıyam. Həyatla bütün olub, təcrübə edərək yoluma davam etməliyəm. Bu əqrəblə birgə həyat adlı gölü üzüb keçməliyəm.
Yenicə öyrəndim ki, Tolstoy da məhz bu sual haqqında uzun illər düşünüb, hər dəfə fərqli cavablar tapıb, amma sonda yenə mənəvi mənasızlıqdan əzab çəkib. Hətta bir neçə dəfə intihar haqqında da düşünüb. Kifayət qədər pulu, gözəl, sevimli bir ailəsi, cəmiyyət içində məşhur bir adı var idi. Bir insanın əldə etmək istəyəcəyi bir çox şeyə sahib ikən ömür boyu depresiya ilə mübarizə aparmaq, intihar düşüncələri ilə yaşamaq və mənəvi əzablar çəkmək. Kənardan baxanda qəribə görünsə də Etiraflar kitabında düşüncələri ilə tanış olanda onu başa düşürük.
QEYD: Burda sizinlə bölüşdüyüm axtarış prosesidir, getdiyi yol, üsulları daha maraqlıdır nəinki nəticə. Nəticə fərqli ola bilər, amma proses işimizə yarayacaq. Kitabı oxuyarkən məni həyəcanlandıran əsas şey müəllifin yanaşması, üsulları idi.
Mən axtarış zamanı dahi olaraq adlandırılan şəxslərin və düşüncə hərəkatlarının bu suala verdiyi cavabları öyrənməyə çalışıram. Mənim ən çox diqqətimi çəkən, məntiqli görünən, və ya münasib gördüyüm bir neçə ideologiya ilə qarşılaşdım.
Eksiztianilizm: Həyatın ortaq bir mənası yoxdur, fərdlər öz seçim və hərəkətləri ilə məna yaratmalıdır.
Absurdizm: Həyatda hər şey absurddur, fərd bununla üzləşməli və bu cür yaşamalıdır.
Hedonizm: Həyatın mənası həzz almaqdır, yaşadığın müddətcə çalış hər şeydən həzz al.
Humanizm: Həyatın mənasın insanların yaxşılığını maksimuma çatdırmaqdır.
Nihilizm: heçnəyin əhəmiyyəti, mənası yoxdur, həyat yaşamağa dəyməz.
Əlbəttə bunlar çox səthi və ümumiləşdirilmiş fikirlərdir. Gəlcəkdə hər birini ayrı-ayrılıqda detallı təhlil edəcəyik.
Tolstoyun depresiyasının, ümidsizliyinin və mənasızlığının əsas səbəbi ölüm idi. Ölüm hər şeyi yox edəcək və bütün bunların bir mənası qalmayacaq deyə düşünürdü. Özünü meşədə yolunu azmış bir insan kimi hiss edirdi. Bu mövzuda sistematik həll axtarıb, romanlarında olduğu kimi dolayı yollarla getmək əvəzinə bu kitabında konkret fikirlər, üsullar təqdim edib. Kitabın sonunda Tolstoyun gəldiyi nəticə, tapdığı məna mənə uyğun olmasa da və ya başa düşməsəm də, getdiyi yolu bəyəndim, çünki mən də bu yol ilə gedirdim. Tolstoy ilə özüm arasında oxşarlıq tapmağın verdiyi sevinci də sizinlə bölüşmək istərdim.
Bir neçə sahədə bu suala cavab axtarıb:
Elm
Tolstoy deyir ki, elm adətən səbəb-nəticə əlaqəsi üzərindən gedir. Bir hadisə baş veribsə elm bunun necə baş verdiyini izah edir. Elm daha çox maddəyə söykənir, bizim sualımız isə daha mücərrəddir. Elm hər şeyə konkret cavab verir, bizim sualdan başqa.
Fərd özünün mənasını tapmazdan əvvəl yaşadığı kainatı başa düşməlidir. Sonsuz zamanda, sonsuz məkanda, sonsuz zərrəciklərin içində bir neçə moleklulun bir araya gələrək yaratdığı insanın varlığını başa düşmək üçün ətraf mühiti başa düşmək lazımdır. Elm bizə burda kömək edir. Kainatı başa düşmək həm də özünü başa düşməkdir. İş burasındadır ki, elmin gəlib çatdığı nəticə mənasızlıqdır. Ağlımızın, mənəviyatımızın istədiyi nəticə elmdə deyil.
Kitab boyunca özünə və ətrafındakı yuxarı təbəqədəki insanları axmaq olaraq görür, beləliklə öz vicdanını az da olsa rahatladır.
Fəlsəfə — Ağıl
Kitabda müəllif bir neçə filosofun adını çəksə də əsasən Şopenhaurun təsirinə çox qapıldığını açıq-aydın görürük. Şopenhaurun depresiv fikirlərini mənimsəyərək hər şeyə ümidsizcə baxır. Sokratdan da sitatlar gətirir və deyir ki, fəlsəfədə tapdığım cavab budur: mən heçnə bilmirəm.
Fəlsəfə isə elmdən fərqli olaraq insanı mərkəzə qoyur. Özünü başa düşməyən insan ətrafını, bu kainatı da başa düşməyəcək deyir. Dekartın adını çəkməsə də onun sözlərini başqa formada ifadə edir: Ağıl həyatın yaradıcısıdır (Dekart isə deyirdi: düşünürəmsə varam). Ağıla sığmayan cavablar, suallar mənasızdır. Yaşamaq özü isə ağılla başa düşülmür, deməli yaşamaq özü mənasızdır və axmaqlıqdır.
Tolstoy başa düşmədiyi şeyi mənasız adlandırır. Mən bu hissə ilə tam razılaşmıram, bir şeyi dərk edə bilmiriksə və ya ümumiyyətlə bilmiriksə bu həmin şeyin axmaq olduğunu göstərmir. Sadəcə bilmədiyini qəbul etməlisən.
Müəllif deyir ki, səbəbsiz varlıq yoxdur, mütləq ki, var olmağımızın bir səbəbi olmalıdır. Bu səbəbi tapmayanda isə məyus olur.
Ömür boyu zəngilinik içində yaşayıb, hər zövqü aldıqdan sonra deyir ki, həzz üçün yaşamaq axmaqlıqdır. Həzz almaq pis bir şeydir.
Başlarda həyatın hamı üçün mənasız olduğunu deyirdi, daha sonra isə təkcə öz həyatının mənasız, başqaların isə həyatının mənasız olmadığını düşünür. Ümumbəşəri məna və fərdi məna arasında fərq olduğunu düşünür.
Qəribə formada həm ölümün hər şeyi mənasızlaşdırdığını deyir, həm da insanın həyatdan uzaqlaşıb ölümə yaxınlaşdığı zaman həqiqətə yaxınlaşdığını deyir (Sokrata əsaslanaraq).
Məna yoxdursa ağıl da yoxdur, bunu qəbul edə bilmir və məna yaratmağa çalışır, əks halda yaşamaq ağılsızlıqdır. Mənasızlıq və axmaqlığı eyniləşdirir, həqiqətən belədir?
İnsan həyatını mənasızlığını göstərən ən yaxşı hekayə Sizifin hekayəsidir. Uzun müddət sizifə (və ya özümə) yazığım gəlirdi. Bu sonu görünməyən əzabı davam etdirir, o daşı təkrar-təkrar dağa çıxarırdı. Tolstoy da özünün sizifə çevrildiyini görəndən sonra bu ümidsizlik çuxuruna düşüb. Bəlkə də sizif hər şeyin fərqindədir, bu fərqindəlik onda bir rahatlıq gətirib və ümid etmədən, məna axtarmadan bu monotonluqda həzz almağa başlayıb. Bəlkə də sizif hamımızdan daha xoşbəxt idi.
İnanc
Uzun illər boyu məna axtarışında olan Tolstoy sonda mənanı inancda tapır. Bu inam bizim başa düşdüyümüz formada olan dini inanc deyil, çünki öz ətrafındakı inanclı adamları, din adamlarını başa düşmür. Din uğrunda bir-birini öldürən insanları axmaq adlandırır. Yeniyetmə vaxtlarında ona öyrədilən inancdan tamam fərqli bir inanc formalaşdırır özündə. İnanc mənadır, ümidə olan inam mənalıdır, sevgiyə olan inam mənalıdır. Bizi yaşadan şey inanmaqdır, nə vaxtsa hər şeyin yaxşı olacağına dair inam, sualın cavabını tapacağıma dair ümid,inam və s.
Tolstoy tanrıya inanır. Başa düşməsə də, öz ağlına sığmasa da inanmağı seçir. Bunu kitabda dəfələrlə qeyd edir. Ağıla doğru hərəkət edəndə şübhəm artır, düşündükcə tanrıdan uzaqlaşıram deyir. Ən saf inancın kasıb kəndlilər arasında olduğunu düşünür. Fədakarlığın, əzabın həzzdən daha üstün olduğunu, insanın mənanı əzabda tapacağını vurğulayır. Eyni anda kəndlilərin cəhalətinə olan heyranlığını da gizlətmir. Cahillik xoşbəxtlikdir fikri ilə razılaşır, amma özü üçün artıq gecdir. Bildiyin şeyi bilməmək olmur. İnsan düşünməməlidir, yaşamalı, inanmalı, hiss etməlidir. Əcdadların, bəşəriyyətin ortaq müdrikliyi nəticəsində formalaşan inanca o da inanmalıdır.
Ağıl şübhəyə, bilməməyə aparır. Cavab isə əminlikdir, inam əlamətidir. Axtarışda olan şübhədədir, inananlar isə cavabı tapanlardır
Özü mənəvi əziyyət çəkdiyi üçün başqalarının əziyyət çəkməsi də ona mənalı görünür. Bir növ özünün bu əzabını cavab olaraq düşünür. Necə ki, Tolstoyu tapmaq mənə maraqlı, mənalı gəlir.
Gəldiyi 4 nəticə, çıxış yolu:
Cəhalət — bilməyənlər, düşünməyənlər, inananlar xoşbəxt olaraq yaşayacaq.
Epikurculuk — İnsan həzz, rahatlıq üçün yaşamalı, maksimum xoşbəxt olmağa çalışmalıdır.
Ölüm — Bu mənasızlıq ilə barışmayıb özünü öldürənlər, axmaq kimi yaşamağa davam etməyənlər. (Bununla qətiyyən razılaşmıram)
Zəiflik -Tolstoy özünü zəif olanlardan sayır, mənasızlığı qəbul edib, nəsə etməyə gücü çatmayanlar intihar etmədiyi üçün zəif sayılanlar.
Son söz
Tolstoyun düşüncələri, axtarışı və bu axtarışda olan yanaşması bizə göstərir:
Ən zəngin, ağıllı, yaradıcı insanlar da asanlıqla depresiyanın, neqativ fikirlərin təsirinə qapıla bilirlər. Əgər sən emosional olduğun üçün, asanlıqla ümidsizliyə qapıldığın üçün özünü günahlandırsansa buna ehtiyac yoxdur.
Sual, mövzu nə qədər mücərrəd olsa da axtarış yolu sistematik, planlı və dəqiq ola bilər.
Tolstoy öz mənasını 50 yaşından sonra tapıbsa deməli sən də nə vaxtsa cavab tapacaqsan. Ruhdan düşmə, cavabsızlığa məğlub olma.
Kitabı oxuyarkən öz düşüncə və suallarımı orda gördüm. Çox rahatladım, tək olmadığımı, bu axtarışın asan olmadığını gördüm. Tolstoyun tapdığı cavab, məna mənə çox uzaq görünsə də getdiyi yol mənimkinə çox oxşayır. Bilmək olmaz bəlkə mən də 50 yaşıma çatanda Tolsoyu başa düşəcək, onun cavabından mən də tapacağam.
Telegramda izlə: https://t.me/virtual_agac
Əvvəlki yazılar oxumaq istəyənlər üçün.
Məna axtarışı birinci hissə: https://medium.com/%40tunaynovruz/m%C9%99na-axtar%C4%B1%C5%9F%C4%B1-1-a74aa5785bff
Məna axtarışı ikinci hissə: https://medium.com/%40tunaynovruz/m%C9%99na-axtar%C4%B1%C5%9F%C4%B1-2-a5d3ffcb570e