Orijinal adı: Spring, Summer, Fall, Winter… and Spring (2003)
Təcrid olunmuş dağların, meşələrin ortasında olan gölün üstündə üzən bir məbəddə bir oğlan uşağı buddist rahib tərəfindən böyüdülür. Film 4 hissəyə bölünüb və uşağın böyüməsi və ardından yetkinliyə çatmasını göstərir. Sonda məlum olur ki, elə uşaq böyüyb çevrilib olacaq yaşlı usta rahib.
Yaz …
Uşaqlıq, bu hissədə qəhramanımız özünü və təbiəti tanımağa başlayır, yaşlı rahibdən bitkilərin sirrini, təbabəti öyrənir. İlk dəfə bir canlıya əziyyət verərək zövq almağı öyrənən uşaq bir balıq, qurbağa və ilana daş bağlıyıb təbiətə geri buraxır, onların çəkdiyi əziyyətdən zövq alır. Bunu görən rahib uşaq yatanda onun belinə ağır bir daş bağlıyır və uşağa tapşırır ki, gedib həmin heyvanları tapıb azad etsin, ancaq o vaxt özü də azad ola bilər. Heyvanlardan hansısa ölbüsə o daşı ömür boyu ürəyində daşıyacaqsan deyir… Rahibin uşağı öz üsulu ilə cəzalandırması əslində ona heyvanlara, canlılara qarşı empatiya hissini öyrətmə üsulu idi. Empatiya ilə öyrətmə insana vicdanlı olmağı öyrətməkdir, usta rahib uşağın yanında olmasa da uşaq o səhvi təkrarlamayacaq.
Yay…
Uşaq artıq böyüyüb və yeniyetmə olub, bu fəsil sevgi, qısqanclıq və sahiblənmə duyğusu ilə tanışlıqdır. Gəncimiz müalicə üçün yanlarına gələn gözəl bir qıza aşiq olur və ustasını, məbədi atıb qızın arxasınca gedir. Bu yerdə usta rahibin bu hadisə qarşısında təmkinli olmağı və oğlanın getməyinə mane olmaması, geri qaytarmağa çalışmaması, rahibimizin müdrikliyini və yetkinliyini göstərir. Çünki insanlar adətən gedirlər və biz adətən gedənləri heç cür bağışlaya ilmirik. Əşyaları sahibləndiyimiz kimi insanlara da sahib olmaq istəyirik hərdən. Sahiblənmək və həbs etmək, sanki eyni mənaya gəlir. Getmək, gedə bilmək azadlıqlıdır, bəlkə də gedənlərin azadlığını qısqandığımız üçün gedənləri həmişə vəfasız, sədaqətsiz adlandırırıq. Bəzi ruhlar azaddır, onları özümüzə həbs edə bilmərik. Bizi xoşbəxt hiss etdirdikləri üçün yanımızda saxlaya bilmərik. Bəlkə də onların xoşbəxtliyi elə getməklərindədir. Kinoda adamlar çox az danışırdılar, amma elə bilirəm rahibdən soruşsaydıq o da buna oxşar bir cavab verərdi.
Payız…
Gəncimizin gedişindən uzun illər keçib. Usta rahib öz tənhalığını bölüşmək üçün bir pişik gətirib yanına. Bu hissə maraqlı idi, nə qədər müdrik və yetkin olsanda tənhalıqla mübarizə aparmaq çətin işdir, heç olmasa adamın yanında gərək pir pişik olsun. Bir qəzetdən öyrənirik ki, məbədi atıb gedən gənc həmin qız ilə evlənib və üstəlik o qızı öldürdükdən sonra qaçıb. Getməyə heç biri yeri olmayan gənc ustasının yanına qayıdır və məlum olur ki, qız oğlanı atıb başqa birinə gedibmiş. Bu yerdə yadıma Rembrandtın sərsəri oğulun qayıdışı əsəri yadıma düşdü. Usta rahib oğlanı anlayışla qarşılayır və bağışlayır. Gəncimiz usta kimi olmadığı üçün qızın gedişi ilə barışa bilməyib. Öz əsəbini, hisslərini, peşmanlığını bir neçə ayinlə təmizləyəndən sonra polislər gəlib aparıralar.
Qış…
Həbsdən çıxan qəhramanımızı artıq yaşlınmış olaraq görürük elə düz həmin məbədin qapısında. Aradan uzun illər keçib və yaşlı rahib çoxdan təbiətə qovuşub. Ölməzdən əvvəl bildiyi hər şeyi bir dəftərə yazıb və oğlan üçün məbədə qoyub. Ustasının yazdıqlarını öyrənən və tətbiq edən həmin uşaq, artıq bizim üçün yeni yaşlı, usta rahibdir. Səbəbini tam başa düşməsək də, təxmin edirəm ki, etdiyi günahları yumaq üçün, yada ustasına son borcunu ödəmək üçün, belinə ağır bir daş bağlayıb, ustasının buddasını(heykəlini) götürən rahib, dağa dırmaşmağa başlayır. Bu soyuq havada, qarlı bir dağa dırmaşan rahibin çəkdiyi əziyyət mənə Sizif haqqında mifi xatırlatdı. Qısaca hekayə belədir: Sizif çiyininə ağır bir daş alıb, bir dağa dırmanır və zirvəyə çatmağa az qalmış daş əlindən düşüb geri qayıdır və bu hadisə dayanmadan təkrarlanır. Sizif sonzusluğa qədər bu cəzaya məhkumdur amma heç vaxt bundan şikayətlənmir. Bizim həyatımız da biraz sizifin həyatına oxşayır…
Və Yaz…
Tənhalığa, müdrikliyə yenicə alışmış rahibimizin yanında kimsəsiz bir uşaq qoyub gedirlər. Hər şey yenidən təkrarlanmağa başlayır, uşaq böyüyür, heyvanlara daşla əziyət verir və s.
Rahibin timsalında bir insan ömrünü sadə formada göstərən film idi, baxmağa dəyər…
Telegramda izlə: https://t.me/virtual_agac