Giriş
Bu yazıda hədəf qoyarkən sistematik yanaşma və strategiya haqqında danışacağıq. Təqdim olunan üsulu öz məqsədlərinizə, hədəflərinizə uyğunlaşdıra bilərsiniz.
Ümumi baxış: Əvvəl istəkləri(hədəf) təyin edəcəyik, sonra onları süzgəcdən keçirib, sıralayacağıq. Reallıqları nəzərə alaraq, seçim hovuzundan birini seçib, strategiyamızı təyin edəcəyik.
Aşbaz və ya şef (hansı olmalı?)
Hədəflər qutusu(ümumi xəritə)
Arzu ağacı
Özünü tanımaq prosesi
Hədəf piramidası(vaciblər ən yuxarıda)
Reallığı dərk etmək.
Strategiya və onun baxımı.
Karyera haqqında bir-iki qeyd
Bu yazı Tim Urban-ın karyera seçimi haqqında olan bloq yazısının tərcümə olunmuş, qısaldılmış və biraz da sadələşdirilmiş versiyasıdır. Bloqun linkini ən aşağıda qeyd etmişəm. Karyera seçimi haqqında düşünənlərə şiddətlə orijinal yazını oxumağı da tövsiyə edirəm.
Aşbaz vs Şef
Həyatımızda seçim edərkən, qərarlar verərkən ya aşbaz kimi davrana bilərik, ya da şef kimi.
Aşbaz - hazır reseptlərdən istifadə edərək yemək hazırlayır.
Şef - öz reseptlərini hazırlayır, özünə məxsus yeməkləri olur.
Aşbaz kimi davranmaq asandır, rahatdır. Bizə hazır təqdim olunan yollardan birini seçirik və bu əziyyətli olmur, çünki bizdən əvvəl hamı bu yolla gedib. Şef kimi davranmaq isə biraz qəlizdir. Hazır reseptlərdən xəbərdar olsaq da, öz yolumuzu, öz xəritəmizi özümüz hazırlamalıyıq. Şef olmaq çətin, yorucu və biraz da risklidir, çünki hazırladığımız yeməyin duzu çox ola bilər. Üstəlik şef olmaq çox vaxt aparır. Buna görə də həyatımızın bir çox addımında aşbaz kimi davranmaq məntiqlidir. Xüsusi, vacib qərarlarda isə şef kimi davranmaq bizim üçün ən yaxşısıdır. Nümunə: bazarlıq edərkən aşbaz kimi davranaraq, hamını izləyə bilərik. Karyeramızı seçərkən isə şef kimi davranmalıyıq, çünki bizim üçün hazır resept yoxdur. Olanlar da ya köhnəlib, ya da bizə uyğun deyil. Əgər siz öz vacib qərarlarınızda aşbaz kimi davransanız nəticələr sizin üçün ürəkaçan olmaya bilər. Resepti başdan yaratmağa ehtiyac yoxdur. Mövcud reseptlərdən fərqli inqrediyentləri seçərək, bir pazıl(puzzle) kimi öz reseptinizi yarada bilərsiniz. Bu yazıda şef olmağı seçsək bizi nələr gözləyir ondan bəhs edəcəyik.
Qeyd: Hədəf, istək, arzu sözləri bir-birinin əvəzləyicisi kimi işlədilir.
İstəklər və reallıqlar
Vaxtımızı və enerjimizi sərf edəcəyimiz hədəfləri diqqətli seçməliyik, çünki reallıqdan uzaq bir hədəf üçün çalışmaq vaxt və enerji itkisidir. Nümunə: 30 yaşında olan bir insan gimnast olmaq üçün biraz gecikib.
Seçdiyimiz hədəf həm reallığa uyğun olmalıdır həm də bizə xoş gələn (istədiyimiz).
Bu qutular bizim xəritəmizin əsası olacaq. Gəlin, birlikdə hər birini detallı təhlil edək.
Birinci addım - Arzu(hədəf) ağacı
İstəklər qutusuna ağlımıza gələn bütün hədəflərimizi, istəklərimizi yazırıq. Ən kiçikdən tutmuş ən fantastik arzularımıza qədər bu siyahıda olacaq. Arzularınızı qruplara ayırmaq, onların vacibliyini təyin edərkən işimizə yarayacaq. Mən buna "Arzu Ağacı" adını verdim.
Bu ağacın 5 əsas budağı var. Budaqlar bir insanın arzularının kökündə yatan bəzi səbəblərdir. Siz öz ağacınızı hazırlayarkən bəzi budaqları kəsə və ya əlavə edə bilərsiniz.
Şəxsi - Öz şəxsi dəyərlərinə əsaslanan istəklər (ehtiyaclar)
Praktiki - Ac qalmamaq ortaq hədəfimizdir. Bu budaq həm də reallıqları əks etdirir. Çox ütopik xəyalların arxasından getsək, bir də görəcəyik ki, ayın sonunda kira pulunu verə bilmirik.
Həyat tərzi - Sağlam olmaq, iş və şəxsi həyatın balansını qorumaq kimi istəklər bizim davamlılığımızı təmin edən şeylərdir. Hədəf qoyarkən bunları mütləq nəzərə almaq lazımdır.
Sosial - Başqaları tərəfindən qəbul edilmək, hörmət olunmaq, hətta başqalarının bizim yerimizdə olmaq istəməyini istəmək, cəmiyyətdən uzaqlaşdırılmamaq və s..
Əxlaqi - Vicdanını rahatladacaq, əxlaqi dəyərlərinə əsaslananlar. Nümunə: insanlara yardım etmək, ailəni təmin etmək və s.
İkinci addım - Süzgəcdən keçirmə
Bütün arzuları yazdıqdan sonra əlinizdə böyük bir siyahı olacaq. İndi isə biraz çətin mərhələ başlayır. Bu istəkləri həqiqətən özümüz istəyirik, yoxsa bizə çöldən yeridilib? Məsələn: Ev almaq, Ailə qurmaq və ya maşın almaq, dünyanı gəzmək kimi şablon arzular bizə cəmiyyətin(instagramın) yeritdiyi istəklərdir? Bu cür saxta arzuları təyin edib öz siyahımızdan çıxarmalıyıq. Təsəvvür edin ki, həyatınızın 10 ilini sərf edib özünüzə bahalı bir maşın alırsınız və aldıqdan sonra başa düşürsünüz ki, əslində bu sizin öz istəyiniz deyildi. Bu cür arzular adətən uşaqlıqdan bəri valideynlərimiz və ya ən yaxın dostlarımız tərəfindən bizə aşılanır və biz də bunu sorğulamadan özümüzünkü kimi qəbul edirik.
Uşaqlıq arzuları: Çox adam uşaq vaxtı həkim, polis, müəllim olmaq istəyir. Sonra böyüyür və uşaqlıq arzusunu həyata keçirmək istəyir. Bu çox zaman doğru yanaşma olmur. Bir insanın 8 yaşında arzuladıqları ilə 20 yaşındakılar tamam fərqli ola bilər (99%). Ona görə də uşaqlıq arzunuzun arxasından getməzdən əvvəl yaxşı götür-qoy edin və bunun həqiqi arzunuz olmağını dəqiqləşdirin.
Qorxu əsaslı: Gələcəkdə bütün texnologiya işləri əlimizdən alacaq, amma həkimlik əbədi ixtisasdır, qoy həkim olum. Bu cür yanaşma da xətalıdır, burda sizi idarə edən şey qorxudur. Sevmədiyiniz, maraqlı olmayan bir işə sırf qorxduğunuz üçün keçmiş ola bilərsiniz. Sadəcə qorxuya əsaslanaraq qərar vermək yaxşı deyil.
Sorğulamaq sizi bir az sarsa bilər. Kim olduğunuzdan, nə istədiyinizdən əmin olmadığınız bir hala keçə bilərsiniz. Təbriklər! Sizin üçün yeni mərhələ (level) açıldı. Hər şeydən şübhə etdikdən sonra seçdiyiniz arzu, karyera daha şüurlu, həqiqi özünüzə ən yaxın olacaq. İntuisiyanıza, məntiqinizə əsaslanaraq qərar verin. Qərar vermək, seçim etmək həm də digərlərindən imtina etməkdir. Bu, ağrılı prosesdir.
Üçüncü addım - Özünü tanımaq mərhələsi
Özünü tanımaq heç vaxt bitməyən bir yoldur, çünki zaman keçdikcə dəyişirik, həyata baxışımız, arzularımız da dəyişir. Hər kəsin özü haqqında bir fikri, təsəvvürü var. Özünü tanımaq mövzusuna bəziləri çox səthi yanaşır, bəziləri isə çox dərinə gedib, dərinlərdə itir. Hər şeydə olduğu kimi, burda da balansı qorumaq lazımdır. Hər şeyi dayandırıb, bir mağaraya çəkilib özünü tapıb, tanıyıb daha sonra geri qayıdıb, həyata davam etmək absurd və reallıqdan uzaqdır. İnsan paralel olaraq həm yaşayır, həm də özünü yavaş-yavaş tanıyır, özündə yeniliklər kəşf edir.
Arzularını, istəklərini sorğulamaq məhz özünü tanımaq prosesinin bir parçasıdır.
Sorğulamadan yaşayanlar "Özünü tanımaq asandır dağı"-da olanlardır. Elə ki, sorğulamaq başlayır, görürsən ki, əslində özünü o qədər də tanımırmışsan. Sanki nə istədiyini bilmirsən, bütün istəklərindən şübhə duymağa başlayırsan. Bu da bizi ekzistensial krizis dərəsinə sürükləyir. Bu dərə reallığı əks etdirmir, amma bir çox adam (mən də daxil) bu krizisdən əziyyət çəkir, özünü toparlayıb davam edə bilmir. Biraz vaxt keçir və görürsən ki, əslində vəziyyət o qədər də pis deyil. Hər şeydən şübhə etdikdən sonra istəklərini özün seçirsən. Beləcə özün haqqında olan düşüncələrin də formalaşır və diaqramdakı oxumuz yuxarı doğru meyillənir. Əlbəttə, bu həmişə yuxarı doğru olmayacaq, hərdən özünə suallar verəcəksən, hər şeyi sorğulayacaqsan, səhv yolda olduğunu düşünəcəksən. Bu normal haldır. Hamı bu prosesdən keçir.
Dördüncü addım - İstək piramidası
Siyahımızda (qutuda) qalan həqiqi hədəfləri, arzuları vacibliyinə görə sıralamağın vaxtı çatdı. Mən bunun üçün piramida formasını seçdim.
Zirvə - Piramidamızın ən yuxarısında ən vacib hədəfimiz (arzumuz) yerləşir. Bu bizim növbəti illərdə (aylarda) çatmaq istədiyimiz yeganə hədəfdir.
İkinci pillədə əsas prioritetlər yerləşir. Bu hədəflər, bizim əsas hədəfimizə xidmət edən, daha kiçik hədəflər və ya tamam başqa hədəflər ola bilər. Bu hədəflərə çatmaq üçün çox çalışmalıyıq. Buradakı siyahını da bacardığımız qədər qısa saxlayırıq (məncə maksimum 5 ədəd ola bilər).
Üçüncü pillədə isə lazım olan, çatmaq istədiyimiz çoxlu hədəflər yerləşir. Yuxarı pillələrə yazmadığımız arzuları bura yazırıq.
Ən aşağı pillə isə ən az vacib olan, alınmasa da olar, dediyimiz arzuları yazırıq. İnstagramda görüb istədiyin, amma alınmasa heçnə olmaz, dediyin. Məsələn: Məşhur olum, hamı məni tanısın arzusu digərlərinə nisbətən yüngül bir arzudur. Bunu ən aşağı pilləyə yazırıq (yəni ertələyirik).
Zibil qutusu - Həyatına, ailənə, karyerana ziyan vuracaq təhlükəli arzularındır. Bu istəklərlə həmişə mübarizə aparmalı olacaqsan.
Beşinci addım - Reallığı dərk etmək
Əlimizdə olan imkanları, olduğumuz mühiti, şəraiti nəzərə alaraq hərəkətə keçmək, seçim etmək vacibdir. Rəsm çəkmək bacarığı olmayan bir insan özünə "dahi bir rəssam olmaq" hədəfi qoyursa, ya özünü tanımır, ya da reallıqdan uzaqdır. Heç vaxt çata bilməyəcəyimiz xəyallar qurmaq hamımızın vərdişidir. Məsələn: Dostlarla kosmik gəmidə nərd oynayarkən qəlyan çəkmək.
Xəyalları, arzulardan və hədəflərdən ayırd etməyi bacarmaq lazımdır.
Reallığı başa düşmək üçün verməli olduğumuz bəzi suallar:
Hazırda hansı resurslarım var? (bilik,təcrübə, vaxt, pul, sağlamlıq)?
Güclü və zəif tərəflərim nədir?
Bacarıqlarım nədir? (həqiqi potensialım nədir?)
Hədəfə gedən yolun harasındayam?
Mənim buna çatmağım mümkündür?
Yemək və kirayə üçün pulum varmı?(olacaqmı?)
Bu cür suallar sizə hazırkı vəziyyəti, reallığı görməyə kömək edəcək. Beləcə fantastik, mümkünsüz hədəfləri seçim hovuzundan çıxaracaqsınız.
Praktika, strategiya və onun davamlılığı
Seçim hovuzu: İstəklərimizi(hədəflərimizi) süzgəcdən keçirdik və imkanlarımızın reallığını təyin etdik.Beləcə, seçim hovuzu özü yaranır. Reallığa uyğun olan istəklərimiz bizim seçim hovzumuzdur. Riyazi dildə desək istəklər çoxluğu ilə reallıqlar çoxluğunun kəsişməsi bizim seçim hovuzumuzu yaradır.
Təcrübə: Hədəfimizi seçdikdən sonra, bu hədəfə çatmaq üçün öz yol xəritəmizi, addımları təyin edirik və hərəkətə keçirik. Hər kəsin özünəməxsus yanaşması olacaq. Əsas olan öz strategiyamızın baxımı və davamlılığıdır. Böyük hədəfə gedən yolda çatdığımız kiçik zirvələrdə dayanıb, öz yanaşmamızı, nəticələri təhlil edib, öyrəndiklərimizlə strategiyamızı formalaşdırırıq, buna deyirlər təcrübə.
Təkmilləşmə: Zaman keçdikcə istəklərimiz, arzularımız da dəyişəcək. Arzularımız bizi əks etdirən aynalardır. İstəklər qutusu mütəmadi olaraq dəyişəcək. Bəzi istəklər köhnəlib öz mahiyətini itirəcək, bəziləri isə qutuya yeni daxil olacaq.
Öyrənmə: Öz yolumuzda davam edərkən reallıqlar, ətraf mühit dəyişəcək. Ətrafımızdakı dünya dəyişdikcə biz də buna adaptasiya olmalıyıq. Bunun üçün öyrənmək, xəbərdar olmaq lazım gələcək və öyrəndikcə reallıqlar qutusunu da tənzimləyəcəyik.
Teleqramda izləmək üçün: https://t.me/virtual_agac
Karyera seçimi niyə vacibdir?
Sərf etdiyimiz vaxt - az qala ömrümüzün yarısını sərf ediriksə, deməli aşbaz yox, şef olmalı olduğumuz bir mövzudur.
Həyat keyfiyyəti - karyera həyatınızın hər bir sahəsinə təsir edir. İşdən geriyə qalan şəxsi həyatınıza, mental salamlığınıza, ailə həyatınıza, maddi vəziyətinizə, asudə vaxtınıza və s.
İmpact (təsir) - Gördüyün iş insanlara təsir edir. Hər kəs, kiçik bir işdə çalışan insan belə başqalarının həyatına toxunur. Gördüyünüz iş sizin dünyaya olan impact-inizi göstərir.
Kimlik - Gördüyünüz iş həm də sizin kimliyinizi əks etdirir. İnsanlar sizdən kim olduğunuzu soruşanda deyirsiniz ki, həkiməm, amma tibb ilə məşğul oluram demirsiniz. Yəni gördüyünüz iş və kimliyiniz arasında cəmiyyətdə əlaqə yaranır. Əlbəttə bu müzakirəli mövzudur, amma reallıq belədir. Sevmədiyi, bacarmadığı işdə çalışanlar kimlik böhranı keçirir.
Yazının əslini(ingilis dilində) oxumaq üçün: https://waitbutwhy.com/2018/04/picking-career.html
Şəxsi inkişafla bağlı yazdığım digər yazılara da baxa bilərsiniz: